Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının müdafiə-sənaye strategiyasının tam inkişafı üçün Avropa Komissiyasının (AK) ilkin olaraq bu məqsədlər üçün nəzərdə tutduğu qədər - 100 milyard avro lazımdır.
Musavat.com xəbər verir ki, bu barədə “Saab” hərbi-sənaye konserninin baş direktoru Maykl Yohansson “Financial Times” (FT) nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa müdafiə sənayesinin konsolidasiyası prosesinin gedişi Aİ-nin Avropa üçün ciddi müdafiə sənayesi strategiyası üzərində razılığa gələ bilib-bilməyəcəyindən asılıdır:
“Əgər əhəmiyyətli məbləğlərdən danışılısa, bu, əməkdaşlığa və birgə müəssisələrin yaradılmasına təkan verəcək. Əgər ölkələr bir araya gələrək eyni tələblərə sahib olduqlarını və birlikdə satınalma etmək istədiklərini açıqlasalar, bu, həcmləri o qədər artıracaq ki, heç bir silah istehsalı şirkəti bunu təkbaşına edə bilməz”.
FT qeyd edir ki, Parisdə yerləşən Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (IRIS) hesablamalarına görə, Ukraynada münaqişənin başlanmasından sonra bir il ərzində Aİ ölkələri tərəfindən elan edilən müdafiə alışlarının demək olar ki, 80 faizi xarici istehsalçılardan alınıb. Təchizatların üçdə ikisini Amerika silah və hərbi texnika istehsalçıları təmin etməli olacaq.
Yohanssonun fikrincə, Avropa ölkələri AK-nin təşəbbüsü ilə baş vermiş “paradiqma dəyişikliyini” və “Birləşmiş Ştatlardan müstəqil” hərəkət etmək zərurətini tanımalıdır.
Martın əvvəlində AK Aİ-nin nəzarəti altında icma ölkələrinin ümumi hərbi sifarişlərinin və investisiyalarının Aİ daxilində edilməsi üzrə ilk strategiyanı təqdim edib. Ukraynanın ən qısa zamanda bu proqrama inteqrasiyası gözlənilir.
Brüssel 2025-ci ildən 2027-ci ilə qədər sənayenin sürətləndirilmiş hərbiləşdirilməsi üçün Aİ büdcəsindən 1,5 milyard avro ayırıb. Halbuki planlaşdırmanın ilk mərhələsində Avropa hərbi sənayesinin tədricən birləşdirilməsi, onun Aİ üzv dövlətlərinin nəzarətindən çıxarılması və Avropa Komissiyasının nəzarətinə verilməsi üçün 100 milyard avro nəzərdə tutulurdu. Ehtimal olunur ki, 2030-cu ilə qədər üzv ölkələr birlikdə silahların 40 faizini sifariş edəcək və hərbi büdcənin ən azı 50 faizini ittifaq ərazisində xərcləyəcəklər.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ