Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə Ruhulla Abdullazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Ruhulla Abdullazadə kriminal aləmdə “Amin Mərdəkanski” ləqəbi ilə tanınan Amin Xudaverdiyevi öldürməkdə ittiham olunur.
Musavat.com xəbər verir ki, hazırlıq iclasında müttəhimin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı Orxan Səmədov cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. Müttəhim və vəkili təkliflə razılaşıblar. Hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar. Cinayət işi araşdırılması üçün məhkəmə baxışına verilib.
Qeyd edək ki, bu il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Xəzər rayonu Mərdəkan çimərliyi ərazisində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruhulla Abdullazadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Ruhulla Abdullazadə qətli qisas məqsədilə törədib. İttihama görə, 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 53 yaşlı Abdullayev Cavanşir Ruhulla oğlu "Revolver" markalı tapança ilə qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub. İstintaq araşdırması zamanı hadisənin törədilməsində iştirak edən daha bir nəfər - Seymur Adil oğlu Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.
İstintaqla müəyyən edilib ki, 2023-cü il noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı "Revolver" tipli silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu Xudaverdiyev də saxlanılıb. O, polisə gələrək təslim olub. Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.
Belə ki, Cavanşir Abdullayev Pərvizin əmisi Mərdəkanlı Aminin qudası imiş. İddiaya görə, Cavanşir Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb. Mərhum Cavanşir Abdullayev quyu qazan texnikanın sürücüsü, Pərviz Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər. Onu da xatırladaq ki, 2024-cü ilin avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Amin Xudaverdiyev uzun illər kriminal aləmdə nüfuza malik olmuş Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən "Amin Mərdəkanski" ləqəbi ilə tanınan Amin Xudaverdiyev birincinin tərəfində dayanıb.
Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub. Onu da qeyd edək ki, Bakının Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə bağlı həbs edilən Pərviz Cabir oğlu Xudaverdiyev və onun qohumu Seymur Adil oğlu Xudaverdiyevin cinayət işinə ayrı icraatda baxılır. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılır.
Məhkəmənin baxış iclası yanvarın 13-nə təyin olunub.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ