İnsanlara hürriyət, millətlərə istiqlal!

Alternativ riyaziyyat

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə AzTV-nin “Hədəf” verilişində deyib ki, riyaziyyat fənni üzrə nəticələr hələlik istədiyimiz səviyyədən aşağıdır.

Burada bir haşiyə çıxaraq söhbətin AzTV-də olmasına müəyyən diqqətinizi yönəltmək istəyirəm. Uca millətimiz dövri-qədimdən əmindir ki, başqa kanallar heç, ancaq AzTV-də səslənən bütün fikir və mülahizələr, fərman və qərarlar, hətta reklam və elanlar hansısa ilahi qanunauyğunluqlara tabedir, pozulmazdır, əbədidir. Məsələn, rayon icra hakimləri, prokurorlar, rəislər və sairə nazirlər hər axşam AzTV-də xəbərləri həyəcanla izləyirlər. Neçəsi şəkər xəstəliyinə mübtəla olmuşdur. Lakin bugünlərdə Qaxın icra başçısı Şəkiliyevi “Xəbərlər” proqramı gedə-gedə tutub dama saldılar və bir gün sonra işdən azad edildi (bunun özü hardasa absurd və postmodernizmdir, çünki Qaxın başçısı Qaxlıyev soyadı daşımalı idi və Şəkiliyevi gərək Şəkiyə müdir qoyardılar; lakin artıq gecdir, bu müzakirələrin mənası yoxdur).

O cümlədən İsrail-İran qırışmasının şiddətli bir anında AzTV xəbər vermişdi ki, bombalardan hansısa keçmiş İran prezidenti Əhmədinecat müəllimin başına düşübdür. Ancaq az sonra bunu təkzib etdilər və... tamaşaçılardan üzr istədilər!

Təsəvvür elə... Açığı, mən Brejnevi taxtda, Şəkiliyevin xalası oğlu Əhməd Əhmədzadəni qundaqda görmüş adamam, lakin ilk dəfə idi AzTV-nin üzr istəməyinə şahid olurdum. Görünməmiş hadisədir.

Eyni zamanda zəhmətkeşlərimizdə müəyyən qeyri-sabitlik, təbəddülat, çaşqınlıq duyğuları yaranmasına səbəb olur. İndi biz başımıza haranın daşını tökək? Kimə inanaq? Nəyə and içək? Müqəddəs nə qaldı? AzTV üzr istəyən ərazidə, məsələn, ATV-filan özünü bağlamalıdır. Xəzər TV dənizə atılıb boğulmalıdır. İctimai TV ictimaiyyət arasına çıxmamalıdır və sairə. 

Bəlkə tələsmək lazım deyildi, çünki Trampın hay-küyünə baxmayaraq, İsrail-İran atəşkəsi nəsə çürük görünür, ola bilər, təzədən raketlər uçuşsun. O zaman raketlərdən biri Əhmədinecat müəllimə tərəf düşərdi, xəbər mistik şəkildə, gec də olsa. doğrulardı. Əcəldən hələ heç kim qaça bilməyib, xüsusilə Əzrayıl nəyisə AzTV-də anons edibsə. (Bu temada qorxulu-məzəli  “Final Destination” - “Son dayanacaq” adlı filmlər seriyası var). Oxşar mövzuda bir Şərq hikmətini də yəqin bilirsiniz. Bir nəfərin yuxusuna Əzrayıl girir, mələk buna necə təəccüblə baxırsa adam qorxur, səhər oyanan kimi qaçır Süleyman peyğəmbərin yanına, deyir, küləyə tapşır, məni tez Hindistana atsın, ölmək istəmirəm. Peyğəmbər bunu Hindistana yollayır, sonra Əzrayıla deyir ki, bu yazığı niyə belə qorxutmusan, Əzrayıl deyir: “Hə, mən onun canını Hindistanda almalıydım, burada rastlaşdıq, ona görə təəccüblə baxmışdım”.

Sözü ona gətirirəm ki, bəlkə Abbaszadənin xalqımızın riyaziyyatı zəif bilməyi söhbəti də təkzib olunacaq, dəxi üzr istəniləcək. Anar müəllimin “Təhminə və Zaur” əsərində deyilən kimi, tələsmək xalqımıza yaraşmır.

Üstəlik, DİM sədri bizim “istənilən səviyyədən” aşağı nəticə göstərdiyimizi söylərkən niyə həmin səviyyəni də açıqlamır? Xalq həqiqəti bilmək istəyir. Bizə plankanı, hündürlüyü göstərin, tullanaq. Yoxsa belə mücərrəd istəklər keçmir. Mən də hökumətimizin istədiyim səviyyədən aşağı nəticə göstərdiyini yazaram... Açığı, yazmaram, söhbətdi eləyirik. (Bu yerini oxumayın).

Riyaziyyat üzrə dünyada çoxlu səviyyələr var: Harvard, Oksford, Kaprativ Universiteti, nə bilim, Statistika Komitəsi... Hansına uyğun imtahan verməliyik?

Bir də ki, məncə, riyaziyyatın həyatımıza uyğun gəlməməsi xalqda, onun burnufırtıqlı uşaqlarında çaşqınlıq yaradır, imtahanda ol səbəbdən aşağı nəticələr ortaya çıxır. Məsələn, bizdə 400 manat maaş alan adamın ayın axırında 1500 manat xərclədiyi ortaya çıxa bilər. Bu necə baş verir, heç kim başa düşmür. Yaxud hökumət deyir Parisdəki kimi yaşayırıq, ancaq sən baxırsan, Eyfel qülləsi əvəzinə öz əfəl kəlləni görürsən. (Qafiyə üçün yazdım, mənzərə baxış bucağından və sayın oxucuların fantaziyasından asılıdır). Riyaziyyatda iki dəfə iki dörd edir, bizdə altı, bəzən yeddi olur.

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR