İnsanlara hürriyət, millətlərə istiqlal!

ATU-da Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir

Bu gün Azərbaycan Tibb Universitetində Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının təşkilatçılığı ilə “Könüllülük hərəkatının səhiyyə sektorunda rolu: mövcud reallıq və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Musavat.com xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konfransda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd qlobal səhiyyə sistemində rast gəlinən çətinliklərin aradan qaldırılmasında könüllülük hərəkatının daha aktiv iştirakını, münaqişə və fövqəladə hallar zamanı tibb xidmətinin ən yüksək səviyyədə təşkili üçün doğru və innovativ yanaşmanın tətbiq olunmasını təmin etmək, post-müharibə dövründə həssas təbəqə üzvlərinin tibb xidmətlərinə əlçatanlığına nail olmaq, eləcə də həkimlərin könüllü əsasda aksiyalar və tibbi təşəbbüslərlə çıxış etməsinə təkan verməkdir. Bu xüsusda ayrı-ayrı dövlətlərin könüllü həkimlər təşkilatları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq, müharibə və fövqəladə hallarda birgə işləyərək planetimizin sağlam gələcəyinə dəyərli töhfələr vermək əsas amaldır.

Konfransda Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) rəhbəri, ATU-nun Ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oqtay Mehdiyev çıxış edib.

“Regionlarımızda təşkil edilən aksiyalar zamanı və sosial şəbəkə hesablarından olunan müraciətlər əsasında şəhid ailə üzvlərinin və qazilərin stomatoloji yardımlara ehtiyac duyduğunu hiss etdik və dərhal yeni bir layihəyə start verdik”, - deyə AKHA rəhbəri bildirib.

O əlavə edib ki, 100-dən çox şəhid övladına breket müalicəsi və digər stomatoloji prosedurlar həyata keçirilib: “Bizə müraciət edən 2 mindən çox həssas təbəqə üzvünə 350-dən çox dental implant, 100-dən çox şəhid övladına isə breket müalicəsi və digər stomatoloji prosedurlar həyata keçirilib”.

Könüllü həkim, stomatoloq Amil Balayev isə deyib ki, könüllü həkimlərimiz canlarından keçərək xalqımızın övladlarının, qazilərimizin sağlamlığı keşiyində mükəmməl şəkildə dayanıblar:

“Könüllü həkimlərimizin mürəkkəb bir şəraitdə öz peşəsini yerinə yetirməsi, ən qaynar nöqtələrdə - arxa cəbhədə iştirak etməsi həqiqətən də peşələrini ali səviyyədə təmsil etməsinin bariz nümunəsidir”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR