Onlayn ictimai-siyasi qəzet
Münaqişə həll olunarsa, ABŞ Ukraynada sülhün qorunmasında iştirak edəcək koalisiyanın üzvlərinə yardım edə bilər.
Musavat.com xəbər verir ki, məlumatı Britaniyanın “The Daily Telegraph” qəzeti yayıb. Bildirilir ki, ABŞ nümayəndələri London və koalisiyanın digər üzvlərinin Vaşinqtondan istədikləri müəyyən təhlükəsizlik təminatlarını təqdim etməyi özəl olaraq təklif ediblər.
Nəşrin əldə etdiyi məlumata görə, söhbət ABŞ-ın maddi-texniki və kəşfiyyat dəstəyindən gedir. Britaniya hökuməti koalisiyaya dəstək məsələsində Amerikanın mövqeyinin belə dəyişməsini irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirir.
Hələ fevral ayında Böyük Britaniya öz qoşunlarını Ukraynaya sülhməramlılar kimi göndərməyə hazır olduğunu elan edərkən, Böyük Britaniyanın baş naziri Keir Starmer bu prosesin “Amerikanın təhlükəsizlik zəmanətlərini” tələb etdiyini vurğulamışdı. Çünki yalnız ABŞ-ın iştirakı yeni Rusiya-Ukrayna münaqişəsi riskini minimuma endirəcək. Bu çağırışa baxmayaraq, ABŞ prezidenti Donald Tramp hər hansı təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu təsdiqləməyib.
Nəşr qeyd edir ki, hazırda Ukraynada sülhün təminatçısı olacaq koalisiya hava və dəniz sülhməramlı missiyalarının yerinə yetirilməsi, Ukrayna ərazisinə hərbi personalın yerləşdirilməsi, eləcə də Ukrayna Silahlı Qüvvələrinə gələcək dəstəyin göstərilməsi məsələlərini müzakirə edir. Londonun planlarına görə, bütün bu sahələrdə işlər sülh sazişi bağlanandan dərhal sonra başlamalıdır.
Bundan əvvəl Britaniya mediası London və Parisin Ukraynaya qoşun göndərmək istəyinin əlaqəli risklər və Moskvanın kəskin etirazları səbəbindən zəiflədiyini yazmışdı. Eyni zamanda, demarkasiya xəttindən mümkün qədər uzaqda yerləşdiriləcək hərbi təlimatçıların Qərbi Ukraynaya göndərilməsi imkanları araşdırılır.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ