Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ankarada Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətləri, fəal siyasi dialoq nəticəsində ikitərəfli əməkdaşlığın daim möhkəmləndiyi, ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsində olduğu vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilən əlaqələrin əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etdiyi bildirilib. Bu sahələrdə ötən dövrdə 8 əməkdaşlıq sənədinin imzalandığı, pensiya təminatı üzrə də yeni əməkdaşlıq sənədi layihəsinə baxıldığı qeyd edilib.
S.Babayev və Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev arasında keçirilən görüşdə nazir 15 il əvvəl yaradılan TDT-nin üzv ölkələr arasında qısa müddətdə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm uğurlar əldə etdiyini bildirib. O, təşkilata üzv ölkələrin əmək və sosial müdafiə qurumları arasında əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
TDT çərçivəsində ailə və sosial siyasət məsələləri üzrə əməkdaşlıq platformasının mövcud olduğunu bildirən S.Babayev təşkilat çərçivəsində əmək və məşğulluq üzrə işçi qrupunun da yaradılması, əmək və məşğulluq məsələlərinə cavabdeh nazirlərin mütəmadi iclaslarının keçirilməsi təklifini diqqətə çatdırıb. K.Ömüralıyev təşkilata üzv dövlətlər arasında əmək və sosial müdafiə sahəsində də əlaqələrin genişlənməsinin qarşılıqlı faydalı olduğunu, bu istiqamətdə TDT-nin səylərini davam etdirəcəyini vurğulayıb.
S.Babayev, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu ilə görüşüb. Son dövrlərdə ikitərəfli təmasların dinamikasında ciddi artım olduğunu vurğulayan S.Babayev Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib. S.Gardiyanoğlu ikitərəfli əməkdaşlığın mütəmadi genişlənməsinin məmnunluq doğurduğunu və bu istiqamətdə səylərin qarşıdakı dövrdə də davam edəcəyini bildirib.
Görüşlər TDT-yə üzv dövlətlərin əmək və sosial müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə Ankarada “Türk dövlətlərində sosial müdafiə, əmək və sosial xidmətlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində olub.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ