İnsanlara hürriyət, millətlərə istiqlal!

Aliment təyinində yeni qayda - problem çözülür, yoxsa...

Ekspert: “Optimal variant Aliment Fondunun olmasıdır”

Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Qərara əsasən, sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, minimum əmək haqqının müəyyən mislinə uyğun sabit pul məbləğində göstəriləcək. Bu isə o deməkdir ki, ölkə üzrə yaşayış minimumun artması əsası ilə hər dəfə alimentin artırılması ilə bağlı vətəndaşlar müstəqil iddia qaldıra bilməyəcəklər. Bunun əvəzində minimum əmək haqqının artması əsası ilə icra icraatı qaydasında məhkəməyə sadə prosedur qaydada müraciət edərək alimentin minimum əmək haqqının artımına indeksasiya edilməsini xahiş edəcəklər. Bu da o anlama gəlir ki, alimentin artırılması ilə bağlı hər il yeni iddialar qaldırma dövrü artıq keçmişdə qaldı.  

Yeni qayda aliment problemini həll edəcək, yoxsa konfliktləri daha da artıracaq? Əsas iş - Aliment Fondunun yaranması niyə həllini tapmır?

Məsələ ilə bağlı Musavat.com-a danışan hüquqşünas Anar Məmişov deyir ki, Azərbaycanda Aliment Fondunun yaradılmasında müəyyən risklər var. 

Barassociation.az - Axtarışın nəticəsi

Anar Məmişov 

“Əgər Aliment Fondu yaradılsa, formal boşanmalar çoxala bilər. İnsanlar danışılmış şəkildə boşanacaqlar ki, fonddan pul alsınlar. Bu fondun mahiyyəti belədir ki, dövlət pulu uşağın hesabına köçürür və sonra həmin məbləği atadan alır. Bu isə ölkəmizdə sui-istifadəyə səbəb ola bilər. Məsələn, fond alimenti anaya ödəyər, daha sonra onu atadan almaqda çətinlik yaranar. Bu baxımdan böyük risklər var.  

Alimentin minimum əmək haqqına uyğun olaraq tutulması isə proseslərin hər il məhkəmədə iddia formasında keçməsinə yox, sadələşmiş formada baxılmasına şərait yaradacaq. Bu, aliment alan tərəfə daha çox sərf edir.

Yaşayış minimumu əsasında aliment təyin ediləndə aliment alan tərəf məcbur idi ki, yaşayış miniumumu artdıqca iddia qaldırsın. Aliment sabit pul məbləğinə uyğun tutulanda isə miniumum əmək haqqının 70 faizi tutulacaq.  Gələcəkdə bu məbləğ artanda isə ana iddia deyil, ərizə əsasında məhkəməyə müraciət edəcək ki, aliment indeksasiya olunsun. Əvvəl isə aliment alan məcbur idi ki, Mediasiya Şurasına müraciət etsin, ora müəyyən məbləğ ödəsin,  daha sonra məhkəmədə iddia qaldırsın və s. İndeksasiya formasında isə buna ehtiyac yoxdur. Bunlar aliment alanların işini xeyli yüngülləşdirdi.

Əvvəl alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanırdı, indi məhkəməyə müraciət etdikdən dərhal sonra qüvvəyə minəcək, daha sadələşmiş formada olacaq. Bu isə daha operativ reaksiya deməkdir.

İlk dəfə alimentlə bağlı məhkəməyə müraciət edən vətəndaşlar ölkə üzrə yaşayış minimumuna əsaslana bilərlər. Lakin daha sonra alimentin məbləğini artırmaq istəyirlərsə, daha sadə prosedurla məhkəməyə müraciət edəcəklər".

Hüquqşünas deyir ki, yeni qayda məhkəmələrin yükünü azaldacaq, insanlar mediasiyaya müraciət etməyə məcbur olmayacaqlar: “Mən tamamilə başqa variant təklif etmişdim. Bildirirdim ki, əgər aliment yaşayış minimuna görə tutulursa, konkret qətnamədə qeyd edilsin ki,  yaşayış minimumu həddində tutulsun və hər il o artdıqca alimentin də məbləği avtomatik artırılsın. Optimal variant Aliment Fondunun olmasıdır”.  

Şahanə RƏHİMLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR