İnsanlara hürriyət, millətlərə istiqlal!

Adı yaşıl, özü ağ, buzlu adaya iddialar - Qrenlandiya niyə qiymətli olub?

ABŞ-nin yeni prezidenti Donald Trampın dilindən düşməyən Qrenlandiya müstəqillik uğrunda mübarizəyə başlayıb. Kanadanı Amerikanın yeni ştatı kimi görmək istəyən Tramp Qrenlandiyanı ya pulla, ya da siyasi təzyiq yolu ilə əldə etmək istəyir.

Bu, ABŞ-nin Qrenladiyaya ilk iddiası deyil. 1867-ci ildə dövlət katibi Uilyam Henri Syuard Qrenlandiyanı və İslandiyanı almaq imkanlarını araşdırıb. ABŞ Konqresindəki müxalifət bu layihəni rədd edib. II dünya müharibəsindən sonra ABŞ Qrenlandiyaya maraq göstərib və 1946-cı ildə ada üçün Danimarkaya 100 milyon dollar təklif edib. Danimarka isə buzlu torpağı satmaqdan imtina edib.

Yaşıl adanın soyuq tarixi

a434140d-c418-4270-b284-33150f2f4fbb.jpg (215 KB)

Təxminən 980-ci ildə vikinq Erik Roudi (“Qırmızı” ləqəbli) qonşusunu öldürdüyünə görə İslandiyadan üç illik sürgünə məhkum edilib. O, qərbə üzmək və aydın havada qərbi İslandiyanın dağ zirvələrindən görünən bir yerə çatmaq qərarına gəlib. Beləliklə, 982-ci ildə Qrenlandiyanın torpağına mütəmadi olaraq insan ayağı dəyməyə başlayıb. XI əsrin əvvəllərində xristianlıq adaya Erikin ikinci oğlu Leif Erikson tərəfindən gətirilib.

1536-cı ildə Danimarka və Norveç rəsmi olaraq vahid dövlətdə birləşdikdə, Qrenlandiya Norveçin yox, Danimarkanın mülkü sayılmağa başlayıb. Ada ilə əlaqələr kəsilsə də, Danimarka kralı özünü Qrenlandiyanın sahibi saymaqda davam edib. Bu münasibət Danimarka gerbinə qütb ayısının təsvirinin daxil edilməsində də öz əksini tapıb.

ce8ee2da-db18-486b-a615-fc97c6771f4a.jpg (32 KB)

Napoleon müharibələrindən sonra Norveç Danimarkadan ayrılanda Kopenhagen Qrenlandiya daxil olmaqla bütün xaricdəki koloniyalarını əlində saxlayıb. 1861-ci ildə Qrenlandiya dilində ilk jurnal nəşr olunmağa başlayıb. Lakin müstəmləkəçilik təcrübəsinə uyğun olaraq, Danimarka qanunları yalnız adanın Danimarka sakinlərinə şamil edilib. Bölgə şuraları üçün ilk demokratik seçkilər 1864-1865-ci illərdə Qrenlandiyada keçirilib, ancaq bütövlükdə ada üçün vahid nümayəndəlik orqanının yaradılmasına icazə verilməyib.

Norveç 1905-ci ildə tam müstəqillik əldə etdikdən sonra ada üzərində Danimarkanın suverenliyini tanımaqdan imtina edib. 1931-ci ildə Norveçdə balina ovçusu Halvard Devold öz təşəbbüsü ilə Qrenlandiyanın yaşayış olmayan şərq sahillərini işğal edib. Bu hadisə sonradan Norveç hökuməti tərəfindən dəstəklənib. İki il sonra Daimi Beynəlxalq Ədalət Məhkəməsi Danimarkanın xeyrinə qərar çıxarıb və Norveç bu qərarla razılaşıb.

Ada sevgisi nədən irəli gəlir?

84e62b83-f19a-4d4c-b73c-d0145860472e.jpg (78 KB)

II dünya müharibəsi zamanı nasistlər Qrenlandiya ətrafındakı Arktika sularında dəniz əməliyyatlarına başladıqda, Almaniyanın Danimarkanı işğalı etməsi faktın tanımaqdan imtina edən Henrik Kaufmann (Danimarkanın ABŞ-dakı nümayəndəsi) 9 aprel 1941-ci ildə ABŞ ilə Amerikanın hərbi hava qüvvələrinə Qrenlandiyadakı bazalardan istifadə etmək hüququ verən müqavilə imzalayıb. Müharibə boyu qarlı ada müstəqil dövlətin, demək olar ki, bütün üstünlüklərindən istifadə edib.

Çünki Danimarka hökuməti adanı idarə etməkdə başa düşülən çətinliklərlə üzləşib və Qrenlandiyanı sözün həqiqi mənasında ABŞ və Kanada saxlayıb. Müharibə bitdikdən sonra Qrenlandiya Danimarkaya qaytarılsa da, Vaşinqton bu ərazilərdən əl çəkmək istəməyib. XX əsrin ortalarında ABŞ və Sovet İttifaqı arasında açıq gərginlik yaranıb və bu, soyuq müharibə ilə nəticələnib.

Supergüclər arasında qarşıdurma Arktikada da baş verib. 1946-cı ildə ABŞ dünyanın ən böyük adası üçün Danimarkaya 100 milyon dollar dəyərində qızıl təklif edib. Qrenlandiyanın geostrateji mövqeyini və hazırkı geosiyasi gərginliyi nəzərə alaraq, adanın alınması haqlı olaraq “hərbi zərurət” hesab olunub. 1946-cı ildə irəli sürülən təklif gizli saxlanılıb. Bu, yalnız 1991-ci ildə, Danimarka qəzetinin məxfiliyi silinmiş sənədləri dərc etməsindən sonra üzə çıxıb. Məlum olub ki, 1967-ci ildə Danimarka Krallığı ABŞ Dövlət Departamentinin satış müqaviləsi ilə bağlı ilk müraciətini rədd edib.

4a8f071c-353c-4d9c-9e63-b1ce612b9d85.jpg (192 KB)

Soyuq müharibə illərində Qrenlandiya Arktikadakı sovet limanlarını Atlantik okeanı ilə birləşdirən dəniz yollarına nəzarət etmək, həm də Sovet İttifaqı ərazisindən Arktika vasitəsilə Amerikaya uça bilən qitələrarası ballistik raketlərin buraxılışı üçün erkən xəbərdarlıq sistemlərinin yerləşdirilməsi üçün əlverişli yer kimi fövqəladə strateji əhəmiyyətə malik olub.

ABŞ bu imtiyazlardan istifadə etməkdə xüsusilə maraqlı olub və 1951-ci ildə Kaufman sazişini əvəz etmək üçün başqa bir müqavilə tərtib edilib. Adanın şimal-qərbindəki Tule kəndi yaxınlığındakı Tule aviabazası daimi hava qüvvələri bazasına çevrilib. 1953-cü ildə bir neçə eskimo ailəsi hava bazasını genişləndirmək üçün evlərindən köçürülüb. Bu hadisə Danimarka hökuməti ilə Qrenlandiyanın yerli əhalisi arasında gərginlik mənbəyinə çevrilib. Bu gərginlik 21 yanvar 1968-ci ildə nüvə qəzası baş verəndə artıb.

Altı hidrogen bombası daşıyan “B-52 Stratofortress” təyyarəsi bazanın yaxınlığında qəzaya uğrayıb və böyük miqdarda plutonium yaxınlıqdakı buzlara səpələnib. Plutoniumun, demək olar ki, hamısı yığılsa da, yerli sakinlər uzun müddət heyvanların skeletləri deformasiyaya uğramış xəstə körpələr dünyaya gətirməsindən şikayətləniblər.

Arktikanın hüquqi rejiminin tarixinə görə, əvvəlcə Şimal Buzlu Okeanın sektoral bölgüsü olub, buna görə Arktika şərti olaraq qonşu dairəvi qütb dövlətləri arasında bölünüb. 1982-ci ildə BMT-nin Dəniz Hüququ Konvensiyası qəbul edilib, ona görə dövlətin ərazi yurisdiksiyası yalnız şelfə qədərdir və şelfdən kənar beynəlxalq zona elan edilib.

Qrenlandiyanın idarəçilik sistemi

Qrenlandiyanın müstəmləkə statusu yerli əhalinin 1953-cü ildə Danimarka parlamentində təmsil olunduğu zaman ləğv edilib. Yerli sakinlərin böyük əksəriyyəti balıqçılar və ovçular olduğu üçün şəhərdə iş tapmaqda çətinlik çəkməyə başlayıblar və nəticədə işsizliyin səviyyəsi artıb.

2ae02d73-7a4a-4646-84c4-3e733fbc2c79.jpg (807 KB)


Daha sonra Danimarka Avropa İttifaqı ilə əməkdaşlığa başlayanda tərəflər arasında fərqlər daha da böyüyüb. Qrenlandiyalılar Avropa Gömrük İttifaqının onların ticarətinə müdaxilə edəcəyinə inanırdılar. Çünki, onlar ilk növbədə qeyri-Avropa ölkələri olan ABŞ və Kanada ilə ticarət aparırdılar.
Danimarka Qrenlandiya ilə birlikdə ittifaqa daxil olduqda (referendumda qrenlandiyalıların 70,3%-nin əleyhinə səs verməsinə baxmayaraq) bir çox yerli sakinlər Kopenhagendə kifayət qədər nümayəndəliyin olmadığını hiss etməyə başlayıblar və yerli partiyalar daxili özünüidarəetmə kampaniyasına keçiblər. Qrenlandiyanın muxtariyyəti 1978-ci ildə Folketinq tərəfindən ratifikasiya edilib və növbəti ildən qüvvəyə minib.

1982-ci il fevralın 23-də qrenlandiyalıların 53%-i 1 985-ci ildə Avropa Birliyindən çıxmağa səs verib. Özünü Inuit xalqının dövləti elan muxtar adada Danimarka adları yerli adlarla dəyişdirilib.

Ölkə Kalaallit Nunaat kimi tanınıb, inzibati mərkəzi Qothob, paytaxtı Nuuk şəhəri olub və Qrenlandiya bayrağı 1985-ci ildə qəbul edilib. Bununla belə, adanın müstəqilliyi uğrunda hərəkat hələ də zəif olaraq qalır. Uzun müddət Danimarkanın səlahiyyətində olan xarici əlaqələr indi ilk növbədə muxtar hökumətin üzərinə düşüb.

b7a71d84-8170-469f-8d37-19a17b98eaf2.jpg (242 KB)

Avropa İttifaqından çıxdıqdan sonra Qrenlandiya hökuməti onunla xüsusi müqavilə imzalayıb, həmçinin İslandiya, Farer adaları, habelə Kanada və Rusiyanın eskimos əhalisi ilə sıx əlaqələr quraraq bir sıra kiçik regional təşkilatlara qoşulub.

Qrenlandiya da 1996-cı ildə Arktika Şurasının qurucu dövlətlərindən biri olub. Gündəlikdə muxtar Qrenlandiyanın bərabərhüquqlu tərəf kimi cəlb edilməsi ilə 1951-ci il Danimarka-Amerika müqaviləsinin müddəalarına yenidən baxılması var. Qrenlandiya Tule aviabazasının BMT-nin nəzarəti altında olan beynəlxalq müşahidə və peyk rabitəsi stansiyasına çevrilməsini məqsədəuyğun hesab edib. 2008-ci ildə Qrenlandiyada özünüidarə ilə bağlı referendum keçirilib, bunun nəticəsində 2009-cu il mayın 20-də Danimarka parlamenti Qrenlandiya üçün genişləndirilmiş muxtariyyət haqqında qanun qəbul edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR