İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ və Fransa səfirliklərinin Şuşaya səfərlə bağlı qərarları qəbuledilməzdir" -deputat

"Avqustun 27-də Şuşada xarici diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirilən qlobal konfransda Fransa və ABŞ səfirliyinin iştirak etməməsi Azərbaycanda haqlı narazılığa səbəb oldu. Burada söhbət adi dəvətə imtinadan deyil, ölkəmizin ərazi bütövlüyünə olan münasibətdən getdiyi üçün ölkə rəsmilərinin və ictimaiyyət nümayəndələrinin hər iki səfirliyin bu addımına sərt reaksiyası və etirazı kifayət qədər əsaslı idi. Ən azından ona görə ki, hər iki ölkə həm ikitərəfli imzalanan sənədlərdə, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qəbul etdikləri məlum 4 Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəkləmişlər. Belə olan halda, niyə bu ölkələrin səfirlikləri indiyə kimi işğaldan azad edilmiş Şuşa şəhərinə getmək istəmirlər? Bununla onlar nə demək istəyirlər və nədən narazıdırlar?".

Musavat.com xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın komitə sədri Azay Quliyev bildirib. O həmçinin qeyd edib: "Normal məntiqlə yanaşsalar, gərək hər iki dövlətin iştirakı ilə qəbul edilən və icrası məcburi olan, lakin 30 ildə icra edilməyən TŞ qətnamələrini Azərbaycanın təkbaşına icra etməsindən onlar məmnun olmalı və Şuşa səfərindən imtina etməməli idilər.

Yox, əgər, onlar bu addımları ilə Azərbaycanın artıq tarixə çevrilmiş ATƏT-in Minsk Qrupundan imtina etməsi və ya münaqişənin həll edilməsi faktı ilə razılaşmadıqlarını göstərməyə çalışırlarsa, burada da heç bir məntiq və rassional yanaşma yoxdur.

Ona görə ki, əgər keçmiş münaqişə tərəflərinin biri heç bir əhəmiyyəti və etibarlı mandatı olmayan MQ-ni qəbul etmirsə, onu zorla sırımaq mümkün deyil. Münaqişənin həll olunmadıqlarını iddia edirlərsə, o zaman, bu o anlama gəlir ki, həm Fransa, həm də ABŞ Cənubi Qafqazda yeni müharibə ocağını və etnitk düşmənçiliyi yenidən alovlandırmaq istəyirlər.

Bundan başqa, digər iki ziddiyyətli məqam ondan ibarətdir ki, ABŞ və Fransa Rusiyadan enerji asılılığından Avropanı azad etmək istiqamətində bütün resurslarını səfərbər etdiyi bir dövrdə, köhnə qitəni alternativ enerji ilə təmin edən Azərbaycana bu cür qeyri-dost münasibəti və ya yeni münaqişə ocağı yaratmaq istəyi başa düşülən deyil.

İkincisi, Fransanın Avropa İttifaqına sədrliyi dövründə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik missiyasını Emanuel Makronun “xeyir-duası” ilə məhz, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üzərinə götürüb. Brüssel danışıqlarında 4 dəfə iştirak edən Ermənistanın baş naziri Paşinyan da daxil olmaqla hər kəs Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipləri əsasında sülh sazişinin imzalanması reallığını qəbul edib. Bu prinsiplər hamıya məlumdur və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyi ifadə edir. ABŞ prezidenti Bayden başda olmaqla bütün rəsmilər də Azərbaycanın ərazi bütövlüyünü və siyasi müstəqilliyini tam müdafiə etdiklərini dəfələrlə rəsmən bəyan ediblər.

Belə olan halda, bu ölkələrin səfiriliklərinin Şuşaya getməkdən imtina etmələrini heç cürə anlamaq mümkün deyil. Bu addımın nə məntiqi, nə də ağlabatan və rassional motivi var. Bu kimi hadisələr, sadəcə qarşı tərəfə olan inam və etimadı zədələməkdən başqa heç nəyə xidmət etmir. Ona görə də ümid edirəm ki, hər iki ölkə səfirlikləri Şuşa səfəri ilə bağlı əvvəlki qərarlarına yenidən baxacaq, qarşılıqlı maraqlar və geosiyasi məqsədlər naminə bu yanlışı düzəldəcəklər".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR