Onlayn ictimai-siyasi qəzet
Belə cinayətlər daha çox Bakıda və Bakıətrafı kəndlərdə baş verir
Son vaxtlar mətbuatda tez-tez qadınların qətlə yetirilməsi ilə bağlı xəbərlər oxuyuruq. Belə ki, bir neçə gün öncə “Abşeron Gənclər Şəhərciyi”ndə ər həyat yoldaşını binadan ataraq həyatına son qoydu. Avqustun 5-də isə Bərdədə qadın qaynı tərəfindən qətlə yetirildi. Elə gün yoxdur ki, səhərimizi bu cür informasiyalarla açmayaq. İldən-ilə qadın cinayətləri ilə bağlı daha çox məlumatlar yayılır. Belə olan halda qadınlarımızı necə qoruyaq?
Mehriban Zeynalova
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Yeni Müsavat”a açıqlamasında deyib ki, qətllərin baş verməsinin ilkin səbəblərindən biri zorakılıqla bağlı müraciətlərin daxil olmamasıdır: “Qadınlara ailəsi tərəfindən psixoloji təzyiq göstərilir. Onlar inandırılır ki, hara getsələr hər yerdə ittiham olunacaqlar. Ona görə də qızlar zorakılıqla bağlı hər hansısa informasiyanı vermək gücündə olmur.
Münaqişəli ailələrlə bağlı davamlı işlər görülməlidir. Sahə müvəkkillərinin və icra hakimiyyətinin mütəmadi monitorinqlərinə ehtiyac var. Sosial dəstək faktorlarının olmaması bəzi hallarda münasibətləri gərginləşdirir və tərəflər arasında münasibətlərin tənzimlənməsinə imkan vermir.
Regionlarda pulsuz hüquqi yardıma böyük ehtiyac var. Bu xidmətin olmaması şəxslərin vaxtında müraciət etməməsi ilə nəticələnir.
Daxili İşlər Nazirliyi ailə münasibətləri ilə bağlı hər hansı məlumat gələn kimi dərhal reaksiya verir. Ancaq onun davamlılığını təkcə Daxili İşlər Nazirliyi və sahə müvəkkili yox, icra hakimiyyətləri və yerli bələdiyyələr də aparmalıdır. Xidmətin əl çatanlığının olmaması qətllə nəticələnir. Ailələrlə sosial işin təşkili mütləq olmalıdır. Sosial-psixoloji iş aparılmalıdır. Azərbaycanda bununla bağlı hələlik xidmətlər paketi tam formalaşmayıb. Hesab edirəm ki, əksər qadın cinayətlərinin kökündə vaxtında müraciətin olmaması və davamlı, dayanıqlı xidmətin göstərilməməsi dayanır.
Bir məsələni də nəzərinizə çatdırım ki, münaqişəli ailə ilə zorakılığın mövcud olduğu ailəni ayırd etmək lazımdır. Bunlar başqa-başqa şeylərdir. Münaqişəli ailələrdə tərəflər müəyyən aralıqlarla bir-biriləri ilə dava edirlər.
Zorakılıqların olduğu ailələrdə isə şiddət zəncirvari formada davam edir. Buna görə də dövlət qurumları bu ailələrə fərqli sistemlə yanaşmalıdır".
M.Zeynalova deyir ki, qadın cinayətləri ən çox Bakıda və Bakıətrafı kəndlərdə baş verir: "Rayonlarda oturuşmuş ailə modeli var. Orada xanımlar fikirləşir ki, ailə modeli bu cür olmalıdır. Zorakılıq faktları varsa, ailə münasibətlərinin ənənəsi kimi qəbul edilir. Ona görə də regionlardan o qədər də məlumat ala bilmirik. Mətbuata məlumat az çıxır. Yalnız ölüm hadisəsi olanda biz xəbər tuturuq. Ancaq sevindirici hallar da var. Artıq rayonlarımızdan 102 qaynar xəttinə zorakılıqla bağlı zəng edən xanımlara rast gəlinir”.
Mahmud Hacıyev
Sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev deyir ki, insan olan yerdə qətllərin baş verməsi qaçılmazdır: “Bu, insan faktorudur. Qadın və ya kişinin qətlə yetirilməsinin fərqi yoxdur. 5-10 il bundan əvvəl öz ərini güllə ilə vuran və ya bıçaqla xəsarət yetirən qadınlar olurdu. Amma doğrudur, qadınlar daha çox aqressivliyin qurbanı olurlar. Hər bir cinayətin özünün motivi var. Bəs niyə qadınlara qarşı aqressiya var? Texnologiya inkişaf etdi, əl telefonları, "votsap" yarandı. Bunların hamısı cinayətin baş verməsinə təsir edən amillərdir. Bunu jurnalistlər də, hüquqşünaslar da bilməlidir. Texnologiyanın inkişafı cinayətlərin artımına təsir edir. Bir də görürsən ki, qardaş bacısını bıçaqladı. Niyə bıçaqladı? Məlum olub ki, qız “votsap”da kiminləsə yazışırmış. Və ya qadına gizli nömrədən zəng gəlir. Əsəb kəllə-çarxa qalxır və ər həyat yoldaşını öldürür. Sonuncu cinayətləri təhlil etsəniz, görərsiniz ki, müəyyən qədər texnologiya təsir edir. Keçmişdə kimsə ərəb ölkələrinə şəklini göndərmirdi ki, şeyx görüb onu bəyənsin və biletini alıb Dubaya aparsın. Bu, texnologiyanın təsiridir.
Bir məqamı da nəzərinizə çatdırım ki, Azərbaycanda məktəblərdə təhsil aşağı səviyyədədir. Biz təhsilsiz və qətlə meylli aqressiv gənclər yetişdiririk. Məktəbdən sonra maarifləndirməni televiziyalar aparmalıdır. Təəssüf ki, bizim yerli kanallar fahişəliyi, tərbiyəsizliyi təbliğ edir".
Şəhanə RƏHİMLİ,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ