Onlayn ictimai-siyasi qəzet
İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman bir neçə ildən sonra İranla yeni müharibə olacağı barədə xəbərdarlıq edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, teokratik rejim təslim olmadan atəşkəs daha pis şərtlərə gətirib çıxaracaq.
Keçmişdə İsraildə müdafiə naziri postu tutmiş tanınmış siyasətçi atəşkəs rejimini kəskin tənqid edərək, bunu son dərəcə təhlükəli qərar adlandırıb.
“Yisrael Beiteinu” partiyasının lideri Libermanın fikrincə, İrana qarşı hərbi əməliyyatların dayandırılması uğursuz və səhv qərardır, çünki İran qeyd-şərtsiz təslim olmaq əvəzinə çətin və yorucu danışıqlara girir.
O bildirib ki, Xamneyi rejiminin nə İranda uranın zənginləşdirilməsindən, nə ballistik raketlərin istehsalı və ehtiyatının toplanmasından, nə də regionda və dünyada terroru dəstəkləmək və maliyyələşdirməkdən əl çəkmək niyyəti yoxdur.
Liberman deyib ki, aydın və birmənalı razılaşma olmayan atəşkəs sazişi, çox güman ki, İsraili iki və ya üç ildən sonra, daha pis şəraitdə yeni müharibəyə aparacaq.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ