İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atom naziri”ndən Xruşşova qeyri-adi təklif – “Mən nüvə silahını Kremlə gətirə bilərəm...”  

SSRİ-də Orta Maşınqayırma Nazirliyi 1953-1989-cu illərdə fəaliyyət göstərib. Nazirlik nüvə sənayesinin idarə edilməsi, nüvə başlıqlarının istehsalının təmin olunması funksiyasını daşıyıb və tam məxfi şəraitdə işləyib. Fəaliyyət göstərdiyi 36 il ərzində quruma dörd nazir rəhbərlik edib. Onlardan ən uzunömürlüsü isə Yefim Slaviski olub. O, 1957-ci ildən 1986-cı ilə qədər, düz 30 il nazir vəzifəsini daşıyıb.

Son dərəcə ciddi və tələbkar olan Slaviski həm də güclü yumor hissinə malik olub. Hətta bəzən sovet liderlərinin cavabını da yumorla verib. 1959-cu ildə Nikita Xruşşovun kabinetində məhdud bir dairədə nüvə sənayesinin vəziyyəti müzakirə olunanda Slavski sovet lideri qarşısında hesabatla çıxış edib, görülmüş işlərdən, gələcək layihələrdən danışıb. Xruşşovun uzun-uzadı məruzəni dinləməyə səbri çatmayanda Slavsikinin çıxışını yarımçıq kəsib:

-Yoldaş Slavski, bir az konkret danışın, uzatmayın məsələni.

ce81aaae8d568fd60204feb4151a080f.jpg (114 KB)

Xruşşovun məruzəyə bu cür hörmətsiz yanaşmasını Slavski özünə qarşı hörmətsizlik kimi qəbul edib və onun cavabını qeyri-adi təkliflə verib:

-Nikita Sergeyeviç, mən siz istədiyinizdən də daha qısa və konkret danışa bilərəm. Amma mənə bir saat vaxt verin, mən atom bombasını Kremlə gətirə bilərəm, əyani şəkildə işimizin nəticəsini sizə təqdim edərəm.

Xruşşov əlini yelləyərək naziri “sakitləşdirib”:

-Buna ehtiyac yoxdur. Mən sizin işinizə bələdəm. Nazirlik üçün nə lazımdırsa sənədləri göndərərsiniz.

Bəli, Slavskinin işinə heç kim kölgə sala bilməyib, nə Stalin, nə Xruşşov, nə Brejnev, nə də sonrakı sovet liderləri.  Elə buna görə də onu əvəzolunmaz “Atom naziri” adlandırıblar.

1898-ci ildə Ukraynanın Makeyevka şəhərində anadan olan Slavskinin uşaqlıq illəri yoxsulluq və ehtiyac içində keçib. Bu səbəbdən də o,  imkanlı fermerlərin təsərrüfatlarında çobanlıq edib. Natamam orta təhsil aldıqdan sonra isə zavodda sıravi fəhlə kimi işə düzəlib.

Slavski 1917-ci il inqilabından sonra bolşevik partiyasına üzv olub. Vətəndaş müharibəsi başlananda ordu sıralarına daxil olub. 1928-ci ilə qədər orduda xidmət edib. Nümunəvi xidmətinə görə Semyon Budyonıdan adı üstünə həkk olunmuş qılıncla mükafatlandırıb. Amma o, gələcəyini hərb sahəsinə bağlamayıb. Ordudan tərxis olduqdan sonra Moskva Qızıl və Əlvan Metallar İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra ayrı-ayrı zavodlarda işləyən Slavski savadlı və bacarıqlı mütəxəssis kimi tanınıb. 1939-cu ildə Slavski Dnepropetrovsk Alüminium Zavoduna direktor təyin edilib. Sovet-alman müharibəsi başlananda zavod Sverdlovskiyə köçürülüb. Təxliyə işləri məhz Slavskinin rəhbərliyi ilə aparılıb. Sverdlovskdə Slavski böyük istehsalat uğuruna imza ataraq dövlətə 20 min ton əvəzinə 75 min ton alüminium təhvil verib.

Slavskiy-portrait-150.jpg (81 KB)

1945-ci ildə Stalinin təşəbbüsü ilə Slavski SSRİ əlvan metallar komissarının (nazirinin) müavini vəzifəsinə təyinat alıb. Bu vəzifədə bir il işlədikdən sonra onu SSRİ Nazirlər Soveti yanında Birinci İdarənin rəis müavini təyin ediblər. Bu idarə atom layihələrini həyata keçirib. SSRİ Orta Maşınqayırma Nazirliyi də sonralar məhz bu idarənin bazasında yaradılıb.

1949-cu ildə atom bombasının hazırlanmasına görə Yefim Slavski Boris Vannikov, İqor Kurçatov, Yuli Xaritonla birlikdə Sosialist Əməyi qəhrəmanı adına layiq görülüb.

1957-ci ildə SSRİ orta maşınqayırma naziri təyin olunan Yefim Slavski 1986-cı ilə qədər bu vəzifədə işləyib. Nazir olduğu illərdə Yefim Slavski SSRİ-nin atom layihələrinin həyata keçirilməsində böyük uğurlar qazanıb. SSRİ-də “atom şəhərciklərinin” yaradılması da məhz onun adı ilə bağlıdır.

Slavski SSRİ tarixində 3 dəfə Sosialist Əməyi Qəhrəmanı adını alan 16 nəfərdən, 10 dəfə “Lenin” ordeni alan 3 nəfərdən biri olub.

88 yaşına qədər nazir kürsüsündə əyləşən Slavski həm də sağlamlığı ilə fərqlənib. Ömrünün əsas hissəsini sınaq-təcrübə mərkəzlərində, laboratoriyalarda keçirsə də, yüksək şüa dozalarına məruz qalsa da o, heç vaxt sağlamlığından şikayətlənməyib.

1593610897191175767.jpg (47 KB)

85 yaşında olarkən yeni nüvə layihəsinin icrası ilə bağlı müşavirə keçirərkən Slaviski işçi qrupundan icranın müddətini soruşanda nazirdən 5 il vaxt istəyiblər. Slavski bu müddətin böyük olduğunu söyləyib:

-Xeyr, mən bu iş üçün sizə 5 il vaxt verə bilmərəm. Bu illər ərzində siz vəfat edə bilərsiniz. Mən isə bu işləri təkbaşına görə bilmərəm.

85 yaşlı nazir müddəti azaltmaq üçün 30-40 yaşlı mütəxəssislərə məhz belə cavab verib.

1986-cı ildə Slavskini nazir vəzifəsindən böyük təntənə ilə yola salıblar. O, vəzifədən getsə də fəaliyyətini öz sahəsi üzrə davam etdirib, ömrünün son illərini elmi yaradıcılığa, kitablar yazmağa sərf edib. Atom layihələri ilə məşğul olan mütəxəssislər onun məsləhətlərini həmişə vacib sayıblar. Bununla yanaşı ölkə rəsmiləri də tez-tez onu ziyarət ediblər.

Sabiq nazir 1991-ci ildə, 93 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR