İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiterror əməliyyatları və ya humanitar müdaxilə

Hələ yaz girməmişdən yazmışdıq ki, bu yay hərbi-siyasi baxımdan qızmar olacaq.

Sözlərimiz dolayı yolla olsa da təsdiqini tapdı - bölgədə genişmiqyaslı hərbi əməliyyatlar keçirilməsə də ermənilərin hərbi təxribatları bir gün belə dayanmadı - hər gün Ermənistandan Dağlıq Qarabağa hərbi yüklərin daşınması haqqında xəbərlər gəldi, İrəvanın Hindistandan silahlar alması haqqında soraqlar eşidildi, hətta hayların bu ölkə ilə geosiyasi ittifaq yaratması haqqında mülahizələr səsləndi və ən başlıcası ki, keçmiş Dağlıq Qarabağda “humanitar böhran”ın yaşanması haqqında təkcə xəbərlər olmadı, hətta böyük bir kampaniya sezildi - Bakı Xankəndinə humanitar yardım aparan iki yük maşınını Ağdam yoluna göndərdi (biz bu sətirləri yazanda həmin maşınlar beşinci gün idi ki, Dağlıq Qarabağ ermənilərinin qərarını gözləyirdi!), üstəğəl, Fransa da Laçın yoluna humanitar yüklü maşınlar yolladı, hətta bu karvana Parisin meri başçılıq etdi...

Burada əvvəlcə sonuncu detaldan başlamaq istərdik. Parisin merinin canfəşanlığı belə yozuldu ki, bu xanım prezident olmaq istəyir, ona görə də erməni diasporunun rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxır. Amma fransızların daha bir problemi var. Onları hətta Afrikadan qovur, ərazilərini fransız əsgərlərindən təmizləyirlər. Elə bu səbəbdən Paris can atır ki, özünü “humanist və mütərəqqi dövlət” kimi göstərsin. Amma biz bu haqda ötən dəfələrdə yazmışıq və bir daha qeyd edirik ki, bütün bunlar tamam əbəsdir - koloniolizmin sonu gəlibdir...

O ki qaldı Ermənistanın Hindistanla geosiyasi ittifaqlar - "çoxbucaqlılar" yaratmasına, hələ ötən əsrin doxsanıncı illərində İrəvanın Yunanıstan, İran və Rusiya ilə geosiyasi dördbucaqlılar yaratması haqqında mülahizələr eşidilirdi. Nə oldu bütün bunların nəticəsi? Hazırda Ermənistanla bir ittifaqda bulunan təkcə İran qalıbdır - Yunanıstan öz problemləri ilə məşğuldur, Moskva bir tərəfdən, hər iki ölkədən bərabər məsafədə dayanan ölkə kimi görünmək istəyir, digər bir tərəfdən, bölgədə ciddi geosiyasi maraqları olsa da, bunu elə etmək istəyir ki, Bakı və Ankara ilə münasibətləri pozulmasın.

“Humanitar böhran”a gəldikdə isə burada qeyd etmək lazımdır ki, birincisi, əgər İrəvan keçmiş Dağlıq Qarabağa hətta hərbi yüklər göndərirsə, ərzaq-filan da göndərə bilər. İkincisi, bölgədə humanitar böhranı keçmiş Dağlıq Qarabağın separatçı hakimiyyəti yarada bilər: onlar bölgənin Azərbaycanla yaxınlaşmasına mane olur, Bakıdan gələn humanitar yükləri belə qəbul etmirlər.

Nə etməli? Bakı son vaxtlarda çox böyük işlər görübdür: Xankəndinə giriş-çıxış nəzarətə götürülüb. Qalır addımbaaddım Xankəndinə yaxınlaşmaq. Əsas odur ki, biz ilgəyi separatistlərin boynuna keçirmişik. Onu qəfil və tamam da dartmaq olar, bir az gözləyərək, bunu addımbaaddım etmək də. Müstəqil şərhçilər keçmiş Dağlıq Qarabağda daha bir hərbi əməliyyatın keçirilməsinin zəruriliyindən danışırlar. Nə demək olardı bu haqda?

Antiterror əməliyyatları keçirmək haqda çoxdan söhbətlər gəzir - bu bölgə gec-tez terrorçulardan təmizlənməlidir. Amma burada bir məqam da var. Bir az əvvəldə qeyd etdik ki, separatçı hakimiyyət bölgənin Bakı ilə bütün təmaslarına mane olur, faktiki olaraq buna imkan vermirlər. Bu yolla onlar bölgədə həqiqətən də humanitar böhran yarada bilərlər. Belə olan halda Bakının daha bir missiyası yaranır. Bu da ondan ibarətdir ki, o, Xankəndinə humanitar müdaxilə edə və öz erməni əsilli vətəndaşlarını separatçıların əsarətindən qurtarmağa çalışa bilər.

Amma hələlik bölgədə proseslərin inkişafını gözləmək lazımdır. Hazırda ən əsas və vacib məsələ budur ki, biz gərək bütün dünyaya göstərək ki, keçmiş Dağlıq Qarabağda heç bir blokada-filan yoxdur. Payızda bir neçə görüş planlaşdırılır. Deyilmişdi ki, Avropa İttifaqının vasitəçiliyi ilə daha bir görüş olmalıdır. Bundan başqa, İspaniyanın Qranada şəhərində görüş olmalıdır. Bütün bunlar, yumşaq şəkildə desək, maraqlı tədbirlərdir. Ona görə ki, Katoloniya separatizmini yerindəcə boğan İspaniya, Afrikadan qovulan Avropa lideri Fransa Ermənistana və keçmiş Dağlıq Qarabağa dəstək verir. Onların bu əməlləri bir gün ifşa olunmalıdır. Həmin gün isə düşünürük ki, uzaqda deyil...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR