İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikadan dialoq çağırışı - ABŞ yeni missiyaya başlayır?

2023-cü il başlayandan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzrə prosesin başlaması, 2023-cü ildə buna mütləq nail olunması haqda müzakirələrə start verilib. Əlbəttə, 2022-ci ilin sonuna ümid edilən, lakin Ermənistanın pozuculuğu səbəbindən baş tutmayan sülhün 2023-ü ildə əldə olunması üçün ciddi səylər göstərilməlidir.

Vasitəçi tərəflərin, beynəlxalq qurumların, Ermənistanın arxasındakı güclərin də buna dair iradəsi olmalıdır. Mühüm, əsas məqam da ondan ibarətdir ki, Rusiya, Avropa İttifaqı və ABŞ arasında sanki bir “sülh mənim vasitəçiliyimlə baş tutmalıdır” yarışı var. Aİ-nin vasitəçiliyi ilə gedən prosesi Rusiya qəbullanmır, eynilə Rusiyada gedən danışıqlardan sonra Aİ digər təkliflə çıxış edir və hər iki tərəf Ermənistanı çox rahatlıqla öz tərəfinə çəkə bilir. Eynilə də ABŞ. Nəzərə çatdıraq ki, 2022-ci ilin payızında Aİ və Rusiya ilə paralel aparılan danışıqların müəyyən bir anlaşmaya yaxın mərhələsində ABŞ dövriyyəyə girdi. Həmin vaxt Filip Riker ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri də təyin olundu və bölgəyə səfər də etmişdi. Lakin proses uğurla nəticələnə bilmədi...

2023-cü ilin əvvəlində başlayan, davam edən sülh müzakirələrində, deyəsən, ABŞ yenə önə keçməyə çalışır. Belə ki, ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter yanvarın 17-də keçirilən ATƏT Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib ki, “ABŞ Azərbaycan və Ermənistanı mübahisələrini həll etmək üçün yenidən mənalı müzakirələrə qayıtmağa çağırır”. O bildirib ki, hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və ərazilərin qarşılıqlı tanınması əsasında uzunmüddətli sülhə aparan yeganə doğru yoldur: “Biz həmçinin Azərbaycanla Ermənistanı iddia edilən vəhşilikləri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. ABŞ bu regionda bütün xalqların təhlükəsizliyini yaxşılaşdırmaq üçün Şimali Makedoniya və ATƏT-lə işləməyi səbirsizliklə gözləyir”.

Səfir qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistanla bu məsələnin hərtərəfli və davamlı həllinə nail olmaq üçün Avropa İttifaqı kimi tərəfdaşlar və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli, çoxtərəfli şəkildə işləməyə davam edəcək.

ABŞ diplomatı çıxışında Laçın-Xankəndi yolu ətrafındakı son vəziyyətə də toxunub və yaranmış vəziyyətdən narahatlığını ifadə edib.

Bu dəfə müzakirələr okeanın o tayındamı olacaq? Və ABŞ-da aparılan müzakirələrin nəticəsi olacağına, Aİ və Rusiyanın buna əngəl olmayacağına ümid varmı? Bakı hansı mövqedədir, o tərəflərin hamısı ilə bərabər əməkdaşlığı seçəcək, yoxsa başqa bir kurs ola bilər?

Hikmət Babaoğlu: Azərbaycanla Qazaxıstanın münasibətləri tarixində tamamilə  yeni mərhələ başlayıb - AZƏRTAC

Deputat: “2023-cü il həlledici il olmalıdır, sülh sazişinin ilin ikinci yarısında imzalanması mümkün ola bilər”

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, müharibədən sonra Ermənistanla Azərbaycan arasında uzunmüddətli və etibarlı sülhün əldə edilməsi üçün xeyli cəhdlər edilib. Nəticədə artıq müşahidə etdiyimiz üç danışıqlar formatı meydana çıxdı: “Bunlardan biri Rusiya, biri Avropa İttifaqı, digəri ABŞ mərkəzli danışıqlar platformasıdır. Ötən iki illik müddət bəzən bizi sülhə daha da yaxınlaşdırdı, bəzən sülhdən xeyli uzaqlaşdırdı. Hazırda Ermənistanın təxribatları nəticəsində sülh istiqamətində konkret addımların atılması indiki mərhələdə hələlik mümkün görünmür. Ancaq şübhəsiz ki, vaxt məhduddur. 2023-cü il həlledici il olmalıdır, sülh sazişinin ilin ikinci yarısında imzalanması mümkün ola bilər. Əks təqdirdə, yenidən müharibə təhlükəsi yarana bilər. Ona görə də Ermənistan və Azərbaycan arasında vasitəçilik etmək istəyən mərkəzlərdən biri kimi ABŞ yenidən danışıqların həyata keçirilməsi üçün öz platformasını təklif edir. Əslində ABŞ səfirinin açıqladığı mövqe də bundan ibarətdir. Prinsip etibarilə Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə əsaslanır. 2023-cü ilin 10 yanvarında Azərbaycan Prezidenti yerli televiziyalara müsahibəsi zamanı bildirdi ki, Avropa İttifaqı mərkəzli danışıqlar prosesini Ermənistanın təxribatı və Fransanın ona dəstəyi faktiki olaraq pozub. Hazırkı mərhələdə belə görünür ki, Brüssel mərkəzli danışıqlar platforması bir qədər arxa plana keçib. Nəzərə alsaq ki, Rusiya danışıqlarda daha çox maraqlıdır və hazırda Rusiyanın bütün diplomatik siyasi resursları müharibəyə cəlb edildiyi indiki mərhələdə ABŞ-ın səyləri başadüşüləndir”.

Deputat, bununla belə, qeyd etdi ki ancaq heç bir halda Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması Rusiya ilə Amerika arasındakı rəqabət kimi təqdim edilməməlidir. Çünki sülhün əldə olunması nəticə etibarilə Rusiyanın da maraqlarına daxildir: “Postsovet məkanında və Rusiyanın sərhədlərində sabitliyin olması, Ermənistanın, ermənilərin davamlı olaraq Rusiyanın hərbi, siyasi, diplomatik resurslarını bu kontekstdə istismar etmək, hətta bəzən onu şantaja məruz qoymaq cəhdləri Rusiyanın da maraqları daxilində deyil, onu qıcıqlandırır. Ona görə də prinsip etibarilə artıq mümkün sülhün çərçivəsi görünməkdədir. Azərbaycan tərəfinin irəli sürdüyü 5 baza prinsipini Ermənistan da qəbul edib. ABŞ səfirinin irəli sürdüyü məsələlər də həmin baza prinsiplərinə uyğundur. Ona görə də ABŞ-ın mümkün cəhdlərini müsbət qiymətləndirmək lazımdır. Amma sabah Rusiya da yenidən bir danışıqlar vaxtı müəyyənləşdirərsə və yenidən təşəbbüs göstərərsə, Azərbaycan bundan da imtina etməyəcək. Çünki Rusiyanın sonuncu belə cəhdindən məhz Ermənistan imtina edib. Bu, Ermənistanın danışıqları pozmaq, vaxt uzatmaq və vaxt qazanmaq cəhdləri kimi qiymətləndirilməlidir. Sülhdə maraqlı olan tərəflər məhz Ermənistana təzyiq etməlidirlər”.

Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı  kəsilən insanlar » Newscenter.az

Politoloq: “ABŞ-ın aktivləşməsi yaxın zamanlarda Rusiyanın da vasitəçilik missiyası ilə aktivləşəcəyi ehtimalını yaradır”

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, ATƏT-in Minsk Qrupunun vaxtilə vasitəçilik etdiyi zamanlarda da ayrı-ayrı dövlətlərin danışıqlar aparılmasını təşkil etmək, vasitəçilik missiyası ilə çıxış etmək təşəbbüsləri olurdu: "Təəssüf ki, nə Minsk Qrupu çərçivəsində aparılan danışıqların, nə də başqa təşəbbüslərin müsbət nəticələri olmayıb. Nəticə isə bəllidir. Azərbaycanın məsələni güc yolu ilə həll etməsindən sonra indiyə qədər keçən dövrdə artıq Minsk Qrupunun vasitəçiliyi tarixin arxivinə qovuşub. Lakin ayrı-ayrı dövlətlərin, həmçinin Minsk Qrupunun həmsədri olmuş üç dövlətin, eləcə də Avropa İttifaqının ayrı-ayrılıqda vasitəçilik təşəbbüsləri məhz müharibədən sonrakı dövrdə intensivləşib və bu gün də təşəbbüslər edilməkdədir. Hər kəs istəyir ki, əsas təşəbbüskar məhz özü olsun. Azərbaycan isə həmişə bəyan edib və praktiki addımları ilə sübut edib ki, Ermənistanla sərhədlərin delimitasiyası, demarkasiyası, sülh sazişinin imzalanması ilə bağlı istənilən səmimi platformada danışıqlara açıqdır. Azərbaycan Ermənistanla məsələlərin ikitərəfli qaydada müzakirə edilməsi və həll edilməsi variantına da üstünlük verib. Ermənistan isə bir müddət danışıqlarda iştirak edir, sonra isə bəhanələrlə danışıqlardan qaçır və pozuculuq hərəkətləri edir. Nəticədə isə vasitəçilik təşəbbüsləri edən tərəflərin də təşəbbüslərinin nəticələri olmur. Beləliklə, Ermənistan təşəbbüskar dövlətlərə və təşkilatlara hörmətsizlik etmiş olur. İrəvan vaxt udmağa çalışır, hesab edir ki, müddət uzandıqca gələcəkdə proseslər bəlkə onun xeyrinə dəyişər. İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın təşəbbüsü ilə bir platforma fəaliyyət göstərirdi və bu platforma çərçivəsində danışıqlar aparıldı, 4 bəyanat imzalandı. Paralel olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə danışıqlarda Brüssel platforması reallaşdı. Bu platforma çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin 4 dəfə görüşü təşkil edildi. Bu görüşlərdə bir sıra uğurlu nəticələr əldə edilmişdi. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı ciddi qərarlar qəbul edilmişdi. Amma təəssüflər olsun ki, Ermənistan yenə də vaxt udmaq məqsədilə bu platforma çərçivəsində də əldə edilmiş razılaşmaların həyata keçirilməsində maraqlı olmadı. Brüssel platformasını da bu yolla iflic vəziyyətinə gətirib çıxardı. Ermənistan unudur ki, vaxt uzandıqca şərtlər onun xeyrinə işləmir. Şərtlər, vaxt Azərbaycanın xeyrinə işləyir. Prosesin uzanması Ermənistanı daha da dalana dirəyir, vəziyyətini ağırlaşdırır. Bir müddətdir danışıqlar, vasitəçilik məsələlərində müşahidə olunan sakitlik, passivlik hökm sürür. Son günlər isə ABŞ-ın aktivləşməsinin şahidi oluruq”.

Ekspertin sözlərinə görə, hazırda dünyada baş verən kataklizmlərin fonunda Cənubi Qafqaz dünya və ABŞ üçün çox önəmli regionlardan birinə çevrilir. Bu regionun əhəmiyyəti və həssaslığı gün-gündən artmaqdadır. Buna görə də ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını ələ almaqla bu bölgədə nüfuzunu möhkəmləndirməyə çalışır: “ABŞ Brüssel formatının da bərpa olunmasını istəyir. Hesab edirəm ki, Brüssel formatı da reallaşa bilər. Azərbaycan isə dediyimiz kimi, istənilən səmimi, nəticə verəcək platformada danışıqlara hazırdır. ABŞ-ın və Brüsselin aktivləşməsi yaxın zamanlarda Rusiyanın da vasitəçilik missiyası ilə aktivləşəcəyi ehtimalını yaradır”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR