İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada varsa, Bakıda niyə olmasın? - Rəsulzadəyə heykəl qoymağın zamanı

Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin abidəsi ucaldılıb. Rəsulzadənin heykəli Ankaradakı Türk Tarixi Muzeyinin parkında türk dünyasının tarixi şəxsiyyətlərinin heykəllərinin qoyulduğu parkda ucaldılıb.

Cümhuriyyət qurucusunun heykəli niyə Bakıda da olmasın? Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Rəsulzadənin Bakıda ziyarət ediləcək hansısa heykəli yoxdur. Rəsulzadənin yeganə abidəsi doğulduğu Novxanı kəndindədir. Artıq uzun illərdir ki, Bakının mərkəzində onun xatirəsini əbədiləşdirəcək heykəlin qoyulması ilə bağlı təklif və müzakirələr səslənsə də, hələlik məsələ həllini tapmayıb. Bunun səbəbi nədir?

Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov “Yeni Müsavat”a danışıb:

Elman Nəsirov: “Hər bir hərbçi fərqindədir ki, Vətənə ləyaqətlə xidmət  göstərəcəyi təqdirdə mükafatlandırılacaq” » Gundelik-Baku.Com

Elman Nəsirov: “Paytaxtda da Rəsulzadəyə heykəl qoymaq, ev muzeyini yaratmaq mümkündür”

“Ankarada Rəsulzadənin heykəlinin ucaldılması Türkiyənin Azərbaycan Cümhuriyyətinin yaradıcılarından birinin şəxsiyyətinə olan böyük bir ehtiramın ifadəsidir.

Azərbaycan dövləti hakimiyyəti Heydər Əliyev zamanından bu günə qədər Xalq Cümhuriyyəti irsinə hər zaman böyük qiymət verib, Cümhuriyyət günü yüksək səviyyədə qeyd olunub, onun qurucuları üçün abidə qoyulub. Bildiyiniz kimi, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı müvafiq sənəd imzaladı,  medal təltif olunub və sairə.

Məlum olduğu kimi, Azərbaycan paytaxtında  Rəsulzadəyə heykəl qoyulub, bu, Bakı kəndi olan Novxanıdakı abidədir. Lakin Bakı şəhərinin mərkəzində də belə bir abidənin qoyulması istisna deyil ki, mümkündür. Həmçinin onun adına muzeyin yaradılması da mümkündür".

Millət vəkili Fazil Mustafa isə qeyd etdi ki, hazırda iqtidarda Rəsulzadəyə olan münasibət layiqli səviyyədə deyil:

“Onun adının əbədiləşdirilməsi istiqamətində işlər getmir və ya buna qısqanclıqla yanaşılır. Təkcə Rəsulzadə deyil, Azərbaycan xalqını xilas edən Nuru Paşanın abidəsi və ya xatirəsini əbədiləşdirən hansısa addım atılmayıb. Hesab edirəm ki, artıq spekulyasiyalara son qoyulmalıdır. Əslində iqtidar hamıdan çox Rəsulzadəyə maraq göstərməlidir. Fikrimcə əgər təkliflər verilsə, dövlət rəhbərliyi bu təklifləri yüksək səviyyədə dəyərləndirər.  Xatırladım ki, Bakıda Rəsulzadənin heykəlinin ucaldılması ilə bağlı dəfələrlə parlamentdə məsələ qaldırmışıq. Hətta onun adını əbədiləşdirəcək ev muzeyinin olmasını da təklif etmişik. Yəni bir ev alıb, onu Rəsulzadənin ev muzeyi etmək, onun xatirələrini yaşatmaq bu qədər çətin məsələdir? Bu, çox acınacaqlı vəziyyətdir. Bu məsələdə laqeydlik, əsassız ittihamlar, əsassız dedi-qodular əslində mənəvi mühitimizə zərər vurur. Ümid edirəm ki, bu məsələdə bir dəyişikliklər olacaq”.

Fazil Mustafa: “Bu, Mədəniyyət komitəsi tərəfindən hazırlanacaq sənəd deyil”

Fazil Mustafa: “Hazırda iqtidarda Rəsulzadəyə olan münasibət layiqli səviyyədə deyil”

AĞ Partiya sədri Tural Abbaslı da qeyd etdi ki, hazırda iqtidarda Rəsulzadəyə qarşı münasibət sovetdən qalma bir yanaşmadır ki, bu da çox yanlışdır:

“Bugünkü və yaxud sabah mövcud olacaq iqtidarlar tarixə və tarixi şəxslərə, proseslərə onun tarixdə, Azərbaycan dövlətində, dövlətçiliyində oynadığı rol aspektindən deyil, sırf cari, hazırki iqtidarın siyasi ideoloji yanaşmasına uyğun olaraq baxırlar. Rəsulzadənin, onun ətrafında olan quruculara yad münasibət də buradan qaynaqlanır.

Rəsulzadə hamımızın, iqtidarın da, müxalifətin  də Rəsulzadəsidir. Ümumiyyətlə, bütün tarixi şəxsiyyətlərimiz bizim dövlətin, millətin ümummilli dəyəridir.

Güman etmək istərdim ki, Rəsulzadəyə, ümumiyyətlə, tariximizə olan yanlış münasibət kadrların dəyişməsi ilə dəyişəcək.

Buradan hakimiyyətə səslənirəm, istər Bakı Dövlət Universitetinə Rəsulzadənin adının qaytarılması, istərsə də şəhərin mərkəzində heykəl qoyulması, haqqında məlumatların dərsliklərə salınması, yaşadığı kənddə onun adına muzeyin yaradılması, həmçinin digərləri, o cümlədən Topçubaşova qarşı olan münasibət artıq dəyişməlidir. Yəni tarix siyasiləşdirilməməlidir. Bu bizim ümummilli tarixi keçmişimiz, dəyərlərimizdir".

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “İqtidarda Rəsulzadəyə qarşı münasibət sovetdən qalma bir yanaşmadır ki, bu da çox yanlışdır”

Rəsulzadə irsinin araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, professor Nəsiman Yaqublu isə bildirdi ki, Rəsulzadəyə iki yerdə ev muzeyi yaratmaq mümkündür:

“Öncə qeyd edim ki, qardaş ölkədə Rəsulzadəyə heykəl qoyulması çox əhəmiyyətli və vacib bir məsələdir.  Bu, bizim dövlətçilik tariximiz,  dövlətçiliyimizin, Azərbaycan Cümhuriyyətinin əsasını  qoyan şəxsiyyətlərə diqqətli münasibətin nəticəsidir. Bu yaxınlarda Gəncədə Qafqaz İslam  Ordusu və Nuru Paşaya abidə qoyuldu. Bu da yaxşı hadisədir. Yəni hər iki qardaş dövlət bir-birinin tarixinə sayğılı münasibət bəsləyir.  Biz burada Qafqaz İslam Ordusuna, Nuru Paşaya abidə qoyuruq, onların xatirəsini yad edirik, onlar da Türkiyədə, Ankarada  Rəsulzadəyə heykəl qoyurlar və sairə.

Təbii ki, hamımız arzulayırıq ki,  Azərbaycanda, Bakı şəhərində Rəsulzadəyə həm də bir ev muzeyi açılsın. Ev muzeyi ilə bağlı həmişə iki təklif gündəmə gəlir. Birinci təklif onun Bakı şəhərində yaşadığı ev muzeyinin açılmasıdır. Bu, indiki İslam Səfərli küçəsi ilə Nizami küçəsinin kəsişdiyi yerdə, keçmiş Vorontsov küçəsi 15 ünvanıdır, hansı ki, indiki Mərkəzi Univermağın yaxınlığı. Rəsulzadənin öz oğlu da o vaxt hökumətə bu ünvanı göstərmişdi ki, evləri bu ünvanda olub. Hələ 1920-ci ildə, Rəsulzadənin, Cümhuriyyətin vaxtında  çap edilən “Adres kalendar” kitabında Cümhuriyyətin bütün qurucularının ev ünvanı verilib, orada Rəsulzadənin ev ünvanı qeyd etdiyim ünvandır.  Təbii ki, sonradan Rəsulzadənin ailəsi həmin ünvandan çıxarılıb, başqa yerə köçürülüb.

Amma onun oğlu Azər Rəsulzadə gəlib həmin ünvanı göstərdi ki, bizim atamızın evi bu ünvan olub və bu haqda  sənəddə də yazıb, altından qol çəkib. Lakin bəziləri yanlışlıqlara yol verərək, başqa ünvanı verirlər.

İkinci təklif isə budur ki, Novxanıda onun doğulduğu evdə ev muzeyi yaradılsın. Bildiyiniz kimi, hazırda orada uşaq bağçası yerləşir. Düşünürəm ki,  Rəsulzadənin orada da ev muzeyinin yaradılması mümkündür və uşaq bağçasını başqa yerə köçürmək olar. Məlum məsələdir ki, ora Rəsulzadənin doğulduğu, ata yurdu, axund molla Ələkbərin evidir. O həyətdə, o evdə o ailənin, nəslin çoxlu sayda yadigarları var ki, adamı xeyli duyğulandırır. Həmçinin orada Rəsulzadənin öz xatirələrində yazdığı məqamlar var ki, hazırda o evdə qalır. Məsələn, həyətdəki quyu, evin içərisində kitab saxlanılan yer var və sairə.

Azərbaycan Cümhuriyyətinin səsi - Nəsiman Yaqublunun araşdırması

Nəsiman Yaqublu: “Bakıda Rəsulzadəyə iki yerdə ev muzeyi yaratmaq mümkündür, bunlar... ”

Hesab edirəm ki, Cümhuriyyət tariximizi quranların, yaşadanların ev muzeyləri yaradılmalı, heykəlləri, abidələri qoyulmalıdır. Bu həm də bizim tariximizə sayğılı münasibətimizin göstəricisi olardı. Bu irsi geniş şəkildə araşdırmalı, ictimaiyyətə çatdırmalıyıq. Sovetlər birliyi dövründə uzun illər tariximiz, tarixi şəxsiyyətlərimiz kölgədə, qapalı qalıb,  tam şəkildə araşdırılıb, ortalığa  qoyulmayıb. 

Bu il Şuşa İlidir. Şuşanın mədəniyyət tarixini araşdıranda məlum olur ki, onun çox böyük tarixi şəxsiyyətləri var ki, onlar tam araşdırılmayıb. Çünki sovet dövründə bu, qadağan edilib və buna görə Şuşa irsi  yarımçıq qalıb. Məsələn, Əhməd Ağaoğlu, Ceyhun Hacıbəyli Şuşa irsində yoxdur. Görün indi Şuşa nə qədər itirib. Eləcə də bizim tariximizdə Cümhuriyyətimiz, onu yaradanlarla bağlı, o cümlədən Rəsulzadə, Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov haqqında araşdırmalar azdır.  Bu irsi araşdırmaq və öyrənmək bunun üçün isə dövlətin dəstəyi lazımdır. Hər şey axırda gəlib  maliyyənin üzərində dayanır. Bu işləri mərkəzləşdirmək üçün qurum, təşkilat yaradılmalıdır.

Təbii ki, son vaxtlar bu istiqamətdə işlər görülüb, kitablar da çıxır. Lakin bu işi bir qədər də sürətləndirmək, intensivləşdirmək lazımdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR