İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Məhkəmədən türkanlı nənələrlə bağlı qərar - bəraət hökmü qüvvədə saxlanıldı!

Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə Türkan qəsəbə sakini Natiq Məhəmmədsoyun işi üzrə son qərar verilib. Hakim Əziz Seyidov Natiq Məhəmmədsoy barəsində Xəzər Rayon Məhkəməsinin çıxardığı, Bakı Apelyasiya Məhkəməsinin qüvvədə saxladığı qərarın qanuni və obyektiv olmasını təsdiqləyib.

3 uşaq atası olan Natiq Məhəmmədsoyun barəsində bəraət hökmünü ötən ilin dekabrında Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynli çıxarmışdı. Bu hökmdən ittiham tərəfi narazı qalmışdı. Bakı Apelyasiya Məhkəməsinə verilən kasasiya şikayəti də hakim İbrahim İbrahimli tərəfindən diqqətlə araşdırıldı. Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin çıxardığı bəraət hökmünün obyektiv və qanuni olduğu bir daha təsdiqləndi. Lakin ittiham tərəfi bu qərarla da razılaşmadı və kasasiya instansiyasında da eyni nəticə oldu. 

Natiq Məhəmmədsoyun vəkili Cavad Cavadlı “Yeni Müsavat”a deyib ki, Məhəmmədsoyun işi üzrə Xəzər Rayon Məhkəməsində 1 ildən artıq məhkəmə istintaqı aparılıb. İttiham tam şəkildə araşdırılandan sonra Natiq Məhəmmədsoyun günahsız olması qənaətinə gəlinərək bəraətverici əsaslarla hökm çıxarılıb: “Məhkəmənin 1 ildən artıq davam etməsinin obyektiv səbəbləri var idi. O zaman hakim Hüseyn Hüseynli 1 il ərzində çox diqqətlə, səbirlə məhkəməyə təqdim etdiyimiz hər bir detalı araşdırmışdı. Natiq Məhəmmədsoyun saxlanılması ilə bağlı ittihamları darmadağın edən bir çox qaranlıq məqamlar vardı. Həmin məqamlarla bağlı araşdırma aparmışdıq, videomateriallar əldə etmişdik. Həmin videolar və digər dəlil-sübutlar da təsdiq edirdi ki, Natiq Məhəmmədsoy ittihamda göstərilən vaxtda tamamilə başqa bir yerdə olub. Vəsatətlər verib "Təhlükəsiz Şəhər" kameralarından çıxarışların götürülməsi, anten məlumatlarının alınması, ekspertiza təyin olunması, əlavə şahidlərin dindirilməsini xahiş etmişdik.

O zaman hakim Hüseyn Hüseynli obyektiv və qərəzsiz mövqe sərgilədi, günahsız bir Azərbaycan vətəndaşının, 3 övlad atasının barəsində ədalətli hökm çıxardı. Apelyasiya instansiyasında hakim İbrahim İbrahimli də ədalətli və obyektiv qərar verməklə ittiham üzrə günahsız Azərbaycan vətəndaşının qanunsuz həbsinə yol vermədi. Azərbaycan məhkəmələrində belə ədalətli və obyektiv hökmlərin, qərarların verilməsi bütövlükdə Azərbaycan məhkəmə-hüquq sistemi üçün olduqca vacib və önəmlidir".

Vəkil qeyd edib ki, Ali Məhkəmənin verdiyi qərar Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının ruhuna uyğundur: “Azərbaycanın məhkəmə sisteminin ən ciddi problemləri bəraət hökmlərinin azlığıdır. Uzun illərdir ki, yerli məhkəmələrin çıxardığı bəraət hökmlərinin sayı 1 faizi ötmür. Ölkədə elə məhkəmələr var ki, orada, ümumiyyətlə, bəraət hökmü çıxarılmır. Aşağı məhkəmə instansiyalarının ədalətli hökm və qərarlarının qüvvədə saxlanılması ümumilikdə məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəmələrə inamın artırılması üçün olduqca vacib addımlardandır. Xüsusilə bəraət hökmləri ilə bağlı belə qərarlar Azərbaycan vətəndaşlarının məhkəmələrə inamını gücləndiririr”. 

Qeyd edək ki, 55 yaşlı Natiq Məhəmmədsoy 2020-ci il martın 5-də saxlanıb, Xəzər Rayon Polis İdarəsində barəsində cinayət işi başlanıb. Ona qarşı CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Xəzər rayonunun prokuroru Fəxri Ələsgərov onun barəsində həbs qərarı seçilməsi üçün məhkəməyə təqdimat verib. Bir gün sonra Xəzər rayon Məhkəməsinin hakimi Zaur Tağıyev təqdimata baxaraq təmin etməyib. Hakim Natiq Məmmədsoyun istintaq dövründə ev dustaqlığında olmasına qərar verib. Həmin gün Natiq Məmmədsoy məhkəmə zalından azad edilib. Baş Prokurorluq bu qərarın ləğvi üçün apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsi protesti təmin etmişdi. Natiq Məhəmmədsoy torpaqları zəbt olunan Türkan qəsəbə sakinləri Əzizəxanım Atayeva və Xumar Şabanovaya vəkil tapmaqda, pozulmuş hüquqlarının bərpası üçün kömək etmişdi. Həbsindən əvvəl Natiq Məhəmmədsoy Baş Prokurorluğa gedərək bildirmişdi ki, 2 ahıl yaşda olan qadına köməklik etdiyinə görə ondan qisas alırlar. Natiq Məhəmmədsoy məhkəməsində də dəfələrlə bildirib ki, təqsirsizdir, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahın ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, sağ olduqları halda, ölmüş kimi rəsmiləşdirilərək, mülkiyyətlərindəki torpaq sahələri zəbt olunmuş 81yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovanın pozulmuş hüquqlarının bərpasında onlara yardım etdiyinə görə cəzalandırılıb. Natiq Məhəmmədsoy Türkan sakinlərinə vəkil tapmaqda, dövlət orqanlarına şikayət etməkdə onlara yardım etmişdi.

E.MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR