Onlayn ictimai-siyasi qəzet
Hər şey kiçik qazanclardan başlayıb. SSRİ Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin Nyu-Yorkdakı rezidenturasının əməkdaşı Nikolay Çernov hər ay 300-500 dollar əlavə gəlir əldə edib. Belə ki, texnik-əməliyyatçı vəzifəsində xidmət edən Çernov kiçik foto və texniki avadanlıqların alınmasında yerli satıcılarla dil taparaq alış-veriş zamanı ödəniş qəbzlərində məbləği yüksək yazdırıb. Arada qalan fərqi isə halal pulu kimi öz cibinə qoyub. Əvvəllər bu qazanc Çernovu qane edib. Amma çox keçməmiş tamah onu üstələyib. Digər tərəfdən ABŞ-ın xüsusi xidmət orqanları əməkdaşlarından aldığı təklif də Çernovun varlanmaq arzusunu gerçəkləşdirib.
1962-ci ildə rezidenturanın texniki laboratoriyasında aparılan kiçik təmir işi ilə bağlı Çernov 200 dollarıq təmir materialları alarkən ödəniş qəbzində 450 dollar yazdırıb və mağaza işçisinə bildirib ki, sabahısı gün də material alacaq. 250 dollar qazanan əməliyyatçı səhəri gün mağazaya gedəndə onu Federal Təhqiqat Bürosunun (FTB) iki əməkdaşı qarşılayıb. FTB əməkdaşları Çernova ötən gün aldığı materialların əsl ödəniş qəbzini göstəriblər və bildiriblər ki, maliyyə maxinasiyası haqqında müvafiq qurumları məlumatlandıracaqlar. Onlar bu işin üstünün açılmaması üçün Çernova çıxış yolu da göstəriblər, FTB ilə əməkdaşlıq etmək yolunu. Çernov sövdələşməyə dərhal razı olub. O, bu işdə böyük qazancın olduğunu yaxşı anlayıb. Amma bu böyük qazanc Çernovu böyük Nyu-Yorkdan Moskva həbsxanalarına aparıb...
Nikolay Çernov 1920-ci ildə Moskvada anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Mendeleyev adına Kimya Texnologiyaları İnstitutunda ali təhsil alıb. Uşaqlıqdan foto sənətinə böyük maraq göstərən Çernov bu işin mükəmməl bilicisi olub. Köhnə şəkillərin, cırılmış, yarısı olmayan fotoların bərpası ilə məşğul olan kimyaçı bu işdən də pul qazanıb.
Sovet-alman müharibəsi başlananda Çernov hərbi xidmətə çağırılıb. Müharibənin sonuna qədər Belarusiya cəbhəsində xidmət edib, hərbi əməliyyatlarda fərqləndiyinə görə bir neçə orden və medalla təltif olunub.
1946-cı ildə ordudan tərxis olunan Çernov bir müddət Moskvada Kimya İnstitutunun laboratoriyasında öz ixtisası üzrə işləyib. Onu mütəmadi olaraq foto mütəxəssisi kimi hüquq-mühafizə və xüsusi xidmət orqanlarına dəvət ediblər. Çernovu göstərdiyi xidmətlərə görə pulla mükafatlandırıblar. Xidməti münasibətlərin rəsmiləşdirilməsi üçün Çernova Baş Kəşfiyyat İdarəsində iş təklif olunub. Təklifi məmnuniyyətlə qəbul edən Çernov idarənin texniki əməliyyat şöbəsində xidmətə başlayıb.
1961-ci ildə Çernov Baş Kəşfiyyat İdarəsinin Nyu-Yorkdakı rezidenturasına texnik-əməliyyatçı təyin edilib. Rezidenturadakı fotolaboratoriya ona həvalə olunub. Eyni zamanda rezidenturanın poçt xidməti ilə də Çernov məşğul olub.
SSRİ-dən fərqli olan Amerika həyatı Çernovun gözlərini qamaşdırıb. Əyləncə mərkəzləri, kafe və restoranlar, gecə klubları sovet kəşfiyyatçısına əsl cənnəti xatırladıb. Bu həyatı istədiyi kimi yaşamaq üçün isə Çernova aldığı əmək haqqı azlıq edib.
Rezidenturanın təmir işləri, foto və texniki avadanlıqların, kargüzarlıq ləvazimatlarının alınması və digər cari xərclər məsələsi daxili əmrlə Çernova tapşırılıb və o, bundan istifadə edərək yuxarıda qeyd etdiyimiz kimi əlavə gəlir əldə edib.
Əvvəlcə FTB, daha sonra isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə könüllü əməkdaşlıq Çernovun həyatını tamamilə dəyişib. O, gününün yarıdan çoxunu Nyu-Yorkun prestijli restoranlarında, əyləncə məkanlarında keçirib, bəzi hallarda isə işə sərxoş vəziyyətdə gedib.
Bu əyləncələrə baxmayaraq, Çernov amerikalılarla sövdələşməsində verdiyi vədlərə də qədərindən artıq əməl edib. 1972-ci ilə qədər Çernov Amerika xüsusi xidmət orqanlarına 3 mindən artıq məxfi sənəd, minlərlə foto ötürüb, ABŞ-da sovet agentura şəbəkəsinin 100-ə qədər üzvü Çernov tərəfindən satılıb. Bunun qarşılığında o, mövcud dövr üçün kifayət qədər böyük sayılan məbləğlər qazanıb.
Çernov öz işini olduqca ehtiyatla tutub, heç bir şübhə yeri qoymayıb. Amma onun əyləncələri, günün çox hissəsində sərxoş olması Baş Kəşfiyyat İdarəsi rəhbərliyinin diqqətindən yayınmayıb. Elə bu səbəbdən də o, 1972-ci ildə geri çağırılıb. Onu idarənin texniki laboratoriyasında işlə təmin ediblər. Çernov bu işdə çox tab gətirə bilməyib. İçkiyə qurşanmağı, tüfeyli həyat tərzi idarə rəhbərliyini müvafiq qərar çıxarmağa məcbur edib. Beləliklə də Çernov öz ərizəsi ilə işdən azad edilib.
İşindən uzaqlaşdıqdan sonra Çernov Moskvadan da uzaqlaşıb. O, Amerikada qazandığı pullar hesabına Kaluqada özünə böyük həyət evi tikdirib, təsərrüfatla məşğul olub. Əməllərinin açılmayacağından arxayın olan casus əyyaşlığını davam etdirib. Onun ağlına da gəlməyib ki, illər sonra DTK əməkdaşları qapısını döyəcək.
1987-ci ildə Baş Kəşfiyyat İdarəsinin generalı Dmitri Polyakov ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işləməyinə görə həbs ediləndə verdiyi ifadələrdə Çernovun da adını çəkib. Generalın istintaqı ərəfəsində Çernov da həbs olunub. O, istintaqa öz əməllərini etiraf edib. Məhkəmə onu 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hökmün “yumşaq” olmasının səbəbi Çernovun səhhətindəki və psixoloji durumundakı problemlərlə bağlı olub. Cəmisi 6 aydan sonra isə Boris Yeltsin ABŞ rəsmilərinin qeyri-rəsmi xahişi ilə onu əfv edib. Azadlığa çıxdıqdan bir il sonra Çernov vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ