Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Rusiyaya məxsus dondurulmuş aktivlərin gəlirliyini artırmaq üçün bu vəsaitləri daha riskli maliyyə alətlərinə yönəltməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırda bu aktivlər əsasən Belçikada yerləşən Euroclear sistemində saxlanılır. Lakin Aİ daxilində bu vəsaitlərin “xüsusi təyinatlı fond”a köçürülməsi təklif olunur.
Bu fondun vəzifəsi – Rusiyadan müsadirə olunmuş pulları daha yüksək gəlirlilik vəd edən, lakin eyni zamanda daha yüksək risk daşıyan maliyyə alətlərinə yatırmaq olacaq. Məqsəd isə açıq şəkildə bəyan olunub: bu gəlirlər Ukraynanın maliyyə və hərbi dəstəklənməsinə yönəldiləcək.
Ekspertlər qeyd edirlər ki, bu addım beynəlxalq hüquqi mübahisələr doğura bilər. Rusiya tərəfi artıq bu cür planların “mülkiyyət hüquqlarının açıq şəkildə pozulması” olduğunu bəyan edib və cavab tədbirləri ilə hədələyib.
Avropa Komissiyası məsələyə dair hələlik rəsmi qərar verməyib, lakin bir neçə üzv dövlət bu ideyanı dəstəkləyir. Qərarın yaxın həftələrdə yekunlaşdırılması gözlənilir.
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ