İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi Kremldən "təhlükəsizlik təminatı" gözləyir: Əvəzində isə Rusiyaya yenə də Ukrayna təklif olunur

Kremlin "qoca qitə"yə hücum planının olmadığına tam təminat verilərsə, Fransa da daxil olmaqla, Avropa Birliyi tam tərkibdə Ukraynanı Rusiyaya təslim etməyə hazırdır... Belə anlaşılır ki, Qərb öz maraqları naminə tərəfdaşlarını "satmağa" həmişə hazır olma vərdişlərini Ukraynanın timsalında növbəti dəfə təsdiqləmək niyyətinə düşüb...

Ukrayna savaşı ətrafında yaranmış situasiya qəlizləşməkdə davam edir. Belə ki, hazırda Rusiya əleyhinə düşərgədə olduqca ciddi ziddiyyətlərin mövcudluğu müşahidə edilir. Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ-ın mövqeyi Avropa Birliyinin narrativlərindən ciddi şəkildə uzaqlaşmağa başlayıb. Avropa Birliyinin daxilində ön plana keçən Rusiya xofunun əsas səbəbi də məhz bu önəmli faktorun təsirindən qaynaqlanır. Və bu baxımdan, ABŞ-ın hazırda Avropa Birliyi ilə eyni Rusiya əleyhinə düşərgədə yer alması müəyyən mənada, formal xarakter daşıyır.

Onu da qeyd etmək lazımdır ki, kollektiv Qərbin üzləşdiyi ziddiyyətlər yalnız bunlarla məhdudlaşmır. Ukrayna ilə sərhəd təması olan Şərqi Avropa ölkələri hazırda öz gələcək mövcudluq perspektivlərindən narahat olduqlarını qətiyyən göstərmirlər. Xüsusilə də, Ukrayna savaşından sonra Rusiyanın öz itkilərini bərpa edərək, Şərqi Avropa ölkələrinə hücum edə biləcəyi ilə bağlı mülahizələr Qərb siyasi dairələrində ciddi narahatlıq qaynağına çevrilib. Və bu barədə Avropa Birliyi daxilində hazırlanmış hesabatlar "qoca qitə" ölkələrini Rusiya ilə müharibə ehtimalına fokslandırıb.
Məsələ ondadır ki, Avropa məkanında ABŞ-ın "təhlükəsizlik çətiri"nin əvəzlənməsinə yönəlik planlar hazırda ciddi müzakirə mövzusudur. Hətta Avropa Birliyi yaxın gələcəkdə NATO-nun belə, ABŞ-ın iştirakı olmadan yenidən qurulması ilə bağlı variantlara hazırlaşmağa başlayıb. Və bu, ABŞ-Avropa Birliyi münasibətlərinin daha da korlanma ehtimalını aktual saxlayır.

938fdd61b9fa6bd7eb233783dd3edf58.jpg (89 KB)

Digər tərəfdən, Tramp adminstrasiyası Avropa Birliyini Rusiyanın "qoca qitə"yə hücum etmək niyyətində olduğuna inandırmağa çalışsa da, Ağ Evdən bu barədə təminat verilməsi tələb olunur. Üstəlik, NATO-dan verilmiş son açıqlama da Rusiyaya xəbərdarlıq mesajı xarakteri daşıyır. Belə ki, bu hərbi-siyasi alyans Avropa ölkələrinə, o cümlədən, Polşaya hərbi müdaxilə ediləcəyi təqdirdə, buna dağıdıcı reaksiya veriləcəyini qabardıb. Və bu, o deməkdir ki, Ukrayna böhranı ucbatından daha qlobal savaş təhlükəsi öz aktuallığını hələ də qoruyub, saxlayır.

Ancaq bütün bunlara baxmayaraq, Avropa Birliyinin daxilində də ciddi ziddiyyətlər mövcuddur. Belə ki, bəzi Avropa ölkələri Rusiyaya qarşı aqressiv ritorikanın yumşaldılmasının vacibliyini qabardırlar. Ona görə də, hazırda Avropa Birliyinin diplomatiya rəhbəri Kallasın müharibəyə bağlı sərt mövqeyi narazılıq doğurur, onun rəhbərlik tərzi tənqid edilir. Belə qənaətlər mövcuddur ki, Kallasın Rusiya ilə savaş ritorikası Avropa Birliyinin rəsmi mövqeyinə zidd situasiya yaradır.

Halbuki, rəsmi Varşava Rusiyanın savaş planlarına laqeyd yanaşılmasının yaxın gələcəkdə ilk növbədə Polşanı real təhlükə qarşısında buraxa bilər. Bu Şərqi Avropa ölkəsinin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Dariuş Lukovski isə Rusiya ilə müharibə baş verəcəyi təqdirdə, Polşa cəmisi 14 gün müdafiə oluna biləcəyini vurğulayıb. Və bu səbəbdən də, Polşa Rusiyaya qarşı sərt ritorikanın yumşaldılması ilə bağlı çağırışları təhlükəli yanaşma tərzi hesab edir.

Trampın “Ukrayna planı” Kremlə baha başa gəlir: Rusiya Avropa Birliyini  qorxutmalı, Çini isə...

Avropa Birliyi daxilində Rusiya qarşısında geri çəkilmə meyilləri isə artmaqdadır. Hər halda, Fransa, İtaliya və İspaniya Ursula fon der Lyayenin təklif etdiyi "Avropanın yenidən silahlandırılması" planını dəstəkləməyib.Bu ölkələrin hakimiyyətləri genişmiqyaslı xərcləri qarşılaya bilməyəcəklərindən ehtiyatlanırlar. Çünki Avropa Komissiyası yaxın dörd il ərzində "qoca qitə"nin müdafiəsinə 800 milyard avro xərcləməyi təklif edirdi. Və bu təklifin dəstək qazanmamasında ABŞ-ın Avropa Birliyini "nüvə çətiri"ndən məhrum etməyəcəyi ilə bağlı qapalı qapılar arxasında verdiyi təminatın da xüsusi rolu olduğu bildirilir.

Digər tərəfdən, Avropa Birliyi ölkələrinin Ukraynaya qoşun göndərmək ideyasından tədricən imtina edərək, rəsmi Kiyevə alternativ dəstək variantlarına üstünlük verməyə çalışacaqları barədə də artıq müəyyən məlumatlar mövcuddur. Halbuki, bu ideyanın əsas müəlliflərindən olan Fransa prezidenti Emmanuel Makron vurğulanıçdı ki, Qərbin Ukraynaya göndərmək istədiyi "sülhməramlı qüvvələr", onlara hücum edildiyi təqdirdə, hərbi cavab reaksiyası vermək hüququna malik olmalıdır. Və bu ideya indi NATO-Rusiya müharibəsinə səbəb ola biləcək variant kimi dəyərləndirilməyə başlanıb.

Maraqlıdır ki, Avropa Birliyi daxilində ön plana keçməkdə olan bu narrativ əslində, Rusiyanın mövqeyi ilə üst-üstə düşür. Belə ki, Kreml Qərbin Ukraynada "sülhməramlı hərbi kontingentiları" yerləşdirmək ideyasına aqressiv şəkildə qarşı çıxır. Kreml Qərb siyasi dairələrinə sərt şəkildə xəbərdarlıq edir ki, bu, Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurmaya gətirib, çıxara bilər. Və belə qarşıdurma isə istənilən halda, qlobal savaş təhlükəsi vəd edir.

Göründüyü kimi, Qərb düşərgəsində ziddiyyətlər artıq şaxələnərək, idarəolunmaz istiqamətlər almağa başlayıb. Çünki bir müddət öncəyə qədər Ukraynaya savaşın sonunadək hərbi dəstək vəd edən Avropa Birliyi artıq tədricən geri çəkilmək üçün yollar axtarır. Belə anlaşılır ki, Kremlin "qoca qitə"yə hücum planının olmadığına tam təminat verilərsə, Fransa da daxil olmaqla, Avropa Birliyi tam tərkibdə Ukraynanı Rusiyaya təslim etməyə hazırdır. Və bu, Qərbin öz maraqları naminə tərəfdaşlarını "satmağa" həmişə hazır olduğunu növbəti dəfə təsdiqləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR