İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağıldakı qoyunlar

Bayram münasibətiylə şəhərimizin bütün küçələrində səyyar qoyunsaxlama yerləri – ağıllar yaradılmışdır. Rəsmən iş günü sayılmadığı üçün avtobus dayanacaqları, dərs olmadığından məktəblərin həyəti, qəzet çıxmadığından nəşriyyatın binası, mahnı oxumaq məqsədəuyğun sayılmadığından filarmoniyanın həyəti və sairə yerlərdə qoyun sürüləri rastımıza çıxmış, bizi xeyli sevindirmişdir. Kaş elə hər gün Qurban bayramı olaydı, şəhərimizin qoyun mələşmələri kəsilməyəydi...

Bunu həm də bir tərəkəmə balası olaraq arzulayıram. Necə deyərlər, qan çəkir. Niyyətin hara, mənzilin ora. Qoyun çoban üçün deyildir, çoban qoyun üçündür. Quzu otaranımız da var, yun darayanımız da. Üstü tarla biçərlər, altı zəmi içərlər.

Ümumiyyətlə, qoyunçuluğun milli mentalitetimizdə önəmli rolu danılmazdır. Məlikməmmədin nağılında qəhrəman operativ qərargahın karantinindən çıxmaq üçün ağ qoçun belinə minməli idi. (“Ağqoç airlines” – yaxşı aviasiya şirkəti adı ola bilər). Lakin qoçlar buynuzlaşaraq, oynaşaraq quyunun dibindən keçəndə ağ qoç Məlikməmmədi götürüb atırdı qara qoçun belinə, o da yazığı aparırdı zülmət dünyasına. Mən balaca vaxtımdan düşünürəm ki, ağ qoç niyə belə namərdlik edibdir, cavab tapmıram. Gərək hərə özünə tapşırılan işi məsuliyyətlə yerinə yetirsin. Əgər sən də qara qoç kimi pislik eləmək üçün yaradılmısansa, niyə rəngin ağdır? Düşünürəm ki, Nazirlər Kabineti üç ay ərzində bu məsələni həll etməlidir.

Sözgəlişi, bayaq yazdığım “ağıl” sözünə diqqət elədinizmi? Bu, ana dilimizdə omonim sözlərdən biridir. Deyiliş və yazılışı eyni olan, lakin leksik mənası fərqli sözlərə omonimlər deyilir. Və çox maraqlıdır ki, “ağıl” sözü dilimizdə həm “insanın düşünmə qabiliyyətini, zəkasını” bildirir, həm də “içərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer” deməkdir. Dolayısı ilə, “biz başımızda qoyun saxlayırıq” desək səhv etmərik.

Hazırda qəbul sezonudur, istədim uşaqlara köməyim dəysin. Yeri gəlmişkən, deyir Dövlət İmtahan Mərkəzinin tarix testində səhv tapıblar. Orda yazıbmışlar ki, Məhəmməd Tahir Vahid ikinci şah Abbasın vəziri olubdur. Ancaq belə deyilmiş.

Pah. Dəhşət. Mənə sualın səhv-düz olmağı maraqlı gəlmədi ki... Mənə maraqlı gələn ümumiyyətlə bu sualın varlığıdır. Axı bizim üçün ikinci şah Abbasın vəzirinin ismi-şərifi indi, 21-ci əsrdə nədən belə fısqırıq maraqlı olmalıdır? Nə edib o adam? Hansısa demokratik islahatlar aparıb, bəlkə parlament qurub, bəlkə bir kəndlinin yaralı barmağına kiçik ehtiyacını ödəyib? Tarix dərsliklərimiz, imtahan testlərimiz bu cür mənasız-məzmunsuz, arxaik adam adları, illər, aylar, bambılı və saxta rəqəmlərlə təpili-tıxılıdır.

Nəsə, qayıdaq, necə deyərlər, “öz qoyunlarımızın yanına”. Dünən bütün küçə və meydanlarımızda kəshakəs idi, təəssüf ki, yalnız qoyun-quzu, dana kəsmirik, bir-birimizi də amansızlıqla doğramaqdayıq. Orta statistik azərbaycanlının qoltuğunun altında minimum bir ədəd gizli bıçaq saxlanılır. Hər boş səbəbdən millət kiməsə bıçaq soxur. Sanarsan Çaldıran döyüşüdü, ya da, nə bilim, Sisiyanov Bakı darvazalarına dayanıb. Nə olub, ay camaat? Bəsdirin bir-birinizi doğradınız. Zabit müəllimi bıçaqladı, şagirdlər məktəbdə bıçaqlaşdılar, gəlin qaynananın böyrünə çörək bıçağını soxdu, məhəllədə dükançını bıçaqla öldürdülər və sairə və ilaxır – xəbər lenti bıçaqlı hücum xəbərləri ilə aşıb-daşır. Sanki xalqımız bıçaq görəndə, əlində bıçaq tutanda qanı qaynayır, ulu babalarımızı xatırlayır, mütləq hücuma keçməyə vadar olur.

Bugünlərdə Türkiyədə bir qrup azərbaycanlı başqa azərbaycanlını dünyanın, ekranların gözü qarşısında bıçaqlayıb qaçmışdılar, məlum oldu ki, həm bıçaqlanan, həm də cinayəti sifariş verən və törədənlər... əlbəyaxa döyüş növü olan muay-tay üzrə “peşəkarlar” imiş. Zərərçəkən, xəstəxanaya düşən yoldaş hətta bu matahın federasiya sədriymiş. Rəhmətliyin uşağı, ta bunun nəyi “əlbəyaxa” oldu? “Bıçaqboyun”, ya da “böyüryortma federasiyasının sədri” adlandırmaq dəqiq deyilmi? İllərlə məşq edirlər, axırda bir-birini bıçaqlayırlar. (Peşəkar sözünü ona görə bayaq dırnaqda yazdım. Qoyun dırnağında).

Qoyun qədər ağılları olsa bıçaqlaşmazlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR