Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Qarabağda qanunsuz hərbi birləşmələrə qarşı uğurlu antiterror əməliyyatından sonra Qərb ölkələrindən Ermənistana dəstək bəyanatlarının ardı-arası kəsilmir. Üstəlik, öz suveren ərazisindəki separatçı hərbi birləşmələrə qarşı əməliyyat keçirən Azərbaycanın ünvanına şər-böhtan ara vermir, ölkəmizə qarşı sanksiyaların tətbiqinə dair müxtəlif çevrələrdən çağırışlar səsləndirilir.
Qarabağdan gedən erməniləri əlində bayraq edərək bütün mümkün mənbələrdən yardım dilənən Ermənistana Avropa ölkələri və strukturlarından kiçikhəcmli dəstək paketləri elan edilir. Məsələn, Avropa Komissiyası Ermənistandakı “məcburi köçkünlərə” 10,3 milyon avro yardım ayırıb.
Ötən həftəsonu Avropa Komissiyasının (Avropa İttifaqının icra orqanı) sədri Şarl Mişel isə Avropa İttifaqının 2021-ci ildən Ermənistana vəd etdiyi 2 milyard avronu xatırlayıb. O, Qranadada keçirilən Avropa siyasi ictimaiyyətinin sammiti çərçivəsində bildirib ki, Avropa İttifaqı Ermənistan üçün 2 milyard avroluq investisiya paketinin reallaşdırılmasını gecikdirməməlidir. Mişel xatırladıb ki, Aİ iki il əvvəl Ermənistana sözügedən investisiya paketini vəd edib: “Bu vədin yerinə yetirilməsini gecikdirmək olmaz, çünki Azərbaycanın hərbi əməliyyatının (?! - red.) nəticələrini aradan qaldırmaq üçün Ermənistanın dəstəyə ehtiyacı var və orada çoxlu qaçqınlar yerləşib”.
Avropa İttifaqı Şurasının rəhbəri həmçinin deyib ki, Brüssel “Azərbaycanın Qarabağda hərbi güc tətbiq etmək qərarından şok olub”.
Qeyd edək ki, 2021-ci ildə Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro, Azərbaycana isə 150 milyon avro həcmində investisiya dəstəyi ayrılacağını elan edib. Avropa İttifaqının bu proqramı açıqlanarkən Avropa rəsmiləri yaxın gələcəkdə Ermənistan hökumətinin prioritetləri çərçivəsində İrəvanla irimiqyaslı iqtisadi və investisiya layihələri üzərində işləyəcəklərini bəyan etmişdilər. Açıqlamalardan aydın olurdu ki, ayrılan 2,6 milyard avronun 1,6 milyard avrosu 5 proqram istiqaməti üzrə layihələrin həyata keçirilməsinə yönəldiləcək: demokratiyanın gücləndirilməsi, iqtisadiyyatın təşviqi, kiçik və orta biznesin inkişafı, enerji, infrastruktur sahələr və s.
Verilən açıqlamalarda Avropa Komissiyasının yeni proqramlar vasitəsilə 44 günlük müharibədən zərərçəkmiş regionların bərpasına, vaksinlərin çatdırılması və peyvənd sertifikatlarının tanınması da daxil olmaqla, koronavirusla mübarizəyə dəstək verəcəyi də qeyd olunurdu.
Ermənistan Avropa İttifaqından alacağı vəsaitlərin mühüm hissəsini Azərbaycanla sərhəd bölgələrə, xüsusilə də Zəngəzur dəhlizinin keçəcəyi Sünik vilayətinə sərf etmək niyyətindədir. Bu barədə 2 il əvvəl də açıqlamalar verilib. Erməni ekspertlər Avropanın bölgəyə gəlişi ilə Azərbaycanın Zəngəzur dəhlizi layihəsinin tamamilə aradan qalxacağını proqnozlaşdırırdılar. Müxalifət isə baş nazir Nikol Paşinyanın uğur kimi qiymətləndirdiyi Aİ dəstək paketinin böyük hissəsinin yardım deyil, kredit olacağını və bunun Ermənistanın xarici dövlət borcunu artıracağını bildirməklə ona qarşı çıxırdılar.
Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə münasibətdə sərgilədiyi ikili münasibət, 30 ilə yaxın Ermənistan işğalı dövründə ərazilərinin daşı-daş üstündə qalmayan Azərbaycana çox cüzi vəsait ayrılması rəsmi Bakının etirazına səbəb oldu. Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də kəskin tənqid olunub. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə fərqli yanaşmasından narazı qaldığını açıq şəkildə bəyan edib: “Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.
Prezident qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. “Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik”.
Prezidentin açıqlamalarından sonra Avropa İttifaqı təmsilçilərinin Bakıya bir neçə səfəri baş tutub. 2022-ci ilin fevralında Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyi iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını açıqlayıb: “Başlamağa hazır olan bir çox əla investisiya layihələri var. Biz üzərində işləmək üçün bir sıra digər layihələri də müəyyən etdik. Beynəlxalq maliyyə institutları ilə biz Azərbaycanın iqtisadi inkişafını yeni səviyyəyə çatdırmaq və artım üçün real imkanlar yaratmaq üçün ən azı 2 milyard avro investisiya cəlb edə bilərik”.
Avropa İttifaqının qərarı açıqlanandan sonra tərəflər arasında investisiya istiqamətləri ilə bağlı müzakirələr başladılıb. Nəhayət, 2022-ci il dekabrın 8-də Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Yeni koordinasiya orqanı Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), habelə Aİ-yə üzv dövlətlərin maliyyə inkişaf institutları ilə birlikdə Avropa İttifaqının dəstəyi ilə prioritet investisiya istiqamətlərini müəyyənləşdirəcəkdi. Yüksək səviyyəli işçi qrup prioritet investisiya layihələrini müəyyən etmək və birgə icra etmək üçün müntəzəm olaraq Avropa Komissiyasının, Azərbaycan hökumətinin və Avropa beynəlxalq maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirməli idi. İşçi qrup əsas investisiya istiqamətləri olaraq bərpa olunan enerji, əlaqələndirmə, KOB-lar, yaşıl və rəqəmsal texnologiyalara keçidlə bağlı investisiya imkanlarını araşdıracaqdı.
Avropa İttifaqı 2022-ci ildə - Rusiya qaz təminatını dayandıran vaxt Azərbaycanla enerji əməkdaşlığını ön plana keçirməklə, ölkəmizlə enerji təminatı sahəsində memorandum imzaladı. Daha sonra ötən ilin dekabrında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin iştirakı ilə imzalanan saziş Qara dənizin dibi ilə Gürcüstandan Rumıniyaya Azərbaycanda istehsal olunan elektrik enerjisini ötürəcək kabelin çəkilişini nəzərdə tutur. Avropa Komissiyası bu kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb.
Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını isə İtaliya şirkəti hazırlayır. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırmanın 2023-cü ilin sonuna hazır olması, 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.
Avropa İttifaqı həmçinin Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində mövcud infrastrukturunun genişləndirilməsinə maraq göstərir. Bu istiqamətdə layihələrin maliyyələşdirilməsində iştirak etmək istəyir.
Onu da qeyd edək ki, Avropa İttifaqının 2021-ci ildə Ermənistana vəd etdiyi 2,6 milyard avroluq dəstəyin reallaşması istiqamətində hələlik ciddi bir addım atılmayıb. İrəvan Avropadan alınacaq pulların bir qismini Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq üçün zəruri olan avtomobil yolunun tikintisinə yönləndirməyə çalışır. Avropa bankları ermənilərin kredit müraciətlərinə müsbət cavab verib, lakin yolun kredit ayrılan hissələrinin tikintisinə hələ də başlanmayıb.
Ş.Mişelin Qranadadakı açıqlaması Ermənistan hökumətini yenidən həvəsləndirib. Baş nazir N.Paşinyan iki gün əvvəl İrəvanda olan Avropa İttifaqı nümayəndələri ilə görüşdə 2,6 milyard avroluq paketin reallaşdırılmasına qısa müddət ərzində başlanmasını istəyib.
2020-ci ildə Azərbaycanın öz ərazilərinin mühüm hissəsini azad etdiyi müharibədən sonra Avropa İttifaqının Ermənistana elan etdiyi dəstək paketi 3 ildən sonra - Azərbaycan ərazisindəki bütün qanunsuz silahlı birləşmələr ləğv olunduqda yada düşdü. Yaxın Şərqdə alovlanan hərbi münaqişənin ermənilərin haray-həşirini arxa plana keçirdiyi bir vaxtda avropalıların öz vədlərini yerinə yetirəcəkləri ciddi sual altındadır...
Dünya SAKİT,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ