İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır çantalar, beli əyri məktəblilər... - Həkimdən SOS

“Məktəblərə hər rayon üzrə həkim ayrılmalıdır, skolioz vaxtında müalicə olunmazsa...”

“İbtidai sinif şagirdləri arasında skolioz xəstəliyi artıb”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Fatma Yıldırım deyib. O xatırladıb ki, bu xəstəlik çox çətin müalicə olunur:

“Uşaqların çantaları çox ağırdır. Avropanın bir sıra məktəblərində orada yaşayan biri olaraq deyə bilərəm ki, ibtidai sinif uşaqları üçün verilən dərsliklər iki nüsxədə çap olunur. Onların çantaları bu qədər ağır olmur. Bu xəstəliyin müalicəsi üçün Səhiyyə Nazirliyinə dövlət büdcəsindən çoxlu vəsait ayrılır. Mən buradan Səhiyyə Nazirliyinə səslənmək istəyirəm. Sırf bu xəstəliyin müalicəsi üçün reabilitasiya müəssisələri demək olar ki, yoxdur. Uşaqlar bizim gələcəyimizdir. Valideynlər bizə bu xəstəliyin müalicəsi üçün dəstək istəyir”.

Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, qaldırılan məsələ aktualdır: “Bununla bağlı təkliflər hazırlayıb bizə təqdim edin”.

Uzun müddətdir ki, təhsil ekspertləri, valideynlər şagirdlərin çantalarının ağır olması ilə bağlı həyəcan təbili çalır. Valideynlər övladlarının skolioz xəstəliyindən (onurğa əyriliyi - red.) əziyyət çəkdiyini bildirirlər. Qeyd edirlər ki, skaliozun müalicəsi uzun müddət davam edir, buna həm də çoxlu vəsait tələb olunur. Baxmayaraq ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyi qarşısında da qaldırılıb. Amma illərdi problem həllini tapmır. Bəs skoliozu yaradan yalnız ağır çantalardımı, yoxsa başqa səbəblər də var?

TURAL MƏHƏRRƏMOV. NEVROLOQ. MANUAL TERAPEVT. | Azərbaycan Tibb  Ensiklopediyası

 Tural Məhərrəmov 

Terapevt, nevroloq Tural Məhərrəmov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, son dövrlər müraciət edənlərin sayı artıb: “Ümumi olaraq statistika üzrə desək, uşaqlarda onurğa problemləri artıb. Xüsusən də əyriliklər. Valideynlər uşaqlarının problemindən çox vaxt gec xəbər tuturlar. Ona görə Azərbaycanda bu xəstəliklərlə bağlı cərrahi əməliyyatların sayı sürətlə çoxalıb.  Çünki xəstəliklər gec dövrdə aşkarlanır, çox vaxt müalicəyə tabe olmur, yaxud da deformasiya bədənə çox oturmuş olur. Əslində uşaqların vaxtaşırı rentgen müayinəsi keçirilməlidir və yaxud da pediatr onlara baxmalıdır. Ya məktəbdə, ya qeydiyyatda olduqları poliklinikada vaxtaşırı müayinədən keçirilməlidir. Xəstəlik yeni başlayan dövrdə tapılsa, daha tez müalicəsi mümkün olar. Amma bu, Azərbaycanda yoxdur. Valideynləri qınamıram da, çoxunun bu sahədə savadı yoxdur, heç bilmirlər ki, skolioz nədir. Amma məktəblərdə də uşaqlar yoxlanılmalıdır.  Hər rayon üzrə bir həkim ayrılmalıdır. Gedib vaxtaşırı ildə bir dəfə, altı ayda bir dəfə uşaqları yoxlamalıdırlar”.

Həkim uşaqlarda skoliozun bu qədər çoxalmasına səbəb olan amillərdən danışdı: “Burda bir neçə faktor var. Birincisi, urbanizasiya ilə bağlıdır. Məsələn, mən rayonda böyümüşəm, öz uşaqlığımı yadıma salıram, bir də indi binada yaşayan uşaqlarımızı görürəm. Həyatımız tamamilə fərqlidir. Əsas burada hərəkətin məhdudlaşması ilə bağlıdır. Əzələlər inkişaf etdiyi dövrdə lazımi qədər işlədilmir. İkinci məsələ, uşaqların çantaları çox ağırdır. Mənim də iki övladım var, o gün evdən çıxanda çantanı əlimə götürmüşəm, qaldırmaq olmur. Uşaq o qədər dərs, kitab adı saydı ki. Yəni çantanın ağırlığı 10-15 kiloqrama gəlib çıxır. Buna nə gərək var? Yəni bunu başqa cür təşkil etmək olar. Kitablar iki nüsxədə buraxılsın və yaxud da tapşırıqlar orada olsun.

Sovetin dövründə, bizim oxuduğumuz vaxtda hər gün səhər idman olardı. Bütün sinifləri məktəbin qabağında düzərdilər. Biz orada səhər idmanı edərdik. Yalnız çox yağışlı, soyuq günlərdə idman etmirdik. Həkim olaraq fikirləşirəm ki, doğrudan da çox düzgün addım atırmışlar, əzələlər işlədilirdi. Daha sonra 45 dəqiqəlik dərs prosesinin özündə yadımdadır ki, minimum bir dəfə, maksimum iki dəfə, 15 dəqiqədən bir müəllimlər bizi ayağa durğuzardı. Cərgə ilə düzülərdik, 10 dəfə oturub-durardıq, qollarımızı açıb-bükürdük. Müəyyən hərəkətlər var ki, onları bizə daimi olaraq etdirirdilər. Bu gün isə o yoxdur".

T.Məhərrəmov skoliozun yaranmasının digər səbəbinin qidalanma ilə bağlı olduğunu dedi: “Əsas məsələlərdən biri də qidalanma ilə bağlıdır. Xüsusən də, bu konservantlar olan, palma yağı olan qidalar var. Demək olar ki, qidaların hamısında palma yağı var, o bağırsaqlarda sovurulmur, ərimir. Bədən temperaturunda ərimir, onlar sürüşkən bir səth yaradır. Palma yağı, soya yağı bağırsaqların xovlarını tutur. Bizim normal bilib qəbul etdiyimiz qidaların tərkibində olan vitaminlər, mikroelementlər də bağırsaqlardan keçə bilmir. Mənim gördüyüm faktorlar bunlardır. Məsləhət görərdim ki, birincisi bu qidaların tərkibində palma yağı olanları yığışdırsınlar. Çünki Avropa dövlətlərinin bir neçəsində artıq onlara yüksək vergi tətbiq edirlər ki, almasınlar. Misal üçün, adi 2 manatlıq peçenyeni  beş manata satışa çıxarırlar. Camaat avtomatik olaraq palma yağı olmayanı alır. Qida çeşidliliyini azaltmaq lazımdır. Coca-Cola, fanta və digər şirin içkilər uşaqlara qətiyyən olmaz. Dövlət olaraq bu qidalara nəzarət edilməlidir. Xüsusən, uşaqlar üçün, kiçik yaşlılar üçün olan bu qidaların tərkibi ciddi yoxlanılmalıdır. KİV-lərdə uşaqlara şirin qazlı içkilərin verilməsinin zərərləri barədə məlumatlar yer almalıdır. Məktəblərdə həkimlər ayrılmalıdır. Məsələn, rayon üzrə məktəblərə gedib yoxlamalıdırlar. Skolioz vaxtında aşkar olunsa, sağalan xəstəlikdir. Skolioz nə qədər erkən vaxtda aşkarlanarsa, 15-20 prosedura müalicə etmək olar, amma gec olanda müalicə də uzunmüddətli olur. Bununla bağlı Səhiyyə Nazirliyi ilə də təmənnasız əməkdaşlıq etməyə hazıram, təki bu məsələdə köməyimiz çatsın, insanlar maariflənsin”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR