Onlayn ictimai-siyasi qəzet
“Dəmir yumruq”lardan sonra kapitulyant Ermənistanda sülh müqaviləsi ilə bağlı hələ də ictimai-siyasi konsensus yoxdur. Belə görünür, üzləşdikləri bu qədər faciə-fəlakətlərə rəğmən, separatçılıq mərəzi, “miatsum” virusu toplum olaraq, qonşularımızın canından tam çıxmayıb.
Əfsus ki, Nikol Paşinyan bu il də öz xalqını sülhə hazırlaya bilmədi. Bu isə revanşist-radikalların dilini getdikcə daha uzun edir, onların “çörəyinə yağ” sürtür. “Ermənistan hakimiyyəti elə bir sülh müqaviləsi istəyir ki, 20-25 ildən sonra gələcək nəsillər müharibəyə getsinlər. Hakimiyyətə elə gəlir sülhə can atır, əslində isə bu sülh deyil, müharibədir, sadəcə, gələcək nəslə qədər təxirə salınır”. “Yeni Müsavat” xəbər verir ki, belə bir iddianı mifik “artsax”ın mifik “təhlükəsizlik şurası”nın keçmiş katibi, hərbi cani Samvel Babayan irəli sürüb. “100 il əvvəl ”soyqırımı" olub və Türkiyənin ərazi bütövlüyünü tanımağa çalışan Ermənistanın istənilən lideri satqına çevrilir. Bu gün diaspor hazırkı hakimiyyəti demək olar ki, tamamilə rədd edir. Əgər Azərbaycanda savadlı insanlar varsa, başa düşməlidirlər: xalqlarımızın daha 300 il mübarizə aparmaması üçün biz öz oyunumuzu oynamalıyıq", - Babayan bildirib.
Bəs separatçı ünsürü hansı oyuna işarə edir? Babayan: “Uzun müddət bizim əvəzimizə qərar verən biz yox, öz maraqlarını irəli sürən fövqəldövlətlər idi. Mən Azərbaycanla razılaşdırılmış oyunumuzu oynamağı təklif edirəm. Azərbaycan dərk etməlidir ki, Artsax muxtar respublika olmalıdır, insanlar qayıtmalıdır, iki xalq barışmalıdır və region iqtisadi, siyasi, logistik inteqrasiya yolu ilə getməlidir”. Beləcə, separatçı-kriminal elementləri hələ də “çəhrayı arzular”la, siyasi status ümidi ilə yaşayırlar. İrəvanda oturub Bakı ilə hətta şərt dilində danışırlar. Öz növbəsində başqa bir xəyalpərvər erməni - politoloq Armen Bədəlyan hesab edir ki, ABŞ üçün “Qarabağ məsələsi” bağlanmayıb. Səbəbini isə belə izah edir: “Hazırda Cənubi Qafqaz Orta Asiyanı Qərblə birləşdirən Orta Dəhlizin bir hissəsi sayılır. Qərb Orta Asiyada, xüsusən də Qazaxıstan iqtisadiyyatına - qaza, neftə, qiymətli metallara 175 milyard dollar sərmayə qoyub. Bu, yalnız Qazaxıstandadır, hələ Orta Asiyanın digər ölkələrini demirəm. Bütün bunları oradan çıxarmaq üçün Cənubi Qafqaz lazımdır. Öz növbəsində Orta Asiyanın artan rolu Qərbin Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyinin artmasına gətirib çıxaracaq və bunun üçün bütün rıçaqlardan istifadə olunacaq. Onlardan biri də Qarabağ məsələsidir. ABŞ üçün Qarabağ məsələsi aktualdır və bağlanmayıb”. Doğrudanmı, Vaşinqton separatçıların və ermənilərin istəyinə uyğun olaraq Bakıya qarşı artıq vurulmuş “Qarabağ kartı”ndan istifadə edə bilər? ABŞ Bakıdan status, muxtariyyət tələb edəcək, yoxsa pərdəarxasında bunu istəyir?
Ramiyə Məmmədova
“Yeni Müsavat”a danışan siyasi ekspert Ramiyə Məmmədovaya görə, ABŞ-ın “Qarabağ kartı”ndan istifadəsi üçün hər hansı arqument qalmayıb: “Vaşinqtonun ən pis halda irəli sürdüyü məsələ ermənilərin qayıdışıdır. Buna da dəfələrlə rəsmi izah verilib, şərtlər açıqlanıb. ABŞ-ın regionda mövcudluğu iqtisadi doktrina ilə mümkündür. Yəni Qarabağ üzərindən nüfuz etmək üçün heç bir mexanizm qalmayıb. Separatçıların, revanşist düşüncəli təhlilçilərin Vaşinqtonun adından öz xəyallarını dilə gətirməsini reallıq kimi qəbul etmək olmaz. Məncə, İrəvanda oturub evcik-evcik oynayırlar və sonuncu akkordlarını vururlar. Bu da yeni maliyyə əldə etmək cəhdləridir. 21 dekabrda Xankəndi stadionunda Prezidentin topa ilk zərbəni vurması da məhz siyasi qol idi və bütün beynəlxalq güclərə, başda Birləşmiş Ştatlar olmaqla keçmiş həmsədr ölkələrə bir cavab idi. Ona görə də Babayan kimilərin nə çərənləməsi artıq bizi maraqlandırmalı deyil”. Ekspertin sözlərinə görə, Vaşinqton Bakı ilə münasibətləri də yoluna qoymağa çalışır: “Yeni səfir Şəhidlər xiyabanına getdi, ümid edək ki, azad edilən əraziləri də ziyarət edəcək, Blinkenin köməkçisi Azərbaycana gələrək aranı düzəltməyə çalışdı, Dövlət Departamentinin sözçüsü Metyu Miller İrəvan - Bakı arasında ikitərəfli danışıqları alqışladıqlarını bəyan etdi, yəni ”Qarabağ kartı" əldə deyil. Təbii ki, noyabr seçkilərinə qədər zaman-zaman Bayden administrasiyası, ermənipərəst konqresmenlərin növbəti çağırışları ucbatından müəyyən gərginlik yarana bilər, amma bütövlükdə separatçıların dedikləri blefdir".
Fuad Əliyev
Prezidentliyə namizədliyi irəli sürülən Fuad Əliyev isə Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurmasının kəskinləşəcəyi qənaətindədir. Onun sözlərinə görə, bu toqquşma strateji xarakter daşıyır və nüfuz savaşıdır. “Amma Qarabağ üzərindən bunu etmək üçün rıçaqlar yoxdur. İndi Ermənistan üzərindən rəqabət getməkdədir. Qarabağ məsələsində az qala bütün keçmiş həmsədr ölkələr mismarı bir yerə vururlar. Sadəcə, bu münaqişə başa çatıb, Ermənistan hökuməti sülhdən danışır, ABŞ hansı bəhanələr tapa bilər? Əgər ermənilərin qayıdışı məsələsini masaya qoymaq istəyirlərsə, mövqeyimiz bəllidir”, - deyə F.Əliyev belə hesab edir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ