İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ missiyası fəaliyyətinin birilliyi – Ermənistan yenə aranı qatır

Ermənistanın saxtakarlığı bir daha təsdiqləndi. Ölkənin baş naziri Nikol Paşinyanın və başqa rəsmilərin sülh təklifi paketi, sərhədlərin müəyyənləşməsi, yeni konstitusiyanın yazılması kimi məsələlərə dair verdikləri açıqlamaların açılan bir atəşlə yalan olduğu ifşa edildi.

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında keçirilən görüşdən heç yarım ay keçməmiş belə bir təxribatın baş verməsi danışıqların perspektivini, sülh sazişinin imzalanmasını, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasını, regional əməkdaşlığın reallaşmasını təhdid edir.

MEZUN.jpg (102 KB)

Bu hadisələr Ermənistan hakimiyyətinin sülhsevər maskasını yırtır. Fransa və Hindistandan tədarük edilən milyonlarla dollar dəyərində olan silahları, hərbi texnikaları rəsmi İrəvan sərhədyanı təxribatlar törətməyə yönəltdiyi istisna edilmir. Onlar bununla həm də mənəvi cəhətdən düşkün, döyüş qabiliyyətini itirmiş Ermənistan ordusunu sınaqdan keçirir.

Nikol Paşinyanın Azərbaycana qarşı son çıxışının da şantaj xarakterli olduğu təsdiqlənir. Baş nazir iddia etmişdi ki, rəsmi Bakı üzərinə götürdüyü “öhdəliklərə əməl etmir”: “O, istənilən dövlətə, sadəcə qonşulara hücum edə bilər”. Lakin fevralın 12-də Azərbaycan sərhədçilərinin mövqeyinə atəşin açılması Ermənistanın özünün beynəlxalq öhdəliklərə əməl etmədiyini isbatlayır. Paşinyan bununla həm də ölkə daxilində siyasi rəqiblərini tərk-silah etməyə çalışıb.

Ermənistan parlamentindəki müxalif “Mənim şərəfim” fraksiyasının katibi Tiqran Abramyan feysbuk səhifəsində ölkənin siyasi-hərbi rəhbərliyini Azərbaycanın istər təbliğat, istərsə də sərhəddə sərbəst şəkildə əməliyyatlar aparmasına imkan verməməyə çağırıb. O, Azərbaycana qarşı qeyr-adekvat zərbələr endirməyin vacib olduğunu da vurğulayıb.

VURGU.jpg (53 KB)

Avropa İttifaqı Azərbaycanla sərhədyanı bölgədə birtərəfli razılıqla mülki müşahidə missiyası yerləşdirib. Fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, sərhəddəki vəziyyətlə tanış olub.

Habelə, missiya üzvlərinin sayının 138-dən 209-a çatdırılması regionda vəziyyətin gərginləşməsinə təsir göstərib. Fransalı generalın Azərbaycan mövqelərini durbinlə müşahidə etməsindən 10 gün sonra bu hadisənin törədilməsi təsadüfi deyil.

Yeri gəlmişkən, bu missiya 2023-cü ilin fevralında fəaliyyətə başlayıb. Müşahidəçilərin maraqlarını müdafiə edəcəyinə arxayın olduqlarından Ermənistanın sərhədyanı bölgədə təxribatları da artıb. Odur ki, fevralın 12-də sərhədyanı bölgədə Ermənistanın törətdiyi ilk təxribat deyil. 2023-cü il aprelin 11-də Ermənistan-Azərbaycan şərti sərhədində – Ermənistan silahlı qüvvələrinin Gorusdan Azərbaycanın Laçın rayonu istiqamətində açdığı atəş nəticəsində 3 hərbçi ölmüş, 4-ü yaralanmışdı.

OLUT.jpg (57 KB)

Ermənistan silahlı bölmələri ötən ilin mayında da Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini müxtəlifçaplı silahlardan və artilleriyadan atəşə tutmuşdu. İnsidentlər nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanmışdı.

Ötən gün sərhədyanı bölgədə Ermənistanın törətdiyi təxribat yeni fəsadlara da yol açır. Rəsmi İrəvan təxribatlar törətdiyi bir vaxtda bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, Fransadan olan deputat Natali Loiseau ilə görüşərək Cənubi Qafqazda regional problemlər də müzakirə edib. Tərəflər ərazi məsələsi ilə bağlı Azərbaycana qarşı yersiz və əsassız mövzulara da toxunublar.

Ermənistanın sərhədyanı ərazidə törətdiyi özbaşınalığı ört-basdır etmək məqsədi ilə Mirzoyan Avropa İttifaqında rəsmi Bakıya qarşı təbliğat aparıb.

Rəsmi İrəvan bu təxribatı törətməklə regionda üçüncü tərəfin maraqlarının təmsilçisi olduğunu nümayiş etdirib. Bu hadisə Ermənistana etibar və etimadın yaranmasına mane olur. Bir daha sübut olunur ki, iki ölkə arasında sərhəd məsələsi həll olunmayanadək üçüncü qüvvə rəsmi Bakı ilə İrəvan arasında pozuculuq fəaliyyətini davam etdirəcək. Həmin qüvvələr Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa mane olanlardır. Ermənistan sərhədyanı təxribatı ilə belələrinin şər dəyirmanının fırlanmasına şərait yaradır.

Sədrəddin İsmayılov,
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR