İnsanlara hürriyət, millətlərə istiqlal!

AEBA: Zaporojye AES-in atəşə tutulması narahatlıq doğurur

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ukraynanın cənubunda yerləşən Zaporojye AES-ə missiyası başa çatıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq qurumun baş direktoru Rafael Qrossi Vyanaya dönən kimi səfərin nəticələrinə dair ilkin fikirlərini mətbuatla bölüşüb. O bildirib ki, missiya çərçivəsində AEBA ekspertləri vəziyyətlə yaxından tanış olublar və AES-in ərazisinin atəşə tutulması narahatlıq doğurur.

R.Qrossi eyni zamanda səfərlə bağlı qismən müsbət nəticələrin olduğunu da ifadə edib. Bildirilib ki, AES-in hədəfə alınması nəticəsində dəyən zərər qəbuledilməz olsa da, AES-in elektrik enerjisi ilə təminatı kimi mühüm təhlükəsizlik elementləri işlək vəziyyətdədir. Eyni zamanda əraziyə nəzarət edən rusiyalı hərbçilər və ukraynalı işçi heyət arasındakı əməkdaşlıq peşəkar səviyyədə davam etdirilir. Bununla belə, AES-in təkrar atəşə tutulması ehtimalı ağır fəsadlı zədələnmələrə yol aça bilər.

R.Qrossi diqqətə çatdırıb ki, AEBA missiyası Zaporojye AES ərazisində fəaliyyətini davam etdirəcək və bunun üçün hazırda həm Ukrayna, həm də Rusiya tərəfi razılıq verib. Təhlükəsizliklə bağlı yekun təhlil AES ərazisində qalan AEBA ekspertləri tərəfindən gələn həftə təqdim olunacaq.

AEBA rəhbəri sentyabrın 6-da Zaporojye AES-ə səfər barədə BMT Təhlükəsizlik Şurasının brifinqində iştirak edəcək və səfərin nəticələrinə dair məlumat verəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR