İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Aİ arasında ticarət müharibəsi: qazanan olmayacaq – keçmiş Avrokomissar xəbərdarlıq edir

ABŞ ilə Avropa İttifaqı arasında ticarət münasibətləri daha da gərginləşir.

Musavat.com bildirir ki, tərəflər qarşılıqlı şəkildə gömrük rüsumları tətbiq edir və bu, faktiki olaraq yeni ticarət müharibəsinin başlanğıcı kimi dəyərləndirilir. Lakin bu prosesdə heç bir tərəfin qalib olmayacağını deyənlər də var.

2014–2019-cu illərdə Avropa Komissiyasının ticarət üzrə komissarı olmuş tanınmış siyasətçi Sesiliya Malmström Almaniya nəşri Deutsche Welle -yə açıqlamasında bildirib ki, hazırkı vəziyyət “şübhəsiz ki, getdikcə kəskinləşən bir münaqişədir”, lakin belə qarşıdurmalarda qalib tərəf olmur.

Brüsselin yeni qərarı vəziyyəti daha da qızışdırdı – Aİ ABŞ məhsullarına qarşı ümumilikdə 26 milyard avro məbləğində gömrük rüsumları tətbiq etmək qərarına gəlib. Bu addım ABŞ-ın prezidenti Donald Trampın rəhbərliyi ilə Avropa poladı və alüminiumuna tətbiq etdiyi 25 faiz rüsumlara cavab olaraq atılıb.

Malmström Trampın idxal rüsumlarının Amerikaya “qızıl dövr” gətirəcəyi fikrini “illüziya” adlandırıb:

“Bəlkə də Tramp ətrafında bir neçə belə iqtisadçı var, amma dünya üzrə iqtisadçıların 95 faizi hesab edir ki, gömrük rüsumları iqtisadi baxımdan ən yaxşı yol deyil. Ən çox zərəri isə sadə vətəndaşlar və istehlakçılar çəkir – qiymətlərin artması inflyasiyaya, məşğulluğa və iqtisadi artıma mənfi təsir göstərir”.

Ticarət siyasətinin ABŞ iqtisadiyyatına yaratdığı təhlükələr artmaqdadır. İnflyasiya göstəricilərinin pisləşməsi və rüsumların təsiri ilə bağlı neqativ proqnozlar nəticəsində bir sıra banklar və analitik qurumlar ABŞ iqtisadi artım tempinə dair gözləntilərini aşağı salıb.

“Bu qarşıdurmanın illərlə davam etməsini heç kim istəmir. Avropa sənayesi artıq zərər görür və ABŞ üçün də itkilər böyük olacaq”, – deyə keçmiş Avrokomissar xəbərdarlıq edib.

Hazırda həm Aİ, həm də ABŞ iqtisadiyyatında narahatlıqlar artır və bu gərginliyin qlobal təsirləri barədə ciddi narahatlıqlar var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

BÜTÜN XƏBƏRLƏR