İnsanlara hürriyət, millətlərə istiqlal!

Arayikin Ermənistanı təkzib edən ifadələri: Növbədə “İsgəndər” raketi açıqlaması da var

Xəbər verdiyimiz kimi ötən gün Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib. Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslər Lyova Mnaksakanyan, Arayik Harutyunyan, Erik Qazaryan və Vasili Beqlaryan sərbəst ifadə veriblər.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan səbəst ifadə verib. O, 44 günlük müharibə ərəfində baş verənlərdən danışıb:

Artunyan.jpg (94 KB)

“2020-ci ilin iyun ayında mən Paşinyandan xahiş etdim ki, bizi danışıqlar prosesi ilə tanış etsin. 2020-ci ilin iyununda İrəvanda bizim birgə Təhlükəsizlik Şurasının iclası oldu. Bu, hamı üçün açıq bir iclas idi. İclas zamanı Ermənistanın o vaxtkı xarici işlər naziri bizi danışıqlar prosesi ilə tanış etdi. Aydın idi ki, bu proses dalana dirənmişdi. Bu iclasda Ermənistanın müdafiə strukturlarının rəhbərləri bizi orduda olan vəziyyətlə tanış etdilər. Aydın oldu ki, Ermənistan müharibəyə hazır deyil. Müharibə etmək üçün müəyyən resurslar lazımdır. Belə ki, ərzaq, silah resursları, maliyyə resurları lazım idi. Məlum oldu ki Ermənistanın buna imkanı yoxdur. Mən orada çox qısa olaraq öz fikrimi söylədim. Bildirdim ki, müharibə vaxtı nəticə bizim resurslarımıza görə olacaq.Çünki istənilən müharibə resurların müharibəsidir. Azərbaycanın isə bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi.

Sonra, iyul ayında siz daha yaxşı bilirsiniz ki, o vaxt Tovuzda atışmalar baş verdi. Orada nə baş verməsi barədə mənim təsəvvürüm də yox idi. Televizorda nə göstəriblərsə, yalnız onu bilirəm. Mən yeni bir adam olduğum üçün gərək “ordu” ilə tanış olardım və təmas xəttində nə baş verirsə bilərdim. 2020-ci ilin yayında ön cəbhəni və “ordu”nu gəzməyə, tanış olmağa başladım. Mənim facebook səhifəmdə və “rəhbərliyin saytında” bir neçə məqalə dərc etdim. “Ordu” ilə bağlı bütün informasiyaları “mətbuat xidməti” bizə təqdim edirdi. Və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada mənim elə çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda təəssüf edirəm ki, bunlara yol vermişəm”.

O, həmin ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərini müşahidə etdiyini bildirərək təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistanda verildiyini etiraf edib.

“Təlimlərə rəhbərliyi Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan edirdi. Bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu “ordu bölmələri”nə qədər müşayiət eləmişəm. O, vəziyyətlə tanış oldu. Eşidirdim, görürdüm ki, “silahlı qüvvələr”də nə baş verir. Mən “Qarabağ müdafiə komitəsi”ndən heç bir məlumat almamışdım. Situasiya barədə heç vaxt mənə heç bir məlumat verilməyib. “Ordu” üzərində mənim heç bir səlahiyyətim olmayıb. Bu, sizə də məlumdur. İttiham aktında da bu barədə yazılıb. Ermənistan mətbuatında da bu barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır.

A.Harutunyan etiraf edib ki, “Qarabağ Müdafiə Ordusu”nun “komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi: “Mən “hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb.

Onilliklərlə “Qarabağ ordusu” ayrıca ordu kimi fəaliyyət göstərməyib. “Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı”, - deyə o bildirib.

Bu ifadələr bir daha Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, orada qurulmuş qondarma rejimin məhz Ermənistan tərəfindən yaradılması və idarə edilməsi, hərbi əməliyyatlara Ermənistan ordusunun qərargahın rəhbərlik etməsini sübut edir. Ermənistanın bu işğalı “milli müqəddərat”la əsaslandırmaq cəhdlərinin ifşa edir.

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, verilən ifadələr birbaşa göstərir ki, bütün proseslər Ermənistanın mərkəzi İrəvan şəhərindən idarə olunurdu:

23fcfb55-d693-31f6-91aa-7c345756.jpg (79 KB)

“Orada Qarabağın ordusu və yaxud da özünümüdafiə dəstəsi olmayıb. Ermənistan ordusunun birləşmələri Qarabağa yerləşdirilmişdilər. Ona görə də ifadələrdə bildirilir ki, yerli silahlı dəstələrin hamısı Ermənistan ordusunun Baş Qərargah rəisinin tabeliyində olub. Təbii ki, bu prosesdə Baş nazir, nazirlər və keçmiş prezidentlər də iştirak edib. Onların hamısı qondarma rejimi dünya qarşısında təşəkkül tapmış bir qüvvə kimi təqdim etsinlər.

Gəlin, bir qədər geriyə qayıdaq, hələ sovetlər dönəmində Ermənistan bu məsələni ortaya atdı və 1980-ci ilin əvvəlindən artıq İrəvandan Qarabağa gəlib gedirdilər. Milli təhlükəsizlik orqanları prosesləri izləyirdi, ancaq heç nə etmirdilər. SSRİ dağılanda iki müstəqil dövlət arasında sərhədlər yarandı və qarşıdurma yeni bir fəallıq fazasına keçdi. Ermənistan gördü ki, birləşmək söhbəti alınmır, istiqaməti dəyişdi. Elə abu-hava yaratdı ki, guya, Qarabağda müstəqillik haqqında düşünən qüvvə var, 35-40 minlik erməni öz müqəddəratını həll etmək istəyir. Əlbəttə, bu proseslər İrəvandan idarə olunurdu. İrəvanın özünə də bu tapşırıqlar spürk deyilən erməni diasporasından gəlirdi. Onların rəhbərləri ABŞ-də, Fransa və Argentinada idilər.Bu onu göstərir ki, Ermənistanın özü bir layihə idi. Onu Antanta dövründə yaratmışdılar. Bütün proseslər xaricdən idarə olunurdu. Ermənistanın istəyi ondan ibarət idi ki, ərazi imkanlarını genişləndirsin. Əvvəlcə onlara Zəngəzuru söz vermişdilər. Daha sonra Qarabağ və Naxçıvanı işğal əldə etməyi planlayırdılar. Levon ter Petrosyan deyir ki, 600 il idi ki, əraziləri türklərdən təmizləmək istəyirdik. Orada da şişirtmələr var, çünki ermənilər Qafqaza 200 ildir ki, köçürülüblər.

Arayik və digərləri tərəfindən verilən ifadələr bir daha onu təsdiqləyir ki, bu prosesdə Ermənistanın marağı var idi və Azərbaycanı parçalamaq istəyirdi. Xalqımızın başına gələn bütün müsübətlərdə birbaşa Ermənistanın əli var.

Ruben Vardanyan isə terrorun sponsoru idi və çalışırdı ki, erməni silahlı dəstələrini yeni silahlarla təchiz edirdi. Erməni cinayətkarlığı Azərbaycanı özünə hədəf seçmişdi. Nəticə isə onların gözlədiyinin əksinə oldu. Yanlış yola çıxan Ermənistanın özü fiaskoya uğradı”.

Politoloq Qulamhüseyn Əlibəyli deyir ki, qondarma rejimin əsgərləri Azərbaycanla müharibə apara bilməzdi, döyüşən Ermənistan ordusunun hərbçiləri idilər:

602OFs9NcUve4cMEP4MB.jpg (43 KB)

“Bütövlükdə Azərbaycan Ermənistanla, onu müdafiə edən dövlətlərlə. O cümlədən Rusiya ilə müharibə aparırdı. Arayikin ifadələri məlum faktları təsdiq edir. Azərbaycan ərazilərinin işğal olunmasında birbaşa Ermənistan silahlı qüvvələri iştirak ediblər. Onlar sonuncu günə qədər Azərbaycan ərazisində qalmışdılar. Azərbaycan antiterror əməliyyatı həyata keçirən zaman 10 mindən çox erməni hərbçi ərazimizdən çıxarıldı. Bu faktlar məhkəmədə cinayətin icraçıları tərəfindən təsdiq edilir. Bəşəriyyət və sülh əleyhinə cinayətlərə görə Ermənistan rəsmiləri də məsuliyyət daşımalıdırlar.

Əlbəttə ki, “İsgəndər” raketi Azərbaycana Ermənistanın idarəçiliyi ilə atılmışdı. Bunu da etiraf etməyə məcbur olacaqlar və raketi kimlərdən aldıqlarını deyəcəklər. Etnik təmizlənməni boyunlarından necə ata bilərlər ki?!”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR