İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar yenidən AYB sədri seçildi

Gənclər qurultayda dava saldı; “Bizim nəinki namizədliyimizi tanımadılar, heç söz də vermədilər...”

Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilib. Gözlənildiyi kimi qurultayda bir çox ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan nümayəndələri, həmçinin qurumun 330-dək üzvü iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin deputatları, dövlət və hökumət qurumlarının üzvləri də qurultayın qonaq qismində olublar.

Tədbiri giriş sözü ilə xalq yazıçısı Anar açıb. O, çıxışında qurultayın 3 il gecikdirilməsi məsələsinə aydınlıq gətirib.

“Azərbaycan Yazıçılar Birliyinin Qurultayı 3 il öncə olmalı idi, amma gecikdik. Gecikmənin səbəbi isə pandemiya olub. Buna baxmayaraq, bu müddət ərzində qurumda qurultay səviyyəsində məruzələr dinlənilib və kitab kimi nəşr olunub”, - deyə xalq yazıçısı Anar qeyd edib.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, AYB-nin üzvü İsa Həbibbəyli çıxış edib. O, keçirilən qurultayın Azərbaycan dövlətinin tarixində mühüm yer tutacağını deyib.

Daha sonra isə qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətin mətnini şair, dramaturq İlqar Fəhmi oxuyub.  Müraciətdə Azərbaycan yazıçıları Vətən müharibəsində qazanılan Zəfərə görə, həmçinin yazıçı və şairlərə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edilib.

Tədbirdə yazıçı Anarın təklifi ilə Türkiyənin sabiq mədəniyyət naziri, qələm adamı Namiq Kamal Zeybək Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

Qurultayıda iştirak edən xalq şairi Ramiz Rövşən yazıçı Anarın sədr seçilməsini istədiyini deyib:

“Anardan sonra Yazıçılar Birliyinin sədrliyinə tamah salan da olmayacaq. Anardan sonrakı Azərbaycan Yazıçılar Birliyi hazırkı Yazıçılar Birliyi ola bilməz. Bizdə hələ də həlledici vəzifədən çox şəxsiyyətdir. Bu, bizim reallığımızdır.

Mən sizə deyim ki, Anardan sonra sədrliyə tamah salan da olmayacaq. Anara alternativ olmaması, alternativ ola biləcək insanların Anara olan hörmətindən və məhəbbətindən asılıdır. Yazıçılığı kənara qoysaq, Anar qədər birləşdirici adam tapmaq çox çətindir. Bu, böyük şərtdir. Auditoriyadakı əbədiyyət iddialı insanların qarşısında danışmaq çətindi, gör, onlara rəhbərlik etmək nədir".

Xalq yazıçısı Kamal Abdulla isə qeyd edib:

“Bu gün yazıçılarımızın Anardan başqa ciddi, keçmişi dəyərləndirə bilən və bu günün qədrini bilən bir sədr kimi başqa namizədi ola bilməz”.

Millət vəkili, yazıçı Aqil Abbas da AYB-nin sədr postuna yalnız Anarı gördüyünü deyib:

“Çünki o, Azərbaycan xalqının pasportudur”.

Əvvəlcə qurumun 4 komissiyası, onların sədr və müavinləri təyin olunub, daha sonra isə saat 16:30-dan sonra sədr seçkisi keçirilib. 1987-ci ildən birliyin sədri olan 84 yaşlı yazıçı Anar bu dəfə də sədr seçilib. Səsvermə zamanı qurultay iştirakçılarının əksəriyyəti ona səs veriblər. Səsvermədən sonra çıxış edən Anar “Məni seçənlərə də, etiraz edənlərə də, bitərəf qalanlara da təşəkkür edirəm. Beş il sonra məni seçmək istəsələr, razı olmayacam” deyib.

Qeyd edək ki, qurumun sədr vəzifəsinə üç namizəd qeydə alınmışdı.  Onlar xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərli  idi. Lakin seçki zamanı Emil Rasimoğlu və Fuad Cəfərlinin AYB sədrliyinə namizədliyi səsə qoyulmayıb. Nəticədə qurultayın sonunda dava düşüb. Hər iki yazıçı Anara etiraz edib. Onlar uzun müddət bu postu tutan Anarın yenidən sədr seçilməsinin ədalətli olmadığını, bu seçkinin düzgün keçirilmədiyini və nəticələrin qanunsuz olduğunu bildiriblər.

Məsələ ilə bağlı yazıçı Emil Rasimoğlu “Yeni Müsavat”a deyib ki, hələ 2019-cu ildən AYB-nin sədrliyinə öz namizədliyini irəli sürəcəyini açıqlayıb: “Bir neçə gün bundan əvvəl isə AYB-nin qurultay üzvlərinin adları açıqlandı və mənim də adım siyahıda idi. Mən AYB-nin Nizamnamə qaydalarına uyğun olaraq qurultay nümayəndəsi kimi namizədliyimi irəli sürmüşdüm. Nizamnamə qaydasına əsasən qurultay üzvləri öz namizədliyini irəli sürə bilər. Mən də qaydalara uyğun olaraq namizədliyimi irəli sürdüm və bu barədə mətbuat, media orqanlarında məlumat bildirdim. Lakin keçirilən qurultayda bizim namizədliyimiz yazıçı Anar və heyət üzvləri tərəfindən tanınmadı, heç söz də vermədilər.

Beləliklə, keçirilən qurultay bundan əvvəl keçirilən qurultayların təkrarı oldu və bu təkrarlıq yalnız Anarın sədrliyinə xidmət edir".

Xatırladırıq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilmişdi.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR