Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) ABŞ-ın hərbi dəstəyi olmadan öz təhlükəsizliyini təmin etmək üçün 300 min hərbçini səfərbər etməli və müdafiəyə illik 250 milyard avro əlavə vəsait ayırmalıdır.
Musavat.com xəbər verir ki, bu barədə "Bruegel" analitik mərkəzinin araşdırmasında bildirilir.
Hesabatda qeyd olunub ki, əgər ABŞ Avropaya hərbi dəstəyini dayandırarsa, Aİ 50 əlavə briqada yaratmalı, ən azı 1 400 yeni tank və 2 000 zirehli transportyor almalıdır. Bu, hazırda Almaniya, Böyük Britaniya, İtaliya və Fransanın quru qoşunlarının ümumi texnika sayından çoxdur. Bundan əlavə, Aİ hər il 2 000 uzunmüddətli uçuş qabiliyyətinə malik PUA istehsal etməyə məcbur olacaq.
Yeni silahların alınması və əlavə qoşunların yaradılması üçün Aİ ölkələri hərbi xərclərini ÜDM-in 3,5–4%-dək artırmalıdır. Bu halda, Almaniyanın hərbi büdcəsi hazırkı 80 milyard avrodan 140 milyard avroya yüksələrək ÜDM-in 3,5%-nə bərabər olacaq.
Mütəxəssislər Avropa üçün əsas problemin hərbi koordinasiya çatışmazlığı olduğunu bildirirlər. ABŞ ordusu vahid komandanlıq altında fəaliyyət göstərdiyi halda, Aİ ölkələrinin silahlı qüvvələri əsasən milli dövlətlərin idarəçiliyi altındadır.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ