İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin Ağdərədə iki ağ yalanı

Oktay Qasımov: “Hansısa terrorçunun xahişi ilə Azərbaycanın razılığı olmadan ərazidə əlavə hərəkətlər Rusiya-Azərbaycan münasibətlərinə ciddi xələl gətirə bilər”

Qarabağdakı qondarma “icma başçısı” Araik Arutyunyan aprelin 12-də  erməni köçmənlərin məskunlaşdığı Ağdərə şəhərinə gəlib. Erməni saytlarının yaydığı məlumata görə,  Arutyunyan separatçıların “Mardakert” adlandırdıqları  “rayon”un qanunsuz “rəhbərliyi” ilə yığıncaq keçirib. Baş separatçı çıxışında Xocalı rayonunun Fərrux kəndi ətrafındakı vəziyyətə  toxunaraq qeyd edib ki, guya Azərbaycan tərəfinin geri çəkilməsi ilə bağlı  Rusiya sülhməramlı komandanlığı ilə danışıqlar davam edir. Qondarma rejim başçısı bildirib ki, Rusiya sülhməramlı qoşunlarının təminatları və fəaliyyətləri ilə paralel olaraq  separatçı “hökumət” “özünün təhlükəsizlik mexanizmlərinin və mülki müdafiə sisteminin təmin edilməsinin səmərəliliyinin yüksəldilməsi” istiqamətində işləri davam etdirəcək.

O, Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş rus hərbiçilərinin sayının və hərbi texnikasının sayının artırılmalı olduğunu da vurğulayıb. Görüşdən sonra Araik  “rayon”un keşişi  Ovanes Ovanesyanın müşayiəti ilə  Ağdərədəki kilsəni ziyarət edib.

Araikin Ağdərədə iki ağ yalan danışdığı ortadadır. Əvvəla, Azərbaycan dövlət başçısı səviyyəsində də qeyd edilib ki, Fərrux dağı Azərbaycanın nəzarətindədir. İkincisi, sülhməramlıların sayının artırılması ilə bağlı Araikin  Putinə məktub yazdığı məlumdur. Ancaq bu məsələ ermənilərin arzusu ilə gerçəkləşmir. Sülhməramlıların sayının artırılması Bakı ilə razılaşdırılmalı deyilmi?

Oqtay Qasımov: “Hərəkat liderləri sırasında agentlərin olmadığını deyə  bilmərəm” - VİDEO,FOTOLAR

Oktay Qasımov

Politoloq Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Araik Arutyunyanın verdiyi açıqlamalara diqqət etməliyik, amma biz daha çox diqqəti həmin ərazidəki Rusiya sülhməramlılarının hərəkətlərinə ayırmalıyıq: “Yəni biz ermənilərdən daha çox, Rusiya ilə məsələləri həll etməliyik. Çünki 10 noyabr üçtərəfli bəyanatından sonra bölgədə əslində maraqlı  situasiya yaranıb. Ermənistan faktiki olaraq özünü guya bu prosesdən kənara çəkir və belə bir mesaj verməyə çalışır ki, Azərbaycan Qarabağdakı ermənilərin məsələlərini Rusiya ilə həll etməlidir. Oradakı separatçı qurum və onun rəhbərləri də hazırda Qarabağda yerləşmiş Rusiya hərbçilərinin himayəsi altındadırlar, öz fəaliyyətləri və hərəkətlərini rus hərbçilərlə əlaqələndirir, onların təlimatları ilə hərəkət edirlər. Araik Arutyunyanın verdiyi bəyanatların Fərruxla bağlı hissəsini kənara qoyuram. İkinci hissəsi guya təhlükəsizlik məsələləri, özlərinin müdafiə qabiliyyətinin artırılması və sair bu tipli açıqlamalardır ki, bu cür bəyanatları biz artıq üç aydır eşidirik. Bu cür açıqlamaların arxasında da Rusiya sülhməramlılar və rus sülhməramlılara arxalanmaq dayanır”.

Ekspert qeyd etdi ki, 10 noyabr bəyanatını üç ölkə imzalayıb və burada iki ölkənin ordusundan söhbət gedir-Azərbaycan və Ermənistan ordusundan. Burada digər heç bir qurumun adı çəkilmir, qondarma “Qarabağ müdafiə ordusu”, qondarma “artsax ordusu” kimi terminlər yoxdur: “Ona görə də həmin kateqoriyadan olan silahlı birləşmələr, qanunsuz silahlı dəstələr terrorçular hesab edilir. Azərbaycanın da onlara qarşı antiterror əməliyyatları keçirmək tam legitim hüququdur. O ki qaldı Araik Arutyunyanın Rusiya prezidentinə məktubu və Qarabağ ərazisində Rusiya hərbçilərinin sayının artırılmasını istəməsinə, bunun hüquqi baxımdan heç bir əsası yoxdur. Çünki üçtərəfli bəyanatın tərəfləri bəllidir. Burada razılaşmaya görə bölgədə yerləşən Rusiya hərbçilərinin sayı da müəyyən olunub və bu hərbçilərin həmin ərazidə yerləşmə müddəti də müəyyən edilib. Bəyanatda bu barədə konkret maddələr var. Azərbaycan bunun üzərindən hərəkət edir. Orada sayın tərkibində hansısa dəyişiklik birmənalı şəkildə Azərbaycanın razılığı ilə olmalıdır. Rusiya bu məsələdə təkbaşına hərəkət edə bilməz. Çünki bu, üçtərəfli anlaşmanın pozulması demək olar və əslində Rusiyanın özünə daha çox zərər verə bilər. Ona görə də hansısa terrorçunun xahişi ilə Azərbaycanın razılığı olmadan ərazidə əlavə hərəkətlər Rusiya-Azərbaycan münasibətlərinə ciddi xələl gətirə bilər. Bu da heç bir halda Rusiyanın mənafeyinə uyğun olmaz”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR