Onlayn ictimai-siyasi qəzet
Siyasətşünaslıqda “Pirr qələbəsi” deyilən bir anlayış var, əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edir.
İfadənin yaranış tarixçəsi belədir: eramızdan əvvəl 279-cu ildə hökmdar Epirli Pirr Askulum (indiki Askoli Satriano) ətrafında romalılar üzərində qələbə qazanıb, amma sərəncamındakı qüvvələrin böyük hissəsi məhv edilib. Yəni Pirrin qələbəsi məğlubiyyətə bərabər qələbə olub.
O vaxtdan bəri astarı üzündən baha başa gələn “qələbə”lərə “Pirr qələbəsi” deyirlər.
İyunun 13-dən 23-nə qədər davam edən İsrail-İran müharibəsinin atəşkəslə bitən nəticələrinə, İran rəhbərliyinin atəşkəsi xalqa qələbə kimi təqdim etməsinə baxarkən, yeni termin icad etmək lazım gəlir: “Şir qələbəsi”. (İranın toteminin şir olduğunu unutmayaq).
Çünki bu, nəinki “Pirr qələbəsi”, ümumiyyətlə, qələbə deyil. Bu, acı bir məğlubiyyətdir, hərbi təcavüzün zərərçəkəni olmaqdır.
Gerçəklər belədir: bu 10 gündə İranın hərbi elitasının görkəmli generalları yataqlarında, iş otaqlarında öldürüldü. Onların yerinə başqaları təyin edilsə də, orduda xüsusi nüfuzu olan şəxslərin bir anda məhv olması kadr potensialı baxımından ağır itkiydi. General əsgər deyil, onu bir çağırış vərəqi ilə geyindirib, silahlandırıb səngərə göndərmirlər, adi bir leytenantın general olması üçün azı 20-25 il ərzində qüsursuz xidmət göstərməsi, özünü inkişaf etdirməsi lazımdır.
İran isə hərbi xidmətdə saç-saqqal ağartmış generallarını bir gecədə itirdi.
Ölkənin hərbi obyektlərinin kütləvi şəkildə məhv edilməsini necə qələbə saymaq olar? Onlara yüz milyardlarla dollar həcmində xərc çəkilmişdi. Artıq yoxdurlar, külləri və qalaqları qalıb. Tikintisi on illərlə vaxt aparan nüvə obyektləri, yeraltı bunkerlər, santrallar 10 günün üçündə yoxa çıxdı və bu, qələbədir?
Düzdür, İran da İsrailə raketlər atdı, dağıntılar törətdi, ancaq baxaq, görək, İsrailin hərbi elitasından həlak olan oldumu, nüvə obyektləri ziyan çəkdimi, hərbi qüdrəti azaldımı...
Yəhudi dövləti “İranın nüvə proqramını məhv etdik” deyə öz vətəndaşlarına muştuluq verir, onların potensial nüvə bombardmanına məruz qalmaq təhlükəsindən xilas olduqlarını bəyan edir. Bu həqiqətdir.
Bəlkə də ABŞ-nin B-2 bombardmançı təyyarələri okeanın o tayından uça-uça gəlib Natanzı, İsfahanı, Fordonu bombalamasaydı, nüvə obyektlərini məhv etməsəydi, İsrail aviasiyası və raketlərinin bu işi başa gətirməyə gücü çatmayacaqdı. Gerçəklik budur ki, bu iki güc köməkləşdilər, İranı təklədilər və ona “ağır qələbə” qazandırdılar.
Söz yox, İran rəhbərliyinin “qələbə”dən danışması daxili auditoriyaya, sadə xalqa hesablanıb, onlar təskinlik vermək məqsədi daşıyır. Amma bu, həm də gözə kül üfürməkdir. Əslində xalqa doğrunu söyləmək və yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün xalqın iradəsinə güvənmək lazımdır.
Regional gücə çevrilmək, yaxın ölkələri öz nüfuz dairəsinə almaq, islam inqilabı ixrac etmək siyasətinin sonda fiaskoya uğraması faktı ortadaykən, açıq-aşkar məğlubiyyətlə bitən müharibədə “zəfər qazanmaq”dan danışmaq tutulmuş yoldan imtina etməmək deməkdir.
Belə açıqlamalarla çıxış etmək Şərq ölkələri üçün xarakterikdir. 1991-ci ildə Səddam Hüseyn Küveyti işğal edəndə və bir müddətdən sonra ABŞ və onun koalisyon ortaqlarının keçirdiyi “Səhrada tufan” əməliyyatlna məruz qalaraq Küveytdən öz ölkəsinə çəkiləndə də “zəfər”dən danışırdı. Dünyada hamı bilirdi ki, İraq ordusu Küveytdə böyük itkilər verib və tez-tələsik aradan çıxmaq zorunda qalıb, amma İraqın dövlət təbliğatı Amerika və digər düşmənlərə yaxşı dərs verdikləri üfürürdülər, Səddamın şəninə öygülər yağıdırılırdı. Hamısı da boş və puç propoqanda idi.
İndi İran həmin yolu tutub. Yəqin ki, bir müddət belə davam edəcək. Amma sonra acı reallıqları etiraf etmək, uğursuzluğun siyasi və hərbi səbəblərini araşdırmaq lazım gələcək. Bunsuz olmaz.
Ortaya çıxmalıdır ki, İran kimi hərbi baxımdan güclü ölkə necə oldu ki, hava məkanını hücumçuların sərəncamına buraxdı və ölkə ordusunun hissələri səmada qartal görmüş kəsəyənə döndülər, başlarını yeraltı yuvalarından çıxara bilmədilər.
Çox şeyə yaramayan kütləvi qırğın silahı əldə etməkdən ötrü 30-40 ildən milyardlarla dollara başa gəlmiş obyektləri, qurğuları, cihazları bir neçə gecədə itirməyə dəyərdimi?
İran o xərci tibbə, təhsilə, yeni texnologiyalara, tikinti-quruculuq işlərinə, sosial proqramlara xərcləsə, dünyanın ən firavan, ən varlı ölkələrindən biri olardı.
Odur, Şimali Koreyanın nüvə bombası, ballistik raketləri var, amma əhalisinin rifahına görə dünyanın ən kasıb 10 ölkəsindən biridir.
Onunla intriqada olan Cənubi Koreyanın isə nüvə bombasından başqa hər şeyi var, dünyanın ən varlı 15-20 ölkəsindən biridir. Demək, əsl qələbəni Cənubi Koreya qazanıb.
Araz Altaylı, Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ