İnsanlara hürriyət, millətlərə istiqlal!

“Antiamerikanizm” Avropada dəstəyini itirdi

Ukraynadakı müharibə Avropada anti-Amerika əhval-ruhiyyəsinin azalmasına səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Son sorğulara əsasən, avropalıların Rusiyaya münasibəti kəskin şəkildə pisləşib.

Avropa siyasətçiləri arasında da ABŞ-a münasibət yaxşılığa doğru dəyişir. Bəzi ənənəvi anti-Amerika siyasətçiləri isə hakimiyyətdə qalmaqda davam edirlər. Qəzet Macarıstanın baş naziri Viktor Orban, Xorvatiya prezidenti Zoran Milanoviç və Çexiyanın keçmiş prezidenti Miloş Zemanı misal çəkərək, sonuncunun yanvar ayında dövlət başçısı postunu NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavelə təhvil verdiyini vurğulayır.

Kembric Universitetinin Bennet İctimai Siyasət İnstitutunun 137 ölkənin sakinləri arasında apardığı sorğuya əsaslanan araşdırmaya görə, Rusiyanın Ukraynaya işğalçı hücumu qərblilərdə həm ABŞ-a, həm də NATO-ya daha çox sədaqət hissi yaradıb.

2022-ci ildə inkişaf etmiş ölkələrdən olan respondentlərin 64%-i ABŞ-a müsbət münasibət sərgiləyib. Bu da Amerikaya 2010-cu illərin ortalarında və 2020-ci illərin əvvəllərində itirdiyi populyarlığı geri qaytarmağa imkan verib. Avropa Komissiyasının ictimai rəyin monitorinqi departamentinin sorğusunun müəlliflərinin fikrincə, Vaşinqtonu dəstəkləyən avropalıların sayı müharibə başlayandan bəri artıb. Rəyi soruşulanların 72%-i ABŞ-ın Avropanın təhlükəsizliyinin qorunmasında iştirakını arzuladığını, 19%-i isə bunun əleyhinə olduğunu bildirib. 2021-ci illə müqayisədə ABŞ-a dəstəyin ən böyük artımı İsveç (2021-ci ildə 45% - hazırda 72%), Macarıstan (2021-ci ildə 60% - hazırda 71%) və Niderlandda (2021-ci ildə 66% - hazırda 75%) müşahidə olunur.

London İqtisadiyyat Məktəbinin (LSE) ekspertləri Avropanın ən nüfuzlu sosioloji xidmətlərindən biri olan Avropa Sosial Tədqiqatının məlumatlarını təhlil ediblər. Ekspertlərin rəyinə əsasən, müharibə Avropa cəmiyyətinin demokratiya və azadlıq ideyalarına dəstəyini daha da gücləndirib və hətta bununla bağlı konkret siyasi qüvvələrə inamı artırıb.

Qərbin Rusiyaya münasibəti isə öz növbəsində 2022-ci ildə kəskin şəkildə aşağı düşüb. Bennett İnstitutunun sorğusunda inkişaf etmiş ölkələrdə yaşayan insanların yalnız 12%-i Rusiyaya müsbət baxdığını bildirib. “Demokratik cəmiyyətlərin Rusiya və Çinə münasibəti daha mənfidir, avtoritar cəmiyyətlər üçün isə bunun əksi baş verir”, - deyə sorğunun müəlliflərindən biri Xavier Romero-Vidal FT-yə bildirib.

“Pew” araşdırma mərkəzinin sorğusuna əsasən, savaş başladıqdan sonra Avropada sağçı populist tərəfdarlar arasında da Rusiyaya münasibət pisləşib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR