Onlayn ictimai-siyasi qəzet
Bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin 87 yaşı tamam olur.
Medianews.az-a açıqlama verən xalq artistinin danışarkən çətinlik çəkdiyi diqqətdən qaçmayıb: “Çox sağ olun, sizə təşəkkürümü bildirirəm. Gərək məni bağışlayasız, çox danışa bilmirəm. Bir neçə gündür doğum günümlə bağlı televiziyalar gəlir, ard-arda çəkilişlər edirlər. Söz vermişdim deyə bir neçə verilişdə çəkildim. Deyəsən məni bir az yorublar, əldən düşmüşəm (gülür). Eybi yoxdur, təki doğum günümdə yorulum. Zarafat edirəm, sağ olsunlar ki, diqqət göstərirlər. İnsan üçün həyatda diqqətdən gözəl nə ola bilər? Dövlətim də sağ olsun, millətim də! Bütün telekanallara, mətbuata öz təşəkkürümü bildirirəm. Mən daim jurnalistləri sevmişəm, mətbuatdan heç vaxt qaçmamışam, onlarla dostluq etmişəm. Bir dəfə də olsun məni incitməyiblər. Yaxşı şeylər yazsınlar, yalan xəbərlər yaymasınlar. Doğum günümdə özümə can sağlığı arzulayıram. İnsan daim yaşamaq istəyir, həyatdan doymaq olmur. İnsan xoş günlərlə yaşamalıdır. Hər kəsə xoş gün arzulayıram”.
Çətinliklə fikirlərini ifadə edən sənətkar daha sonra bizimlə astaca sağollaşıb, telefonun dəstəyini ömür-gün yoldaşı Gültəkin xanıma verir. “Həkim nəzarətindədir, tez-tez ev şəraitində iynə-dərmanlarını edirik ki, özündə güc toplasın. Tələbələri, sənət yoldaşları gəlmişdi. Hər dəfə onları görəndə sevinir, çünki həmin sənətkarlar da Arif müəllimi ürəkdən sevirlər. 60 il olacaq ki, ailə həyatı qurmuşuq. Hələ bir dəfə də ondan inciməmişəm. Arifin yalnız xoş günlərini görüm, pis gününü görməyim. Arzuları çoxdur. İnşallah ki, onlar həyata keçər. Ən böyük arzularından biri də Ağdamda ev muzeyinin olmasıdır. Bəzən danışır, kövrəlir. Deyir ki, o günü mən görməsəm də, yəqin ki, siz görəcəksiz. Bütün bir nəslin ağsaqqalıdır, böyüyüdür” deyə sənətkarın ömür-gün yoldaşı deyib.
Xalq artisti, xanəndə, Arif Babayevin tələbəsi Nəzakət Teymurova Medianews.az-a açıqlamasında bildirib ki, sənətkarın obrazları, istərsə də ifaları gənclər üçün dərslikdir: “Allah Arif müəllimə uzun ömür, can sağlığı versin. Onlar şəxsiyyətləri ilə, öz sənətləri ilə uzun bir yol qət ediblər. 70-80-ci illərdən onların etdikləri ifalar bizim beynimizə süzülüb və bizlər üçün bir cığır açıb. Ruhumuzu oxşayıblar. Mən hələ Asəf Zeynallı adına musiqi kollecində oxuyanda Arif müəllimin sinfinə gedib-gəlirdim. Mənə dedi ki, kolleci bitirəndən sonra gələrsən akademiyaya. O vaxt konservatoriya akademiya adlanırdı. Elə də oldu. Yaxşı ki, Arif müəllimin sinfinə gəldik, onunla yaxından tanış olduq. Muğamların sirlərini bizə öyrətdi. Həyatda şans deyilən bir anlam var. Həm də onu qeyd edim ki, xanəndə hər zaman üzərində işləməlidir. Arif Babayevin sinfini bitirməklə deyil. Hansısa ifaçı öz üzərində işləmirsə, səsi varsa belə onu işlətmirsə, bu sənətdə uğur qazanmayacaq. Konservatoriyanı bitirəndən sonra da orada qalıb, elə ustadımın yanında öz müəllimimdən öyrəndiklərimi tələbələrimə öyrətmişəm. 24 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam. Arif müəllimin sənəti hər zaman yüksəklərdə olub. Onun oxuduğu ifalar bir dərslikdir. Arif müəllim həm dövlətin, həm də xalqın sevimli sənətkarıdır. Arif müəllimin xalqın içində də sadəliyinə görə böyük bir rəğbəti var. Xanəndələrimizin içində hər zaman seçilib. Mən hələ gənc idim, danışırdılar ki, Arif müəllimlə Rübabə xanım “Leyli və Məcnun” tamaşasında oynayanda böyük anşlaq olurdu. İnsanlar tamaşadan getmək istəmirdilər. Arif Babayevin böyük bir tələbə ordusu var. Arif müəllim bizim muğam sənətinin bir işığıdır. Allah ona uzun ömür, can sağlığı, sağlam ömür versin. Onun səsi sehrlidir, 100 adamın səsinin içərisində seçilir”.
22 Fevral 2025
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ