İnsanlara hürriyət, millətlərə istiqlal!

“Amnesty International”ın dığa sevgisi - yenə köhnə mərəz...

Təşkilatın məruzəsi başdan-ayağa ermənilərin müdafiəsinə yönəlib, hakimiyyətdən Araikin nəzarətində olan ermənilərə “qayğı” tələb olunur; tanınmış hüquq müdafiəçiləri və ekspert işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasını qərəz adlandırdı

“On illər boyunca Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda münaqişə insanlar üçün iztirab mənbəyi olub”- “Yeni Müsavat” bildirir ki, bu barədə “Amnesty İnternational”ın dərc edilmiş iki məruzəsində belə deyilir.

 “Ən son qaçış: Dağlıq Qarabağda münaqişə zamanı yaşlı insanların məcburi köçürülməsi və onlara qarşı hərbi cinayətlər” adlanan birinci məruzə başdan-ayağa ermənilərin müdafiəsinə yönəlib. “Dağlıq Qarabağ münaqişəsi silahlı münaqişə zamanı yaşlı insanların hansı xüsusi risklərlə qarşılaşdıqlarını göstərir. Çox vaxt onlar ən sonda qaçırlar, sonra isə on illər boyunca müharibənin nəticələrini yaşayırlar”, - deyə sözügedən təşkilatın böhranlara reaksiya komandasının yaşlı insanlarla bağlı tədqiqatçısı Lora Mills bildirib.

Daha sonra “Bütün köçkünlər ilkin yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququna malikdir. Yaşlı insanların üzləşdiyi xüsusi risklər nəzərə alınmalıdır. Azərbaycan hakimiyyəti onların lazımi mənzil və digər insanlarla eyni şəkildə qazanc əldə etmək imkanı ilə təmin edilməsi üçün ondan asılı olan hər şeyi etməlidir”, - deyə L.Mills qeyd edib.

Hesabatın ikinci hissəsində isə Azərbaycanda yaşlı insanlar üçün məcburi köçkünlük haqda bəhs edilir. “Ermənistan qüvvələrinin mülki obyektləri məhv etməsi və vətəndaşların əmlakını müsadirə etməsi, habelə yerüstü minalardan geniş istifadəsi beynəlxalq humanitar hüquq normalarının pozuntusudur. Bu pozuntular nəinki köçkünlərin qayıtmaq hüququnu həyata keçirməsinə mane olur, həm də Azərbaycanın məcburi köçkünlərin münaqişənin əhatə etdiyi rayonlara köçürülməsi üzrə səylərinə ciddi maneə törədir”, - deyə o bildirib. Sonda hər iki hakimiyyətə çağırış da edilir.

Amma burada əsas məsələ ermənilərlə azərbaycanlı yaşlıların arasına bərabərlik işarəsinin qoyulmasıdır. Üstəlik, ermənilərə qarşı hansısa mifik hərbi cinayətdən söhbət gedir. Azərbaycan hakimiyyətinə “onların lazımi mənzil və digər insanlarla eyni şəkildə qazanc əldə etmək imkanı ilə təmin edilməsi” haqda çağırışında məntiq olsa da, separatçı rejimin hələ də qısasçılıq meyllərindən əl çəkmədiyi, əslində yaşlı erməniləri onların risk altına qoyduğu “unudulur”. Görünən odur ki, guya obyektivliyi qoruyub saxlamağa çalışan “Amnesty İnternational” Azərbaycana qarşı qərəzli mövqeyindən, necə deyərlər, dığa sevgisindən vaz keçə də bilmir.

Bu, xərçəng deyil, adi bir qripdir” – Novella Cəfəroğlu

Novella Cəfəroğlu

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a qeyd etdi ki,  “Amnesty İnternational” təşkilatının nə söylədiyinə əhəmiyyət vermək lazım deyil. Hüquq müdafiəçisi təklif edir ki, onları Azərbaycana çağıraq və gəlib reallıqları görsünlər. N.Cəfəroğlunun sözlərinə görə, adıçəkilən təşkilat erməni lobbisinin təsiri altındadır. “Azərbaycan bir sıra böyük dövlətlərdən xeyli irəli gedib. Biz müharibəni udmuşuq, Rusiya kimi indi Ukraynanın şəhərlərini dağıdan nəhəng dövləti həmin prosesdə neytral saxlaya bilmişik, Prezidentin müsahibələri  hesabına informasiya blokadasını qırmışıq və dünyaya öz gücümüzü nümayiş etdirmişik. Amma cənab İlham Əliyevin strateq kimi qoyduğu məsələlər bir çox dövlətləri narahat etməkdədir. Məsələn, Zəngəzur koridorunun açılması...Əslində bu nəqliyyat bütün dövlətlərə vacibdir, Paşinyan da başa düşür ki, Ermənistana fayda gətirəcək, amma revanşistlərin çirkin niyyəti ucbatından imkan vermir. Onlar yaxşı bilir ki, postsovet məkanında Azərbaycanın nüfuzu daha da artacaq. Ona görə ”Amnesty İnternational" bizi Ermənistanla bərabər tutmağa çalışır. Onlar erməni lobbisinə bağlıdırlar. Gəlin, heç nəyə fikir verməyək, gəlsinlər, görsünlər".

Hüquq müdafiəçisi qeyd etdi ki, biz ermənilərlə qonşuyuq və normal münasibət quraraq yaşaya bilərik: “Zəngəzur dəhlizinin açılması bu münasibətə müsbət mənada ciddi təsir edəcək. Ona görə qoymurlar ki, bu millətlər bir yerdə yaşasınlar. Təşkilat Naxçıvanın 30 il blokadada qalmasını niyə demir? Deməli, qərəz var. Əsas məsələ budur ki, biz işğaldan torpaqları azad etmişik, öz təklifərimizi Ermənistana göndərmişik, dünya görür ki, Azərbaycan sülh müqaviləsinin tərəfdarıdır, bundan yayınan tərəf isə Ermənistandır. Nə qədər istəyirlər hesabatlar, bəyanatlar yaysınlar, biz öz siyasətimizi davam etdirməliyik, dünya da görməlidir ki, ədalətli mövqedən çıxış edən kimdir”.

Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə  etmələri qanunvericiliyə uyğun təşkil olunur - AZƏRTAC

Səadət Bənəniyarlı 

Tanınmış hüquq müdafiəçisi Səadət Bənəniyarlı isə qeyd etdi ki, onlar heç zaman Azərbaycanla Ermənistana fərq qoymazlar. S.Bənəniyarlının sözlərinə görə, bu, onların xasiyyətidir: “Onlar həmişə fərq qoyur - bizi ermənilərin yanına qoymaqla...Onu da deyim ki, həmin təşkilatda işləyən gürcü soyadlı ermənilər var. Bir-ikisi gəldi, sonra yerlərinə uyğun adamları gətirdilər, onun ardınca təşkilatın prinsiplərində dəyişiklik oldu. Ona görə həmin adamların yayılan hesabatlarda rolu oldu”.

Xəyal Bəşirov: "Yeni Qarabağ müharibəsi əslində bizim haqqımızdır" »  Newscenter.az

 Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, bütövlükdə “Freedom House”, “Sərhədsiz Reportyorlar”, “Human Right Watch” və “Amnesty İnternational” kimi təşkilatlar həmişə ermənipərəst mövqe sərgiləyib. Ekspertin fikrincə, bu təşkilatın hesabat, təəccüb doğurmur: “Ermənilər bizə soyqırımı törədib, kütləvi məzarlıqlar aşkarlanıb, 1 milyona yaxın insanın hüquqları pozulub, amma indiyədək heç bir ciddi hesabat sənədi ortaya qoyulmayıb. İndi ərazilər işğaldan azad edilib, guya həmin təşkilat balansı qoruyaraq hesabat yayır”.

Siyasi şərhçinin sözlərinə görə, Gəncə, Bərdə, Tərtər kimi müharibə meydanından uzaqda yerləşən şəhərlərə raketlər atılıb, amma bu hadisələrə də beynəlxalq təşkilatların kəskin etirazı olmadı: “Eyni zamanda Prezidentin və xanımının azad edilən yerlərə intensiv səfərləri, Qarabağda erməni vəhşiliyinin sübutlarını göstərmələri, diplomatik korpusların nümayəndələrinin dəvət edilməsi, xarici jurnalistlərə ermənilərin törətdiyi cinayətlərin nümayiş etdirilməsi belə bu təşkilatların vicdanını oyatmadı. Bütün cinayətləri göstərdik. Təəssüf ki, yenə ədalətli olmadılar, reallığı dilə gətirmədilər. Deməli, vicdanlı deyillər. Ona görə bu cür hesabatlar təəccüb doğurmur. Əgər Azərbaycanla Ermənistanın addımları eyniləşdirilirsə, hansı obyektivlikdən danışmaq olar?”

X.Bəşirov işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasını ermənipərəst mövqedə dayanmaq kimi qiymətləndirir: “Bu gün separatçıların oradan çıxarılmasını tələb edirik, ancaq xarici təşkilatlar Qarabağın dağlıq ərazisindəki yaşlı ermənilərin dərdini çəkirlər. Onlar bilmirlər ki, yolunu azmış həmin Azərbaycan vətəndaşları olan ermənilər separatçıların təsiri altındadırlar. Digər məsələ isə mina problemidir. Biz bu səbəbdən insanları azad edilən ərazilərə, yurd-yuvasına hələ qaytara bilmirik. Bütün bunların qarşılığında Ermənistanla Azərbaycanı bərabərləşdirmək yalnız qərəzdən irəli gəlir. Hansı mövqeni tutmalarından asılı olmayaraq, biz mübarizəmizi davam etdiririk”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR