Armen Aşotyan: Paşinyan Türkiyəni artıq müharibədən əvvəl Ermənistana gətirmişdi
Ermənistanın baş naziri Nikol Paşinyanın hazırkı “pro-Türkiyə ekstazı” nə son Qarabağ müharibəsinin, nə Rusiya-Ukrayna müharibəsinin, nə Qarabağın ermənilərdən təmizlənməsinin, nə qlobal geosiyasi dəyişikliklərin, nə də iqlim dəyişikliyinin nəticəsidir. Bu, Paşinyanın “Troya atı”nın içində gizlədiyi bir mutasiyadır və hələ onun hakimiyyətə gəldiyi ilk gündən addım-addım həyata keçirilməyə başlanıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın keçmiş təhsil naziri, Serj Sərkisyanın yaxın adamı, revanşist siyasətçi Armen Aşotyandır.
Aşotyan öz sözlərini əsaslandırmaq üçün bir neçə iddiasını “fakt” kimi göstərib:
- 2018-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra Ermənistanın xarici siyasətindən Türkiyəyə qarşı tənqidi yanaşma demək olar ki, tamamilə yox oldu.
- Paşinyanın hökuməti, Ermənistanın xarici siyasət kanallarını öz “məxməri” inqilabının təbliğatı ilə doldurmağa başladı və erməni xalqının milli məsələlərini – xüsusilə də “soyqırımın” (qondarma - red.) beynəlxalq səviyyədə tanınması üçün Türkiyəyə təzyiq göstərilməsini arxa plana atdı.
Aşotyana görə, bu istiqamətdə həyata keçirilən konkret addımlar bunlardır:
- BMT Baş Assambleyası (25 sentyabr 2019) – Paşinyan Ermənistanın baş naziri olaraq çıxış etdi, lakin “erməni soyqırımı” məsələsinə toxunmadı. Halbuki bu, Ermənistanın xarici siyasətinin əsas prioritetlərindən biri olmalı idi.
- Avropa Şurası Parlament Assambleyası (AŞPA) (11 aprel 2019) – Paşinyan Ermənistanın rəhbəri kimi AŞPA-nın tribunasından ilk dəfə çıxış edərkən “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsinə toxunmadı.
- 2018-2020-ci illər – Parlament spikeri və Təhlükəsizlik Şurasının katibinin beynəlxalq səviyyədə keçirdiyi görüşlərdə “soyqırım” mövzusu demək olar ki, müzakirə edilmədi.
- Ermənistanın Xarici İşlər Nazirliyi (2018-2020) – O dövrdə xarici işlər naziri olan Zohrab Mnatsakanyanın göstərişi ilə Ermənistanın səfirliklərinə verilən tapşırıqlarda “soyqırım” məsələsi prioritetlər sırasında sonuncu yerlərə düşdü.
- Diplomatik nümayəndələr – Hətta Ermənistanın səfirləri də erməni soyqırımından bəhs edərkən “erməni soyqırımı” ifadəsini işlətməməyə başladılar. Məsələn, Avropa İttifaqının Ermənistandakı nümayəndəsi Andrea Viktorin 2020-ci ildə erməni xalqına başsağlığı verərkən “erməni soyqırımı” ifadəsi əvəzinə “Böyük soyqırımı” ifadəsini işlədib, lakin Ermənistanın Xarici İşlər Nazirliyi buna heç bir ciddi reaksiya vermədi.
- Baş nazirin 2019-cu il 24 aprel müraciəti – Paşinyanın “erməni soyqırımı”nın “ildönümü” münasibətilə etdiyi çıxışında Osmanlı İmperiyasının adı belə çəkilmədi.
- Parlamentin fəaliyyətsizliyi (2020) – “Erməni soyqırımı”nın 105-ci ildönümündə Ermənistan parlamenti beynəlxalq səviyyədə heç bir iş görmədi. Heç bir siyasi fraksiya bu mövzuda bəyanat qəbul etmədi, onu tərcümə edib xarici ölkələrin parlamentlərinə göndərmədi.
- Ayasofyanın məscidə çevrilməsinə reaksiyanın zəif olması (2020) – Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyənin Ayasofyanı yenidən məscidə çevirməsi qərarına verdiyi reaksiya çox zəif olub.
"Bunlar yalnız ictimaiyyətə məlum olan bir neçə faktdır. Pərdəarxasında baş verənlər isə zamanla üzə çıxacaq", - deyə Aşotyan yazıb.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ