İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiinhisar Agentliyi monopolistlərə qarşı

Süni qiymət artımlarının qarşısını almaq, haqsız rəqabət və idxal “monopoliyası” ilə mübarizə aparmaq qurumun vəzifə öhdəliyi olacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılacaq.  Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması nəzərdə tutulub.

Fərmana əsasən, yeni yaradılan agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam, standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.

Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan kimi fəaliyyət göstərəcək. Göründüyü kimi, yeni qurumun fəaliyyət istiqamətləri həm rəqabətin daha yaxından müdafiəsi, həm də antiinhisar fəaliyyəti baxımından vacib sahələrdir.

Bəs yeni yaradılan agentlik monopolistlərlə mübarizədə uğur qazana biləcəkmi?

ELDE.jpeg (255 KB)

Eldəniz Əmirov 

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Dəfələrlə publik olaraq çıxışlarımda səsləndirdiyim fikirlərdən biri də reallaşdı. Belə ki, dəfələrlə çıxışlarımda rəqabət mühitinin qorunması və ən əsası da təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətlərinin artırılmasını və müstəqil qurum kimi formalaşdırılması təklif etmişdim. Çünki hazırkı səlahiyyətləri daxilində bu problemləri təkbaşına həll etməsi çətin idi. Odur ki, rəqabət mühitinin qorunması və ən əsası da təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün rəqabət orqanına daha yüksək səlahiyyətlər verilməli idi.  Və budur, ölkə başçısı həmin qurumun əsasında birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaratdı. Sözsüz ki, bu qurumun işi o qədər də asan olmayacaq. Çünki yuxarıda qeyd etdiyim kimi, ölkədə rəqabət mühitini formalaşdırmaq və dayanıqlı saxlamaq üçün böyük güc və əzm lazım gələcəkdir. Süni qiymət artımlarının qarşısını almaq, haqsız rəqabəti və ədalətsiz bazar şərtlərini aradan qaldırmaq, idxal "monopoliyası" ilə mübarizə aparmaq, manipulyasiyaların və spekulyasiyaların qarşısını almaq və onlarla digər böyük işlər görmək məhz bu yeni agentliyin vəzifə öhdəlikləri olacaq. Bu çətin, lakin ölkə iqtisadiyyatı və zəncirin son həlqəsi olan sıravi ölkə vətəndaşı üçün son dərəcə vacib olan işində yeni agentliyə uğurlar arzulayıram".

Osman Gündüz — Vikipediya

Osman Gündüz 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də mövzu ilə bağlı fikir bildirib: “İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında eyni adlı agentliyə çevrildi. Yeni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi artıq haqsız rəqabət sektorunda, istehlakçıların hüquqlarının qorunması sahəsində söz sahibi olan, dövlət nəzarətini və tənzimləməni həyata keçirən mərkəzi icra orqanıdr. Bununla bağlı Prezidentin imzaladığı fərman çox əhəmiyyətlidir. Əlbəttə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müstəqil olması daha yaxşı ola bilərdi. Amma düşünürəm ki, bu qurumun Prezident yanında yaradılması indiki anda onun imkanlarını, istehlakçıların hüquqlarının qorunmasındakı rolunu, ən əsası isə inhisarçılarla "vuruşmadakı" mövqeyini  xeyli gücləndirəcək. Təsəvvür edin ki, “Aztelekom”la Antiinhisar arasında uzunmüddətli və çoxsaylı  məhkəmə çəkişmələrinin indiki mərhələsində hakim “Antiinhisar” sözünün qarşısında “Prezident yanında” sözü də işlətməlidir. İnanıram ki, faydası olacaq. Düşünürəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rolunun gücləndirilməsi ilə bağlı indiki situasiyanın formalaşmasında hazırda mediada, sosial mediada, xüsusilə də Facebook və  TikTok-da “internet böhranı” ilə bağlı etirazların da böyük rolu olub".

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da deyib ki, bu günə kimi istehlakçıların hüquqları arxa planda olub: “Zaman-zaman bu quruma açıq şəkildə bildirmişəm, 1995-ci ildə qəbul olunan "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun yenilənməlidir. Mən gözləyirəm ki, dəyişiklikdən sonra adıçəkilən qurum böyük səlahiyyətlərə malik olacaqdır. Əminəm ki, onlar ictimaiyyətlə daimi əlaqədə olacaq, jurnalistlərlə mütəmadi olaraq çalışacaq, medianı gündəlik informasiyalarla təmin edəcək, şəffaf və ictimai təşkilatlarla əlbir işləyəcək, ictimai maraqlara həssas yanaşacaq, problemləri həll edəcəklər. Ümumiyyətlə, Rəqabət Məcəlləsində inhisarçı sözü ilə bağlı dəyişiklik də edilməlidir, mənası aydın deyil. Bu  inhisara qaşı mübarizə aparan məcəllədirsə, anlayışın özü də verilməlidir. Ümumiyyətlə, istehlakçı hüquqları çox-çox arxada qalıb, yox dərəcəsindədir. Düşünürəm ki, yeni yaradılan və Prezidentə tabe olan bu qurum bazarın əsası olan, dövləti də, ordunu da saxlayan istehlakçı hüquqlarına diqqətlə yanaşacaq. Təsadüfi deyil ki, Azərbaycan Konstitusiyasının birinci maddəsində qeyd olunur ki, hakimiyyətin mənbəyi xalqdır. Xalqın hamısı istehlakçıdır. Yəni demokratik ölkənin biznes qurumunda bu ideya irəli gəlir ki, istehlakçı hər zaman haqlıdır. Çox təəssüf ki, bu məsələ Azərbaycanda yaxşı vəziyyətdə deyil".

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə deyib ki,  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yanacağın keyfiyyətindən tutmuş digər neqativ hallarla bağlı insanların şikayətlərini dinləyəcək: “Qurum ancaq cənab Prezidentə tabe olduğu üçün bu sahədə ciddi dəyişikliklərin olacağına inanıram”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR