Onlayn ictimai-siyasi qəzet
ABŞ Türkiyəyə Rusiyadan aldığı qaza görə “Qazprombank”la ödənişlərini icra etmək üçün istisna müddətini uzadıb.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg vəziyyətlə tanış olan türk mənbəyə istinadən yayıb. Bildirilir ki, möhlət müddəti 2025-ci ilin may ayına qədər uzadılıb.
İstisnanın uzadılması Türkiyəyə may ayına qədər Rusiyadan qaz almağa davam etməyə imkan verəcək. Müddət uzadılmasaydı, martın 20-dən sonra Türkiyə aldığı qazın pulunu Rusiyaya ödəyə bilməyəcəkdi. Bloomberg xəbər verir ki, sanksiyalardan istisna bu yaxınlarda Türkiyə və ABŞ-ın maliyyə nazirləri Mehmet Şimşək və Scott Bessent arasında telefonla müzakirə edilib.
2024-cü ilin noyabrında ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına 50-dən çox Rusiya bankını, o cümlədən Qazprombank, DOM.RF Bank, BCS Bank və Sinara İnvestisiya Bankını əlavə edib. Bu, Rusiyadan qaz alan ölkələr üçün ödənişlərin icrasında böyük problemlər yaradıb. Çünki Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə imzaladığı fərmana əsasən bütün ölkələr aldıqları qazın pulunu “Qazprombank” üzərindən ödəməliydilər. ABŞ-ın qərarı Rusiyadan böyük həcmdə qaz alan Türkiyə və Macarıstan üçün xüsusilə böyük problemlər yaradacaqdı. Ona görə də hər iki ölkə Vaşinqtondan istisna istədilər. Dekabrda Vaşinqton Türkiyə və Macarıstan üçün istisnanı qəbul etdi və Rusiyadan alınan qaz üçün sanksiya tətbiq olunan bank vasitəsilə ödəniş etməyə icazə verdi.
Ölkənin rəsmi statistikasına əsasən Türkiyənin 2024-cü ildə təbii qaz idxalı 2 faiz artaraq 51,5 milyard kubmetr olub (2023-cü ildə 50,484 milyard kubmetr). 2024-cü ildə Türkiyə Rusiyadan həm LNG şəklində, həm də boru kəmərləri ilə 21,5 milyard kubmetr qaz idxal edib. 2023-cü illə müqayisədə artım 2,6 faiz təşkil edib.
Hazırda “Qazprom” Türkiyəyə iki qaz kəməri vasitəsilə qaz tədarük edir: “Mavi axın” və “Türk axını”. Birincisi sırf daxili Türkiyə bazarı üçün işləyir, “Türk axını”nın iki xəttindən biri daha sonra “Balkan axını” adlanan qaz kəməri ilə Aİ ölkələrinə gedən həcmləri nəql edir. Macarıstan 2024-cü ildə “Türk axını” ilə təxminən 7,6 milyard kubmetr qaz alıb.
Musavat.com
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ