İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT-ə ehtiyac qalıb? - İLGİNC ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqu qəbul edərkən Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin zəruri olduğu fikrini bir daha ona xatırladıb. İlham Əliyev ATƏT sədri ilə əvvəlki görüşündə də Minsk qrupunun tarixə qovuşduğunu söyləmişdi”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

Ekspert vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini bərpa edib, Ermənistan da mövcud reallığı qəbul edib:

“Belə olan halda keçmişdə Qarabağ probleminin həlli məqsədilə yaradılan və nəticə əldə etməyən Minsk qrupunun özünü buraxdığı barədə açıqlama niyə verilmir?

Minsk qrupunun keçmiş həmsədri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov 24 iyun 2022-ci ildə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə “Minsk qrupu fəaliyyətini dayandırıb” açıqlamasını vermişdi. Minsk qrupunun digər həmsədri olan ABŞ da Minsk qrupuna ehtiyac görmür. ABŞ dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker 2022-ci ilin noyabrın 17-də verdiyi açıqlamada faktiki Lavrovun sözlərini bu şəkildə təkrarlayıb: “Minsk qrupu mexanizmi işləmir. Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna dəstək verir”.

Beləliklə, Minsk qrupunun 3 həmsədrindən ikisi bu təşkilatın fəaliyyətinə ehtiyac duymadığını bildirib”.

Ermənistanın mövqeyinə gəlincə, Elxan Şahinoğlu xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan da mövcud reallıqları qəbul edərək Minsk qrupunun adını heç yerdə çəkmir:

“Buna baxmayaraq, qrupun üçüncü həmsədri Fransa bu mövzuda mövqeyini bildirməyib.

makron avropa.jpg (66 KB)

Bunun səbəbi də məlumdur. Paris erməni separatizminin Azərbaycan ərazisinə qayıdışının mümkün olmadığı fikrindən imtina etmək istəmir. Minsk qrupu Fransanın Cənubi Qafqazda “varlığını” təmin edən yeganə format idi. Ona görə də bu formatdan imtina etmir. Ancaq Minsk qrupunun fəaliyyətini davam etdirməyin məntiqi qalmayıb. Digər tərəfdən, Ukrayna müharibəsi fonunda ABŞ və Fransanın digər həmsədr Rusiya ilə dialoqunu davam etdirməsi mümkün deyil. Minsk qrupu məsələsində tək qalan Fransa ATƏT-ə “Minsk qrupu qalmalıdır” siyasətini diktə edə bilməz.

ATƏT-in hazırkı sədri mövcud reallıqları qəbul edib Qrupu buraxa bilər. ATƏT sədri İrəvandakı mətbuat konfransında erməni jurnalistin “ATƏT Qarabağ məsələsini bağladı? ATƏT geri dönüşü necə təsəvvür edir?” sualına belə cavab verib: “ATƏT özünün iştirak etmədiyi prosesə daxil ola bilməz və iki ölkənin mövqeyinə hörmətlə yanaşır”. Əslində bu cavab ondan xəbər verir ki, ATƏT sədri də Minsk qrupuna ehtiyac olmadığına işarə edib, sadəcə bunu rəsmiləşdirmək lazımdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR