İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağadadaş Ağayev balta atdığı mühafizəçidən daha yüngül cəzaya məhkum olundu – Balta işi bitdi!

Bu gün, martın 6-da Binəqədi Rayon Məhkəməsində Xalq artisti Ağadadaş Ağayevə və onun balta atdığı mühafizəçi Nurəddin Cəlilova hökm oxunub.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti Ağadadaş Ağayevə oxunan hökm sonradan Nurəddin Cəlilova elan edilə hökmdən daha yüngül olması ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, Ağadadaş Ağayevə oxunan hökmlə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə Ağadadaş Ağayevə təyin edilən cəza şərti hesab olunub. Ona 1 il sınaq müddəti təyin edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab olunmasını istəmişdi. Bu iş üzrə Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. İşlərdən biri üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır.

Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Mühafizəçi Nurəddin Cəlilov da Binəqədi Rayon Məhkəməsində, hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur. Ötən prosesdə prokuror Nurəddin Cəlilovun da ittiham üzrə təqsirli bilinməsini və barəsində 2 il 6 ay məhkum etmə cəzası təyin olunmasını istəmişdi. Martın 6-da keçirilən prosesdə hakim Elçin Ağayevin hökmü elan edib. Hökmə əsasən, təqsirləndirilən Nurəddin Cəlilov 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, həmin cəza şərti hesab olunub.

Xatırladaq ki, Ağadadaş Ağayev məhkəmənin gedişatında mühafizəçi Nurəddin Cəlilovla barışıq sazişi bağlamış və məhkəməyə təqdim etmişdi.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR