İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi Ermənistana “atıb” - milyardlar üçün şərtlər

Ekspert: “Ermənilər Avropa bazarında ancaq badımcan kürüsü sata bilərlər”

Ermənistanın  baş naziri Nikol Paşinyan və komandası belə bir təsəvvür yaratmağa çalışır ki, Avrasiya İqtisadi Birliyindən çıxıb Avropa Birliyinə (AB) üzv olduqdan sonra Ermənistan “iqtisadi cənnət”ə düşəcək. AB-dən gözlənilən görünməmiş investisiya bumu, iqtisadiyyatın, xüsusilə ixracatın sürətli artması, enerji müstəqilliyinə nail olunması “cənnət obrazları” kimi təqdim olunur. 

Bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr Avropanın bu vədlərinin havayı olmadığını bildirir:  “2021-ci ilin yayında Paşinyan və komandası AB-nin 2.6 milyard avroluq misli görünməmiş dəstəyini açıqladılar. Bunun bir hissəsi ianə, digər hissəsi isə kredit şəklində verilməli idi. Amma izah olunmadı ki, dəstəyin hansı hissəsi kreditlər, hansı hissəsi isə sadəcə, AB-nin hədiyyəsidir. Bununla belə, diqqətçəkən bir fakt var: bəyanatın mətnində Ermənistana 2.6 milyardın verilməsi ilə bağlı heç bir öhdəlik və ya vəd yoxdur. Avropa Birliyi və 2.6 milyard? AB isə indiyədək cəmi 1.6 milyard verməyə hazır olduğunu bəyan edib, amma birdən yox, 5 il müddətində. İndi hansı investisiya bumundan danışmaq olar?

Nəhayət,  Paşinyan Rusiyanın enerjidaşıyıcılarından asılı olan AB-nin köməyi ilə enerji müstəqilliyinə necə nail olacaq? Avropa inflyasiyaya təkan verən və iqtisadi inkişafı yavaşladan enerji böhranı bataqlığındadır. AB ölkələri əhalini və sənayeni dəstəkləmək üçün 750 milyard avrodan çox vəsait xərcləyib. Ukraynadakı müharibəyə və Rusiyaya qarşı sanksiyalara baxmayaraq, Avropa öz tələbatının 40 faizini Rusiya tədarükləri ilə ödəyir. Bundan əlavə, AB-yə üzvlük üçün xüsusilə korrupsiyaya qarşı mübarizədə genişmiqyaslı islahatlar həyata keçirmək lazımdır. Baş naziri hökumətin iclasında korrupsiyaya qarşı mübarizədə uğursuzluğa düçar olduqlarını və “ölkədə hər kəs rüşvət alır” deyən ölkəni AB qucaq açaraq qarşılayacaq? Ermənistana belə gözəl vədlərin verilməsində yeganə məqsəd odur ki, Rusiyanın regiondakı maraqlarına ölkəmizdən zərbə vurmağa cəhd edirlər".

Fikrət Yusifov İctimai Nəzarət Mərkəzinin icraçı direktoru seçilib » Öndər  TV - İnternet televiziyası

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a erməni iqtisadiyyatının son illərdəki durumu barədə heç yerdə getməyən faktları açıqladı: “Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxıb Avropa Birliyinə üzv olmaqla "iqtisadi cənnət"ə düşəcəyi barəsindəki söz-söhbət növbəti erməni yalanından başqa heç nə ola bilməz. Zamanında dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq mifini də, Qarabağdakı torpaqlarımıza ilk erməni ailəsinin 1828-ci ildən sonra gəlməsinə baxmayaraq, bu torpaqlarda ermənilərin min illərlə yaşadıqları barədə yalanları da bütün dünyaya belə həyasızlıqla tirajlayıblar. İndi də növbəti erməni yalanını tirajlamağa başlayıblar. Ermənistan iqtisadiyyatının Rusiyadan qopub, Avropaya iqtisadiyyatına inteqrasiya etməsi üçün ilk növbədə bu iqtisadiyyatın Rusiya iqtisadiyyatından asılılığını aradan qaldırmaq lazımdır. Ancaq necə? Bu gün Ermənistan iqtisadiyyatı birbaşa və dolayı yolla 80%-ə qədər Rusiyanın nəzarətindədir. Bu gün Ermənistan məhsullarının bir saylı satış bazarı Rusiyadır. Rusiyanın hərtərəfli dəstəyindən, güzəştlərindən istifadə edərək nəfəs alan Ermənistan yüksək standartların mövcud olduğu, rəqabətin son həddə çatdığı Avropa bazarında nə edə bilər? Ermənilər bu bazarda, obrazlı desək, ancaq badımcan ikrası sata bilərlər. Bu gün Rusiyadan güzəştli şərtlərlə qaz, elektrik enerjisi və digər strateji məhsullar alaraq yaşayan Ermənistan, sabah bunların hamısından məhrum olarsa, Avropa bazarında nə edə biləcək? 

Ermənistan hökuməti son dövrdə iqtisadiyyatın sürətlə inkişaf etməsi haqqında miflər yaradaraq həm öz xalqını və həm də bütün dünyanı aldatmaqla məşğuldur. Heç şübhəsiz ki, bu yalanların yaratdığı eyforiya ilə növbəti yalanları tirajlamaq qərarı veriblər. Ancaq unudurlar ki, belə yalanlarla yalnız Avrasiya İqtisadi Birliyində qalıb fəaliyyət göstərmək mümkündür. Belə yalanlara Avropa Birliyində ayaq açdırmaq mümkün olacaqmı? 

Baxın, 44 günlük müharibədə ağır məğlubiyyətə düçar olmuş, ordusu darmadağın edilmiş, daxilində siyasi çəkişmələr pik həddə çatmış bir ölkədə iqtisadiyyatın çox az zaman kəsiyində bu qədər sürətlə inkişaf etməsi mümkündürmü?

Bu ölkənin iqtisadiyyatında son 3 il 7 ay ərzində qeydə alınan “yüksəliş” ilk növbədə xarici ticarət dövriyyəsinin ağıla sığmayan bir sürətlə artması nəticəsində baş verib.  Belə ki, 2020-ci ildə Ermənistanın ixracı 2537,0 milyon, 2021-ci ildə 3016,0 milyon, 2022-ci ildə 5419,1 milyon, cari ilin 7 ayı ərzində isə 3843,6 milyon ABŞ dolları təşkil edib. Bu ilin sonuna ixracın həcminin 6590,0 milyon ABŞ dollarına çatacağı gözlənilir ki, bu da 2020-ci illə müqayisədə 2,6 dəfə (ötən ilin eyni dövrü ilə müqayisədə 162,1%) artım deməkdir. Eyni qayda ilə idxalın həcmi 2020-ci ildə 4564,0 milyon, 2021-ci ildə 5362,2 milyon, 2022-ci ildə 8775,9 milyon, cari ilin 7 ayı ərzində 6534,0 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 163,0%) təşkil edib. Cari ilin sonuna idxalın həcminin 11200,0 milyon ABŞ dollarına çatacağı gözlənilir ki, bu da 2020-ci illə müqayisədə 2,5 dəfə artım demək olacaq".

Sabiq nazir bir maraqlı faktı da vurğuladı: “Burada daha maraqlı bir fakt Ermənistandan Rusiyaya ixracın son bir neçə ildə görünməmiş sürətlə artmasıdır. Belə ki, əgər Ermənistandan 2021-ci ildə Rusiyaya cəmisi 840,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilmişdisə, 2022-ci ildə bu rəqəm 3 dəfəyə qədər artaraq 2462,8 milyon ABŞ dolları təşkil edib. Bu ilin sonuna Ermənistandan Rusiyaya ixracın həcminin 2020-ci illə müqayisədə 4 dəfədən çox artaraq 3470,0 milyon ABŞ dollarına çatması gözlənilir.

Nə baş verir? Gerçək olan budur ki, Ermənistan iqtisadiyyatındakı “yüksəliş” Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu ölkənin fantastik sürətlə artan idxal və ixracının hesabına əldə olunur. Daha dəqiq desək, əgər Ermənistan iqtisadiyyatı 2022-ci ildə 2020-ci illə müqayisədə 5,8 milyard ABŞ dollar artmışdısa, həmin dövrdə bu ölkədə idxal və ixracın həcmi də eyni səviyyədə - yəni 5,8 milyard dollar artıb.  Düşünürəm ki, göstərdiyimiz bu əlahəzrət faktlardan sonra əlavə şərhə ehtiyac qalmır.    

Amerika Birləşmiş Ştatları başda olmaqla, Qərbin Rusiyaya və ilk növbədə onun hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar Rusiya bazarında bir çox məhsulların, o cümlədən hərbi sənaye üçün lazım olan elektrotexnika və digər məhsulların ciddi çatışmazlığını yaradıb. Təbii ki, bu yerdə Ermənistan Rusiyanın “köməyinə” gəlib. Yəni Ermənistan artıq iki ilə yaxındır ki, Rusiyaya lazım olan həmin strateji məhsulları xaricdən öz ölkəsinə idxal edib, sonradan onları müxtəlif digər məhsul adları altında Rusiyaya ixrac etməklə məşğuldur. 

Bu yalanlarla Avropa Birliyi ölkələrinin iqtisadi müstəvisində nə etmək olar? Yəqin ermənilərin yalan arsenalında Avropa İttifaqını da aldatmaq üçün nələrsə işlənib hazırlanıb. Tarixi abidələri saxtalaşdırıb öz adına çıxan, özgə torpaqlarına “qədim yazılar” və “qədim erməni əşyaları” basdırıb sonradan onları aşkar edərək "bu torpaqlar bizimdir" deməyi bacaran, qanı, iliyi yalanla yoğrulmuş bir xalqın utanmadan Avropanı aldatmağa cəhd edəcəyinə şübhəm qalmır..."

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR