Onlayn ictimai-siyasi qəzet
Dünən ölkəmizdə yeni dövrün başlanğıcının əsası qoyuldu. Prezident İlham Əliyev Azərbaycan xalqının yekdil səsini toplayaraq növbəti dəfə dövlətimizin başçısı seçilmişdir. Dövlət başçısı 14 fevral tarixində and içərək öz vəzifə səlahiyyətlərinin icrasına başladı. Konstitusiyaya əsasən əlini ali qanunverici aktın üzərinə və milli-mənəvi dəyərlərimizə uyğun olaraq “Qurani-Şərifə” and içən dövlət başçımız növbəti tarixi və taleyüklü missiyanın icrasını üzərinə götürdü.
Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev həm də qarşıdakı dövlət siyasətimizin əsas kontorlarını səsləndirdi və növbəti illərdə ölkəmizi gözləyən məsələlərə, həlli vacib olan prosesslərə diqqət çəkdi. Dövlət başçısı onu yenidən Azərbaycan Prezidenti seçmiş xalqımıza – hər birimizə minnətdarlığını bildirdi, məhz andiçmə mərasimindəki nitq cənab İlham Əliyevin həm uğurlu 20 illinin hesabatı, həm də ki, qarşıdakı illərdə hədəflərimizə fokuslanmışdır.
Dövlət başçısı ilk olaraq rəhbərlik etdiyi Rəşadətli Azərbaycan ordusu tərəfindən həyata keçirilən və 44 gün davam edən Vətən müharibəsinə toxunaraq, şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad etdi. Məhz 2020-ci ilin 27 sentyabr tarixində başlamış və 44 gün davam edən Zəfər yürüşümüz ərazi bütövlüyümüzün bərpa olunması, eləcə də, Ermənistanın məğlub olaraq kapitulyasiya aktına imza atması ilə yekunlaşdı.
Ermənistan 30 il kimi uzun müddət ərzində torpaqlarımızı işğal altında saxlamaqla münaqişənin unudulması, həllinin tarixə qovuşması arzusunda idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev dünənki çıxışında bir daha elan etdi ki, müharibəsiz münaqişənin həlli imkanı var idi. Azərbaycan dəfələrlə sülh yolu ilə Ermənistandan tarixi torpaqlarımızdan çıxmağı tələb etməsinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkməmiş, əksinə təxribatlara davam etmişdir. Düşmən ölkə ilə bərabər, bu ölkəyə dəstək verən xarici qüvvələr, münaqişənin həlli üçün mandat almış ölkələr sülhə dair heç bir addım atmamışlar.
Yalnız ölkəmiz tərəfindən həyata keçirilən sülhə məcburetmə tədbirləri nəticəsində Ermənistan ordusunun üzərində tarixi qələbə qazanılmış, düşmən döyüş meydanından qaçmağa məcbur olmuş və sonda kapitulyasiya aktını imzalamışdır.
Təəssüf ki, Ermənistan imza atdığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərin bir qismini sonradan icra etməmiş, əksinə mütəmadi təxribatlar törətməklə ölkəmiz tərəfindən 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatlarını qacınılmaz etmişdir. Nəticədə Azərbaycan ordusu yüksək peşəkarlıqla 23 saat ərzində düşməni məhv edərək, sıradan çıxarmış, seperatçılar təslim almaqla ölkəmizin suverenliyi bərqərar olunub.
Məhz xalqımıza tarixi Zəfər bəxş etmiş Prezident İlham Əliyevin tarixi missiyasını xalqımız yüksək dəyərləndirdi. İlk dəfə bütöv Azərbaycan ərazisində keçirilən seçkilərdə öz Liderinə ən yüksək etimadi nümayiş etdirərək, dəstəklədi və onu yenidən dövlət başçısı seçdi. Prezident İlham Əliyevin seçkidə ailəsi ilə birlikdə Xankəndi şəhərində səs verməsi isə dünyaya vahid və anlamlı mesaj idi. Məhz vaxtı ilə xalqımıza qarşı amansız işgəncələrin, repressiyaların, soyqırımın hazırlandığı Xankəndi şəhəri bütün tarixi torpaqlarımız kimi düşmən işğalından birdəfəlik azad olunduğunu və torpağın əsl sahiblərinin geri dönməsi bir daha dünyaya nümayişi olundu. Prezident İlham Əliyevin təbilincə desək “Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”
Dövlət başçısının andiçmə mərasimindəki nitqində xüsusilə vurğuladığı bir neçə məqam var idi.
Birincisi, şəhid ailələri və qazilərin qayğılarına diqqət çəkərək, bu vaxta qədər 14 800 şəhid ailəsinin və qazinin evlə təmin olunmasını qeyd etdi. Habelə, bu il və gələn ildə bu prosesslərin davam edəcəyini bildirməklə, qəhrəmanlarımızın ailələrinə göstərilən diqqətin təzahürü idi.
İkincisi, ordumuzun peşəkarlığına toxunan dövlət başçısı bu gün Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində olduğundan daha güclü olmasına diqqət çəkərək, rəsmi Bakının istənilən vəziyyətə hazır olmasını bildirdi. Dünyanın gözünün Cənubi Qafqazda olduğu bir məqamda Azərbaycanın qətiyyətli mövqeyini göstərirdi. Eləcə də, ordumuzun silah arsenalının zənginləşməsindən, hərbi qulluqçuların peşəkarlığının artırılmasına diqqət çəkən Müzəffər Ali Baş Komandan “Komando” briqadalarından bəhs etdi. Məhz Xüsusi təyinatlı birliklərinin sayının artması və bu prosesin uğurla və sürətlə davam etməsinin önəmini vurğuladı.
Üçünçüsü, Ordu ilə bərabər Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidən qurma işlərindən bəhs edərək, yeni infrastrukturun yaradılmasından, şəhərlərin, kəndlərin salınmasından və uzun illər Vətən həsrəti çəkmiş həmyerlilərimizin evə dönüşündən, “Böyük Qayıdış” missiyasından bəhs etdi. Quruculuq işlərinin bu ildə böyük uğurla davam etməsinə diqqət çəkərək, işğaldan azad olunmuş ərazilərə həyatın döndüyünü bildirdi.
Dördüncüsü, dövlət başçısı nitqində tranzit sahəsinin inkişafı ilə bağlı məsələrin vacibliyini qeyd edərək, bu gün ölkəmizin Şimaldan-Cənuba, Şərqdən-Qərbə daşımaların əsas ünvanına çevrildiyini, məhz nəqliyyat infrasturukunun önəminə diqqət çəkdi, bu məsələlərin vacibliyindən bəhs etdi. Ölkəmizin tranzit əlaqələri, nefti, qazı dünyada sözümüzün daha da keçərli olmasına xidmət edən vasitələrdir.
Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətdə söz sahibi olan dövlətlərdən biridir, məhz “COP-29” kimi mühüm tədbirin keçirilməsinin ölkəmizə həvalə olunması sözügedən halın sübutudur.
Eləcə də, ölkəmizin Qoşulmama Hərəkatı kimi dünyanın ən böyük ikinci təşkilatına rəhbərlik etməsi və Hərəkatın Parlament Şəbəkəsinin yaradılması, Hərəkatın fəaliyyətinə verdiyi ən mühüm töhfələrdən biridir.
Türk Dövlətləri Təşkilatları çərcivəsində qardaş dövlətlər arasında həm ikitərəfli həm də çoxtərəfli əlaqələrin genişlənməsi, münasibətlərin daha da dərinləşməsi istiqamətində addımlar atan Azərbaycan həm ikirətəfli həm də çoxtərəfli münasibətlərə töhfə verir. Bu əməkdaşlıqlar məhz dövlətlərimizin qüdrətlənməsinə xidmət edir. Bizim türk dövlətləri ilə münasibətlər prioritet təşkil edir, dövlət başçısının təbilincə desək elə Bizim ailəmiz Türk dünyasıdır.
Azərbaycan bütün beynəlxalq təşkilatlarla eləcə də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində münasibətlərini müsəlman ölkələri ilə dostluğa, qardaşlığa əsaslanaraq qurub. Rəsmi Bakıya hər zaman bu təşkilatlar tərəfindən diqqətlə yanaşılır, münasibətlərin inkişafına xüsusi önəm verilir.
Bu gün dövlətimiz güclüdür, qüdrətlidir, xalq-dövlət birliyi tarixin ən yüksək səviyyəsindədir. Xalqımız Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında birləşib, bütün maneələrin qarşısını almağa hazırıq və tariximizin ən qüdrətli dövrünə şahidlik edirik. Qarşıdakı illərdə ölkəmiz üçün vacib olan siyasi kontorlar müəyyənləşib və əminik ki, dövlətimizin nüfuzu, qüdrəti hər keçən il daha da artacaqdır.
Adil Əliyev,
Milli Məclisin sədr müavini
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ