İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbas: “Anar olmasa idi...”

Məlum olduğu kimi, bu ayın sonu Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək.

“Yeni Müsavat”ın ötəngünkü buraxılışında bildirmişdik ki, qurum bunun üçün kredit götürüb, lakin AYB-nin sözçüsü bu məlumatın həqiqət olmadığını bildirmişdi. AYB sədri Anar Rzayev isə təsdiq edib ki, qurultayın keçirilməsinə maliyyə lazım olduğuna görə kredit üçün müraciət edilib:

“Bəli, kredit götürmüşük. Çünki bizə pul lazım idi. Pul ayırıblar, amma həmin maliyyə hesaba yatmayıb. Onun üçün də kredit götürdük. Pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borcumuzu bağlayacağıq”.

Qurultayda qonaqlarla birgə 500-dən artıq iştirakçının olacağı gözlənilir. Xaricdən dəvət olunan ədəbiyyat nümayəndələrinin yol pulunu, qonaqlama və s. xərclərini nəzərə alsaq, tədbir üçün kifayət qədər ciddi vəsaitə ehtiyac olduğu aydın görünür. Bu da eyni zamanda qurultayın niyə təxirə salındığına da aydınlıq gətirir.

Yazıçı Aqil Abbas Musavat.com-a bildirdi ki, qurultayın keçirilməsinə Maliyyə Nazirliyindən az vəsait ayrılıb: “Kredit götürəndə faiz ödəmə lazımdır. Dövlət pulu ödəyəndə heç faizi ödəməyə çatmayacaq, bu halda faiz birliyin büdcəsindən ödənəcək. Qurultayın möhtəşəm olmasını istəyirik, çünki hər il keçirilmir. Qurultayı qalib xalqın nümayəndələri kimi qeyd edəcəyik. Əslində, daha təntənəli təşkil edə bilərdik. Qurultayı Şuşada keçirməyi planlaşdırırdıq. Lakin qonaq sayı çox olduğu üçün alınmadı. AYB-nin üzvlərinin sayı bəzi siyasi partiyaların üzvlərinin sayından çoxdur. Digər ölkələri nəzərə almasaq, təkcə Türkiyədən 10 tanınmış yazıçını dəvət etmişik. İstanbul-Bakı-İstanbul təyyarə biletinin, Bakıda hotellərin qiyməti bəllidir. Qonaqların yemək xərclərini yəqin ki, yazıçılar öz üzərinə götürəcək. Başqa ölkələrdə də qurultaylar keçiriləndə bizi dəvət edirlər. Dövləti qınamıram, çünki dövlətin pulu yoxdur. Qurultay maliyyə çətinliyinə görə təxirə salınmışdı. Məsələn, Oljas Süleymanovu dəvət edə bilmədik, Londonda yaşayır. Yalnız biznes klassla uçur, biletin qiyməti 10 min manata yaxındır. İnanmıram ki, Oljas Süleymanov öz vəsaiti ilə gəlsin”.

A.Abbas xalq yazıçısı Anarın yenidən sədr seçilməsinin tərəfdarıdır: “Mən Anarın seçilməsini istəyərəm. Müəyyən vaxtda aramızda ziddiyyət də olub, incikliklər də. Amma bu ittifaqı indiyə qədər saxlayan Anardır. Əskişəhərdə yazıçıların qurultayı keçiriləndə başqa ölkələrdən gələn yazıçılar, şairlər Anarın əlini öpdü. Anar Azərbaycanın pasportudur. Anar olmasa idi, Yazıçılar İttifaqı çoxdan dağılmışdı”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR