İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ah, bu könül nəğmələri" adlı klassik türk musiqi gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi və Musiqi Təhsil Vəqfinin təşkilatçılığı ilə "Ah, bu könül nəğmələri” adlı konsert proqramı baş tutub.

Musavat.com bildirir ki, Musiqi Təhsil Vəqfinin yaradıcısı Fikrət Erkaya konsert proqramının ölkəmizdə baş tutmasından və  Azərbaycana səfərindən məmnun olduğunu bildirib:  "Biz qədim şəhərimizə, Vətənimizə böyük sevgiylə gəldik.

Bu könül mahnıları sevgimizin, birliyimizin məhsuludur. Heç bir qarşılıq gözləmədən bir-birinə sədaqət nümayiş etdirən əziz türk milləti sevgi dolu, qəlblərə yol tapan musiqi əsərləri ərsəyə gətirib. Bu könül mahnılarını sizinlə paylaşdığımız üçün xoşbəxtəm”.

Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç bildirib ki, klassik türk musiqisi Türk İmperatorluğu və türk mədəniyyətinin geniş sərhədlərini, mədəniyyətlərarası müxtəlifliyi və tolerantlığını göstərən yüksək sənət əsərləridir:

“Köhnə musiqi, Türkiyədə heç vaxt köhnəlməyən, bütün həyatını əhatə edən, Türkiyənin imperiyasının böyük mədəniyyətini quran ruhun və nəfəsin səsidir. Bu səsi anlamayan və  tanımayan, Türkiyəni anlaya və tanıya bilməz. Çünki Türkiyənin qurucu dünyası bu səsin sahibləridir. Türk musiqisi bir müddət monofonik olduğu üçün müzakirələrə səbəb olunsa da, əcnəbi kimi görünsə də, əsl səsi ilə ənənənin davamıdır və mədəniyyətimizin musiqisidir. Bu hekayələrin cəmi Türkiyənin mədəni müxtəlifliyini, zəngin və seçkin mədəniyyətini,  görkəmli bir dünyasını təmsil edir".

Siyasi ekspert Nur Tuğba Aktay türk musiqi mədəniyyətinin onları fərqli və xüsusi edən dəyərlərə sahib xəzinə olduğunu vurğulayıb.
O,  Türkiyə və Azərbaycanın birgə addımlarının türk dünyasının birliyi və gücü üçün böyük məna kəsb etdiyini bildirib: “Bu gün bir daha bu köklü dostluğu, qardaşlığı və həmrəyliyi ümumbəşəri musiqi dili ilə ifadə edirik".

Konsertdə solist Burcu Göktürk Türk klassik musiqisinin tanınmış bəstəkarlarından Səlahəddin Pınar, Sadettin Kaynak, Münir Nurəddin Selçuk və Avni Anılın əsərlərini səsləndirib.

Bundan əlavə, konsertdə məşhur Azərbaycan mahnıları da ifa edilib.

Qeyd edək ki, konsert proqramında Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, millət vəkili Ceyhun Məmmədov, Mədəniyyət telekanalının direktoru Dilarə Səlim, Baku TV-nin direktoru Ramin Cəfərov, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Xalq artistləri Fəxrəddin Manafov, Afaq Bəşirqızı, Mehriban Zəki əməkdar artistlər Sənubər İsgəndərli, Vəfa Zeynallı, Rafael İsgəndərov, Coşqun Rəhimov, aparıcılar Aytən Səfərova, Saleh Bağırov, Hacı Nuran və s. bir çox tanınmışlar və ziyalılar iştirak ediblər. Tədbirin aparıcısı Kamilə Babayeva olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR