Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqaz uğrunda mübarizə artıq amansız və geriyə dönməz xarakter almağa başlayıb. Ermənistanı "geopolitik müstəmləkə"yə çevirmiş ABŞ, Avropa Birliyi və Fransa indi Gürcüstanı növbəti hədəf olaraq, seçib. Qərb siyasi dairələri hesab edirlər ki, bu hədəfə çatılacağı təqdirdə, Cənubi Qafqazda qüvvələr nisbəti ciddi şəkildə dəyişmiş olacaq. Və bu regionun nəzarətə alınması ilə proses böyük ölçüdə təmin ediləcək.
Ona görə də, hesab etmək olar ki, hazırda Gürcüstanda cərəyan edən daxili proseslər yalnız bu ölkənin gələcək taleyi deyil, ümumiyyətlə, Cənubi Qafqaz regionu üçün böyük önəm daşıyır. Üstəlik, hazırda Gürcüstanda cərəyan edən ölkədaxili siyasi-ictimai proseslər tədricən kuliminasiya mərhələsinə yaxınlaşır. Və bu ölkədə yeni prezidentin öz səlahiyyətlərinin icrasına başlamasından sonra yaranacaq situasiya bir çox suallara cavab tapılmasına imkan verə bilər.
Onu da qeyd etmək lazımdır ki, keçmiş prezident Salome Zurabişvili özünü Gürcüstanda yeganə legitim dövlət təmsilçisi hesab edir. O, prezident sarayını tərk etmək məcburiyyətində qalsa da, hüquqi legitimliyi özü ilə apardığını bildirib. Eyni zamanda, xalqı və Qərbin "qrant agentura şəbəkəsi" olan gürcü müxtəlifətini öz ətrafında birləşməyə çağırıb. Və bu, o deməkdir ki, Qərbdən təlimatlar alan Salome Zurabişvili Gürcüstanda iki hakimiyyətlilik vəziyyəti yaratmaq istiqamətində radikal mübarizə mərhələsinə hazırlaşır.
Məsələ ondadır ki, Salome Zurabişvilinin liderliyi altında bu ölkədə xaosa cəhd göstərən Qərb siyasi dairələrinin Gürcüstana nəzarət cəhdləri əsasən, Cənubi Qafqazla bağlı geosiyasi, enerji resursları və regional təhlükəsizlik maraqlarına yönəlikdir. Belə ki, Gürcüstan Cənubi Qafqazda Azərbaycanla birlikdə Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır. Və bu region Rusiya, Türkiyə, İran və Avropa İttifaqı arasında yerləşdiyi üçün ABŞ və Qərb burada öz təsirini artırmaqla, Rusiyanı sıxışdırmaq niyyəti güdür.
Digər tərəfdən, Gürcüstan bu regionda Azərbaycana aid neft və qaz kəmərləri üçün tranzit ölkədir. Məsələn, BTC neft kəməri və Cənub Qaz Dəhlizi vasitəsilə enerji resurslarının Avropaya çatdırılması Gürcüstanın strateji önəmini artırır. Gürcüstanın NATO-ya yaxınlaşdırmaq cəhdləri isə ABŞ və Qərbin bu regionda hərbi-strateji mövqelərini gücləndirmək məqsədini daşıyır. Bu, həm Rusiyanın təsirini məhdudlaşdırmağa, həm də Qara dəniz hövzəsində təhlükəsizlik balansını təmin etməyə imkan verə bilər.
Ona görə də, ABŞ və Qərb "qrant aventura şəbəkəsi"ni keçmiş prezident Salome Zurabişvilinin liderliyi altına yerləşdirməklə, Qərbin təlimatlarına bağlı hakimiyyətin formalaşdırılmasına cəhd göstərir. Buna nail olunarsa, ABŞ və Qərb Gürcüstandan keçən regional enerji və nəqliyyat marşrutlarına tam nəzarət şansı qazana bilər. Və bu, həm Gürcüstanın suverenliyini, həm də Cənubi Qafqazın iqtisadi inkişaf perspektivlərini təhdid edə biləcək təhlükəli faktordur.
Təbii ki, Salome Zurabişvilinin ABŞ və Qərbin təlimatları ilə hərəkət etməsi və onun qanuna zidd davranışlarını Gürcüstanda həm siyasi gərginliyi artırır, həm də iki hakimiyyətlilik vəziyyəti yarada bilər. Bu isə öz növbəsində Gürcüstanda dövlət idarəetmə sisteminin parçalanması deməkdir. Ardınca isə ölkədaxili siyasi xaos və ictimai böhtan qaçılmaz ola bilər. Və Gürcüstanda hüquqi legitimlik qarşıdurmasının son nəticədə əhali arasında siyasi qütbləşməyə yol aça biləcəyi şübhə doğurmur.
Məsələ ondadır ki, Salome Zurabişvilinin iki hakimiyyətlilik yaratmaq cəhdləri Gürcüstanda vətəndaş müharibəsi riskini artıra bilər. Çünki Gürcüstanda qərbyönümlü və rusiyayönümlü qruplar arasında qarşıdurma mövcuddur. Əgər, bu qütbləşmə dərinləşərsə, küçə toqquşmaları baş verər. Bu halda, vəziyyətin nəzarətdən çıxa biləcəyi də istisna deyil. Və hüquq-mühafizə orqanları, xüsusilə də, ordu tərəf tutarsa, bu, vətəndaş müharibəsi riskini daha da artırar.
Gürcüstanda vətəndaş müharibəsinin isə ümumiyyətlə, Cənubi Qafqazı təhdid edən təhlükə faktoruna çevriləcəyi şübhə doğurmur. Çünki bu, Cənubi Qafqazda mövcud münaqişələri yenidən alovlandıra bilər. Yəni, Gürcüstanda daxili sabitlik pozularsa, bu, Rusiyaya Abxaziya və Cənubi Osetiya kimi separatçı bölgələri yenidən savaş poliqonuna çevirmək şansı vermək deməkdir. Və bu halda, Kreml regional hərbi iştirakını genişləndirmək üçün separatçı bölgələr üzərindən Gürcüstanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərinə qoşun yeritmək niyyətinə düşə bilər.
Halbuki, mövcud regional şərtləri nəzərə aldıqda, Rusiyanın radikal davranışları yolverilməzdir. Çünki, Kremlin Gürcüstana qoşun yeridəcəyi təqdirdə, Cənubi Qafqazda geopolitik maraqları olan ölkələr arasında qüvvələr balansının pozulacağı şübhə doğurmur. Xüsusilə də, Türkiyənin Rusiyanın Cənubi Qafqazda hərbi radikalizminə sərt reaksiya vermə ehtimalı yüksəkdir. Eyni zamanda, ABŞ və Qərbin də müxtəlif beynəlxalq mexanizmlər üzərindən Gürcüstanda, eləcə də, Cənubi Qafqazda baş verənlərə müdaxilə edəcəyi istisna deyil. Və bu, Cənubi Qafqazın böyük güclər arasında hərbi-siyasi toqquşma məkanına çevrilmə təhlükəsindən xəbər verir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ