Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib. Oktyabrın 3-də Araik Arutyunyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasütyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.
Araik Arutyunyanı tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək. Alov Səfərəliyev bunları deyib: “Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik.”
Bununla belə, bir neçə gündür ki, sosial şəbəkələrdə vəkil çox qınanılır: “Azərbaycanlı necə separatçını müdafiə edə, onun vəkili ola bilər”, - deyə narazılıqlar səngimək bilmir. Bu, tənqidlərin, narazılıqların hər hansı əsası varmı? Vəkilin Azərbaycan tərəfindən təyin edilməsinin dövlət üçün əhəmiyyəti nədir? Beynəlxalq hüquqla bu necə tənzimlənir?
Vüsalə Əhmədova
Beynəlxalq hüquq üzrə ekspert Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi. O dedi ki, ilk olaraq Araik Arutyunyan Azərbaycan Respublikası məhkəmə orqanları tərəfindən daxili qanunlar və o cümlədən Azərbaycanın qoşulduğu beynəlxalq humanitar hüquqa dair konvensiyalar və beynəlxalq adət hüququ əsasında mühakimə ediləcək: “Bu zaman azərbaycanlı vəkilin müdafiəsindən istifadə edilməsi tamamilə qanuni prosedurdur və normal qarşılanmalıdır. Araik Arutyunyan müharibə cinayətləri ilə bağlı mühakimə ediləcək. Müharibə cinayətlərindən təqsirli bilinən şəxslər isə vətəndaşı olduğu ölkə və ya hadisələrin cərəyan etdiyi ölkə məhkəmələrində və ya beynəlxalq cinayət məhkəmələrində mühakimə edilə bilərlər. Beynəlxalq məhkəmələr arasında Roma Statutu ilə təsis edilən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və ya həm yerli, həm də beynəlxalq elementləri özündə ehtiva edən hibrid məhkəmələr fərdi məsuliyyətə səbəb olan cinayətləri araşdırmaq səlahiyyətinə malikdir. Məlumat üçün bildirim ki, BCM soyqırımı, bəşəriyyət əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüzkarlıq cinayətləri kimi ən ciddi cinayətlərin təqibini həyata keçirir. BCM-in səlahiyyətindən istifadə etmək üçün ilk şərt BCM Roma Statutunu ratifikasiya etməkdir. Azərbaycan hələ ki Roma Statutunu ratifikasiya etməyib. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən işin BCM prokurorluğuna göndərilməsi ilə araşdırılması mümkündür. Və ya Roma Statutunu ratifikasiya etmiş hər hansı bir ölkənin BCM prokurorluğuna müraciəti əsasında da məhkəmə yurisdiksiyasını həyata keçirə bilər. Məsələn, 2003-cü ildə Uqanda tərəfindən "Tanrının dirəniş ordusu" haqqında BCM prokuroruna müraciət edilmişdi. Həmçinin 2004-cü ildə Konqo Demokratik Respublikası öz ölkəsində işlənmiş cinayətlər haqqında BCM prokuroruna müraciət etmişdi. Bundan əlavə, BCM prokurorunun öz təşəbbüsü ilə (proprio motu) istintaq başlatdığı hallar da mövcuddur. Məsələn, BCM ibtidai istintaq şöbəsi tərəfindən, 2010-cu ildə Kenyadakı vəziyyətə dair istintaq başlatması üçün prokurora səlahiyyət verilib".
Ekspert əlavə edib ki, hazırda, Araik Arutyunyanla bağlı cinayət Azərbaycan Respublikası səlahiyyətli orqanları tərəfindən araşdırıldığı üçün BCM-in səlahiyyətindən istifadə edilməsi heç bir halda mümkün deyil: “Lakin istintaq və məhkəmə prosesi başa çatdıqdan sonra işin müstəqil və qərəzsiz formada araşdırılmadığı aşkar edilərsə, işin yenidən BCM tərəfindən araşdırılması mümkün ola bilər. Bundan əlavə, müharibə cinayətlərini araşdırmaq üçün, BMT Təhlükəsizlik Şurasının qərarı ilə və müqavilə əsasında özəl məhkəmələr qurula bilər. Məsələn, Sierra Leone Özəl Məhkəməsi bu ölkədə baş vermiş beynəlxalq humanitar hüququn və ölkənin daxili qanunlarının ciddi pozuntularına görə fərdi məsuliyyət daşıyan şəxsləri mühakimə etmək üçün, BMT Təhlükəsizlik Şurasının 1315 (2000) saylı qərarına müvafiq olaraq və BMT ilə Sierra Leone arasında bağlanan 16 yanvar 2002-ci il tarixli müqaviləyə əsasən qurulmuşdu. Bu tip hibrid məhkəmələr həmçinin, Bosniya və Kosovada da qurulmuşdu. 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarına müvafiq olaraq, qəsdən öldürmə, bioloji eksperiment daxil olmaqla, işgəncə və qeyri-insani rəftar, insan vücuduna və sağlamlığına qəsdən böyük iztirab vermə və ya ciddi yaralanmaya səbəb olma, hərbi zərurət olmadan qanunsuz şəkildə və ixtiyari olaraq mülkiyyətin geniş miqyasda məhv edilməsi və ya ələ keçirilməsi, hərbi əsirlərin və ya mülki vətəndaşların ədalətli mühakimə edilmə hüququndan qəsdən məhrum edilməsi, sürgün etmə, köçə məruz qoyma, həbs etmə, mülki vətəndaşların girov götürülməsi və s. müharibə cinayətləri sayılır. Bu cinayətlərin əksəriyyəti Birinci və bəziləri isə İkinci Qarabağ müharibəsi dövründə törədilib. Ancaq məhz Araik Arutyunyanla bağlı onu deyə bilərik ki, "mülki vətəndaşların öldürülməsinə göstəriş vermə" və “əmlakın geniş miqyasda məhv edilməsi” kimi fərdi məsuliyyətə səbəb olan cinayətlərdən mühakiməsi gözlənilir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ