Onlayn ictimai-siyasi qəzet
Azərbaycan nümayəndə heyətinin şərti var; “Yanlış qərarlarını dəyişməlidirlər”
Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞ PA sədri Teodoros Rusopulosa məktub ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məktubda AŞ PA-nın sessiyası zamanı Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnaməyə toxunulur.
Qeyd olunur ki, bu cür sərt qərarlar AŞ PA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞ PA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur.
Gürcüstanın qurumdakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, bu qətnamə AŞ PA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞ PA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək.
Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞ PA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər.
G.Mikanadze yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırır.
Məktubun sonunda bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminlik ifadə olunur.
Gürcüstanın bu jestini Bakı necə qiymətləndirir? Əgər AŞ PA Gürcüstanın müraciətinə reaksiya verib, Azərbaycanla bağlı səhvini düzəldərsə, nümayəndə heyətimiz dondurduğu fəaliyyətini aktivləşdirəcəkmi, qurumla əməkdaşlıq bərpa olunacaqmı?
Asim Mollazadə
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, AŞ PA rəhbərliyinə Gürcüstanla yanaşı, Serbiya, Türkiyə və Ukrayna tərəfindən də müraciət ünvanlanıb. Təbii ki, həmin dövlətlərin addımları bizim tərəfimizdən müsbət qarşılanır. Avropa Şurasının üzvü olan bu dövlətlərin müraciətləri də bir daha göstərir ki, AŞ PA çox ciddi səhvə yol verib: “Ona görə də AŞ PA bu səhvi düzəltməlidir, yanlış qərarlarını dəyişməlidir. Bundan sonra isə Azərbaycan AŞ PA-nın işində iştirak etmək üçün qayıdıb-qayıtmamağı düşünə bilər”.
Fazil Mustafa
AŞ PA-da nümayəndə heyətinin üzvü Fazil Mustafa isə qeyd etdi ki, həm Gürcüstanın, həm Türkiyənin müraciəti Avropa Şurasının qəbul elədiyi qərarın heç bir hüquqi əsasının olmadığını göstərir. Həmin qərar sırf siyasi məqsədlərlə qəbul olunub, Azərbaycana təzyiq göstərmək vasitəsi kimi düşünülüb. Lakin bununla heç bir halda Azərbaycana təzyiq göstərməyin mümkünsüzlüyü artıq bəllidir: “Gürcüstan nümayəndə heyətinin rəhbəri də buna işarə edib ki, Azərbaycan nümayəndə heyəti ilə bağlı verilmiş qərar ədalətsiz qərardır və Avropa Şurasının özünə zərər vurur. Türkiyə və Serbiya nümayəndə heyətlərinin də müraciətləri onu göstərir ki, get-gedə bu cür müraciətlərin sayı artacaq. Çünki Azərbaycan nümayəndə heyətinə qarşı qərarın yanlış qərar olduğunu artıq özləri də dərk edirlər. Azərbaycan üçün ciddi fərq etməz, biz Avropa məkanına inteqrasiyaya normal yanaşırıq, amma bunu həyati əhəmiyyətli məsələ kimi görmürük. Avropa özü maraqlı olmalıdır ki, unikal bir cəmiyyət modelinə sahib olan, həm Şərq, İslam, həm də Avropa dəyərlərini özündə ehtiva eləyən bir dövlətlə yüksək səviyyədə münasibət qura bilsinlər. Ona görə də öncə Avropa Şurası səhvini düzəltsə, digər məsələlər müzakirə oluna bilər”.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Gürcüstan parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin rəbərinin AŞ PA sədrinə Azərbaycan nümayəndə heyəti ilə bağlı müraciəti müsbət dəyərləndirilməli addımdır. Bu addım həm Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin ruhuna uyğun rəmzidir. Bundan öncə isə qardaş Türkiyə dövlətinin Böyük Millət Məclisinin AŞ PA-dakı nümayəndə heyəti belə bir müraciət ünvanlayıb: “Eyni zamanda dost Serbiya dövlətindən də analoji addımın şahidi olduq. Yəqin ki, digər dövlətlərin nümayəndə heyətlərinin də bu cür ədalətli mövqe nümayiş etdirəcəyinin şahidi ola bilərik. AŞ PA hesab edirəm ki, əslində ilk gündən səhv etdiyini başa düşür. Amma nəzərə almaq lazımdır ki, orada çox ciddi formalaşmış ermənipərəst lobbilər var və onlar AŞ PA-dan kənardakı qüvvələrə daha çox xidmət edirlər, kənardan verilən tapşırıqları icra edirlər. Ona görə də Gürsüstan və bir neçə dövlətin məlum müraciətlərindən də nəticə çıxarıb AŞ PA rəhbərliyinin yanlış qərarını tezliklə ləğv edəcəyini real görmürəm. Amma tamamilə istisna da etmirəm. Çünki hər şey ola bilər. Çünki Azərbaycan Avropa Şurasına daha çox lazımdır, nəinki Avropa Şurası Azərbaycana. Əgər Avropa Şurası nüfuzunu doğrudan da bərpa etmək istəyirsə, Azərbaycan nümayəndə heyəti ilə bağlı verilmiş yanlış qərara yenidən baxıb qərarı dəyişdirməlidir. Bu addımı atarlarsa, yəqin ki, Azərbaycan tərəfi də gərəkən reaksiyanı verər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ