İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Məhkəmədən inqilabi qərar - vətəndaşlar arasında fərq qoyulması aradan qaldırılır

Əkrəm Həsənov: “Sədr dəyişib, amma Ramiz Rzayevin üsul-idarəsi ilə işləyən hakimlər qalmaqdadır”

Ali Məhkəmə vahid məhkəmə təcrübəsi yaradan qərar qəbul edib. Bununla bağlı Ali Məhkəmənin mətbuat xidməti məlumat yayıb. Qərar xarici dövlətin məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının ərazisində icrası məsələsini əhatə edir.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Ali Məhkəmənin vəzifələrindən biri də məhz vahid məhkəmə təcribəsinin yaradılmasıdır.

Bu nə deməkdir?

Azərbaycan məhkəmələri bu günə qədər eyni işlər üzrə fərqli qərarlar çıxarırdılar. Nəinki məhkəmələr, eyni hakim iki eyni iş üzrə fərqli qərarlar verə bilirdi. Hətta eyni maddəni bir vətəndaşa bir cür, bir başqasına isə bir başqa cür tətbiq edə bilirdi. Əlbəttə ki, belə qərarlar şəxsi maraqların təmininə əsaslanır. Yəni kim pul verirdisə, onun xeyrinə qərar verilirdi. Dəfələrlə belə işlərin şahidi olmuşam. Məsələn, zaminlik məsələsində eyni hakimlər bir işdə zaminlərin xeyrinə qərar verib onları zaminlikdən çıxarmışdılar. Çünki qanun bunu tələb edirdi. Kredit müqaviləsinə dəyişiklik edilirsə, bu halda zaminin də razılığı olmalıdır.

Məhkəmələr bu hüququ poza, gözardı edə bilməz!

Mübahisələndirdiyim işlər üzrə isə bir zaminin xeyrinə qərar çıxarılmışdı, digərinin isə əleyhinə. Hətta iş Ramiz Rzayevin sədrliyi dövründə Ali Məhkəmədə də zaminin əleyhinə qərar verilməsi ilə yekunlaşmışdı. Danışanda da deyirdilər ki, bizdə ingilis sistemi deyil, məhkəmə presidenti yoxdur.

Əslində isə bu məhkəmə presidenti məsələsi deyil. Azərbaycan Respublikasının Konstitusiyasında insan haqlarından biri də bərabərlik hüququdur. Bərabərlik nə deməkdir? Qanunun hər bir vətəndaşa eyni şəkildə tətbiqidir! Bu Azərbaycan Respublikasının ana qanununda - Konstitusiyamızda təsbit olunmuş huquqdur. Məhkəmələr bu hüququ poza, gözardı edə bilməz!

“Bu, sırf gözdən pərdə asmağa hesablanan addım idi”

Ona görə də Ali Məhkəmə vahid məhkəmə təcrübəsi yaratmalıdır. Çünki ölkədə fəaliyyət göstərən bütün məhkəmələrin başında Ali Məhkəmə dayanır!

Ramiz Rzayevin sədrliyi dövründə Ali Məhkəmə vahid məhkəmə təcrübəsi yaratmaq vəzifəsini şəxsi maraqlara qurban vermişdilər. Vahid məhkəmə təcrübəsi yaratmaqdan yayınıb hakimlərin eyni mahiyyətli işlər üzrə istədikləri qərar vermələrinə yol açırdılar. Ali Məhkəmə Ramiz  Rzayevin vəzifəsindən gedəcəyi yəqinləşdiyi dövrlərdə gözdən pərdə asmaq üçün 5-6 çox əhəmiyyətsiz iş üzrə vahid məhkəmə təcrübəsinə əsaslanan qərar vermişdi. Bu, sırf gözdən pərdə asmağa hesablanan addım idi.

Oxu.az - Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır

“Ali Məhkəmədə sədr dəyişib, amma...”

Vahid məhkəmə təcrübəsindən yayınma əlbəttə ki, rüşvətə çox geniş imkanlar yaradırdı. Burada uduzan Azərbaycan vətəndaşı, Azərbaycan dövləti olurdu. Çünki vətəndaşların Azərbaycan məhkəmələrinin sifətində dövlətə inamı sarsılırdı. İndi isə Ali Məhkəmədə sədr dəyişib, amma yenə də Ramiz Rzayevin üsul-idarəsi ilə işləyən hakimlər qalmaqdadır. Belə ki, İnam Kərimov Ali Məhkəməyə sədr təyin olunandan sonra da vətəndaşların əyehinə qanunsuz qərar çıxaran hakimlər var.

Mayın 8-də Ali Məhkəmədə belə bir işə baxıldı. Vətəndaş banka olan borcunu ödəyə bilmirdi deyə bank onun ipotekada olan evini borc əvəzi götürüb. Amma borc əvəzinə götürdüyü əmlakın dəyəri borc məbləğindən artıqdır. Bununla belə, bank yerdə qalan məbləği vətəndaşa ödəməkdən imtina edib. Bankdan deyirdilər ki, yerdə qalan məbləğin ödənməsini istəyirsizsə, gedin məhkəməyə müraciət edin. İşə mayın 8-də Ali Məhkəmədə baxıldı və yenə də vətəndaşın əleyhinə qərar verildi. İnam Kərimov Ali Məhkəməyə sədr təyin olunandan sonra da orada bəzi hakimlə var ki, qanunsuz qərarlar verməkdə davam edirlər. Əslində isə banklar məhkəməsiz də həmin məbləği vətəndaşa ödəməlidirlər. Vahid məhkəmə təcrübəsi yoxdur deyə, məhkəmə qərarları məhkəmələrin saytlarına yerləşdirilmir deyə, vətəndaşlar da öz hüquqlarını bərpa etməkdə çətinlik çəkirlər".

“O qədər absurd qərarlar var ki, ölkə adına biabırçılıqdır”

Əkrəm Həsənova görə, Azərbaycan vətəndaşları üçün ən problemli məsələlərdən biri də əmlak hüquqlarının dövlət xidməti tərəfindən tanınmamasıdır: “Bu mövzuda o qədər absurd qərarlar var ki, bütün ölkənin adına biabırçılıqdır. Təsəvvür edin, sağ, sol, arxa və ön  qonşusunda çıxarış olan vətəndaşa dövlət xidməti çıxarış verməkdən imtina edir. Formal, heç bir əhəmiyyəti olmayan bir məsələni ortaya qoyub imtina edirlər. Sanki müraciət edən heç Azərbaycan vətəndaşı deyilmiş kimi yanaşma var. Və ya Bakıda 2000-ci il zəlzələsindən sonra uçan, mərhum prezident Heydər Əliyevin şəxsən tapşırığı əsasında, özünün birbaşa əraziyə gedib vətəndaşlarla görüşündən sonra dövlət tərəfindən inşa edilən 7 mərtəbəli binada yaşayan vətəndaşlara da belə imtina cavabları verilib. Vətəndaşların əksəriyyəti də məhkəmələrə müraciət edib, Ali Məhkəməyə qədər gedib çıxarış ala biliblər. Vətəndaşın ömrü-günü belə süründürməçiliklərə gedir. Ən azı 2 il, 2 il yarım məhkəmələrə ayaq döyəndən sonra çıxarış alırlar. Bununla belə həmin binada yenə də çıxarış ala bilməyən Azərbaycan vətəndaşları var. Belə çıxır ki, binanın 1-3-5-ci mərtəbələrinə çıxarış verilmək üçün qanuni əsaslar var, 2-4-6-cı mərtəbələrinə isə yoxdur? Belə absurd yanaşma ola bilərmi? Azərbaycan dövləti öz vətəndaşının mülkiyyət hüquqlarını qeyd-şərtsiz tanımalıdır! Bu, məhkəməsiz-filansız olmalıdır! Bu gün Azərbaycan dövləti Türkiyədə, zəlzələ bölgəsində 1000 ev tikir. Evlərin tikintisi yekunlaşandan sonra Türkiyənin müvafiq dövlət xidməti ”həmin evlərə sənəd vermirik" deyə bilərmi? Bu, ağlasığmazdır axı!

Bu yaxınlarda Ali Məhkəmə əmlak məsələləri ilə bağlı vətəndaşlara bərabər yanaşılması ilə bağlı qərar verdi. Bu, təqdirəlayiq qərardır. Eyni ərazidə, massivdə, kənddə, qəsəbədə bir vətəndaşa çıxarış verilibsə, onun qonşularına da çıxarış verilməlidir. Ümumiyyətlə işlərə baxılarkən vətəndaşların bərabərlik hüquqları pozulmamalıdır! İnam Kərimov Ali Məhkəməyə sədr təyin olunandan sonra bu yöndə işlər aparılır və ümid edək ki, görülən işlər sayəsində Azərbaycan vətəndaşlarının Azərbaycan məhkəmələrinə inamı bərpa ediləcək".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR