İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamdakı Monitorinq Mərkəzi bağlanır? - kritik gözlənti

Polkovnik və politoloqdan maraqlı açıqlamalar

Azərbaycan Qarabağ üzərində öz suverenliyini tam bərpa eləməklə həm də 10 noyabr üçtərəfli sənədin 4-cü bəndini gec də olsa özü reallaşdırmış oldu. Bu da nəinki Qarabağda, hətta bölgədə yeni bir situasiya yaratdı.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiya Qarabağa 5 il müddətinə 90 zirehli transportyor və bir neçə yüz xüsusi texnika ilə birlikdə 2000-ə yaxın şəxsi heyətdən ibarət kontingent yerləşdirib. Sənədə görə, Rusiya sülhməramlılarının mandatı üç tərəfin razılığı ilə daha beş il uzadıla bilər. Lakin Azərbaycan Rusiya sülhməramlılarının məsuliyyəti altında olan ərazilər üzərində tam suverenliyi təmin etdiyi üçün onların mandatının sonrakı taleyi yalnız Bakı ilə razılaşdırılacaq.

O da məlumdur ki, üçtərəfli bəyannamə imzalandıqdan və Ağdamda hərbi əməliyyatlar dayandırıldıqdan sonra ayrıca saziş əsasında Qarabağda atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. Orada isə Rusiya və Türkiyədən hər biri 30 zabit xidmət edir.

Bəzi müşahidəçilərə görə, son hadisələr fonunda bu Monitorinq Mərkəzinin gələcəyi məsələsi də sülhməramlılar kimi tezliklə gündəmə gətirilə bilər.

Belədirmi? Hazırda mərkəz nə ilə məşğuldur?

Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi,  dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun » Gundelik-Baku.Com

Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Qarabağda separatçıların ağ bayraq qaldırması və Azərbaycan ərazisini tərk etmələri ilə nəticələnən lokal antiterror əməliyyatı yeni reallıqlar yaratmış oldu: "Artıq Azərbaycanın dövlət bayrağı separatçıların işğalından azad edilmiş Xankəndi və digər ətraf ərazilərimizdə qaldırıldı. Biz artıq tam şəkildə ərazimizə nəzarət edirik, Azərbaycan qanunlarına uyğun olaraq o şəhərlərdə polis qüvvələrimiz xidmət keçirlər. 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndini Azərbaycan 19 sentyabrda 23 saatlıq antiterror əməliyyatı ilə icra etdi. O bəndi sülhməramlılar icra etməliydilər. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindəön çıxarılmasını həyata keçirməli idilər. Lakin 3 ilə yaxın müddət keçməsinə baxmayaraq bunu etmədilər. Ona görə də Azərbaycan Ordusu bu işi reallaşdırdı. Azərbaycanın məsələni bir sutkaya həll etməsini nə Ermənistan, nə Fransa, nə də erməni separatizminə dəstək verən digər güclər güman etmirdilər. Amma Azərbaycan bunu bacardı və yeni reallıq yaratdı. Yeni reallıq sülhməramlıların və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin məsələsini təbii ki, aktuallaşdırır. Rusiya Prezidenti və onun mətbuat katibi bəyan edib ki, sülhməramlıların bundan sonrakı fəaliyyətini və qalma müddətini Azərbaycanla müzakirə edəcəklər. Məncə, sülhməramlıların indiki sayda ərazimizdə qalmasına zərurət yoxdur, qalsalar da çox cüzi sayda qalmalıdırlar. Yəqin ki, 2025-ci ilə qədər qalacaqlar. Eləcə də birgə Monitorinq Mərkəzi üçün də yeni reallıqlar yaranıb. Lakin hesab etmək olar ki, birgə Monitorinq Mərkəzi sülhməramlıların burada qaldığı müddətdə burada saxlanacaq. Sonuncu sülhməramlı əsgər Azərbaycan ərazisini tərk edənə qədər birgə Monitorinq mərkəzi burada qalacaq. Həmin Monitorinq mərkəzi güman edirəm ki, Azərbaycan-Ermənistan sərhədinə də nəzarət edir”.

Fransa öz qərəzli münasibəti ilə sabitliyi pozur”-İlyas Hüseynov

İlyas Hüseynov

Politoloq İlyas Hüseynov isə bildirdi ki, müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşmiş Rusiya sülhməramlıların və eləcə də Monitorinq Mərkəzinin bundan sonrakı taleyi müzakirə olunur: "Onların burada fəaliyyətinin gələcəyi yalnız Azərbaycanla razılaşdırılmalıdır. Rusiya sülhməramlıları qarşıdakı ilyarım ərzində formal olaraq bölgədə qalacaqlar. Bu barədə Vladimir Putinin də fikirlərində ştrixlər var idi. Lakin önəmli detal da var ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi bölgədə işbiriliyi içindədir. Bu, həm də Yaxın Şərq modeli əsasında Qafqazda tərəfdaşlıq münasibətlərinin inkişafı kimi dəyərləndirilir. Həmin Monitorinq  Mərkəzinin gələcəyinin necə olacağı isə Rusiya sülhməramlılarının taleyinin necə olacağı ilə bağlıdır. Sülhməramlılar bölgədən getdikdən sonra Monitorinq Mərkəzinin fəaliyyətinə də xitam verilə bilər. Çünki açıq qeyd etmək istəyirəm ki, sülhməramlıların fəaliyyəti ilə bağlı nöqsanlar olanda Monitorinq Mərkəzi susurdu, onlardan açıq bir bəyanatı, rəyi görmürdük. Ona görə də cəmiyyətdə də suallar var idi ki, bu Monitorinq Mərkəzi nəyə lazımdır və hansı işlə məşğul olur. Artıq bütün bu qaranlıq məqamlar da yeni reallıqlarda aradan qaldırılır və Rusiya-Türkiyə iş birliyi artıq təhlükəsizlik və geopolitik fikirlərdən daha çox iqtisadi, ticari boyut almalıdır. Zəngəzur dəhlizinin açılması ilə bu, geniş şəkildə özünü göstərəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR