Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç arasında telefon danışığı olub.
ABŞ Dövlət Departamentinin məlumatına görə, iki ölkə rəsmiləri bir neçə məsələni masaya yatırıblar. Məsələlərdən biri HƏMAS-ın girovlarla bağlı razılaşmanın bir hissəsi olaraq İsrailin dərhal atəşkəs əldə etmək təklifini qəbul etməsi olub. Tərəflər İsrail-Fələstin münaqişəsində atəşkəs əldə etməyin təcili zəruriliyini vurğulayıblar. Onlar həmçinin terrorizmlə mübarizə, müdafiə sahəsində əməkdaşlıq və sanksiyalara riayət etmək kimi ikitərəfli məsələləri də müzakirə ediblər.
ABŞ və Türkiyə rəsmilərinin ortaq məxrəcə gəldikləri ən önəmli məsələlərdən biri isə Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları ilə əlaqədardır. Rəsmilər sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin yaxşılaşdırılmasını da alqışlayıblar.
ABŞ və Türkiyənin müxtəlif coğrafiyalarda bir-birindən tamamilə fərqli mövzuları eyni söhbət əsnasında müzakirə etməsi istər-istəməz bu sualları ortaya çıxarır: Bu məsələlərin bir-biri ilə nə əlaqəsi var və Amerika onların həll yollarını niyə məhz Türkiyə ilə müzakirə edir?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, ABŞ-ın İsraildən tutmuş Yunanıstana, Ermənistana və Azərbaycana qədər geniş coğrafiyada yaşanan prosesləri Türkiyə ilə müzakirə etməsi ona regional təsir gücü olaraq verdiyi əhəmiyyəti göstərir:
“Türkiyə həm Avropa, həm Yaxın Şərq, həm də Cənubi Qafqazla həmsərhəddir. Bu əlverişli mövqeyi ilə 3 mühüm geosiyasi məkana təsir etmək qabiliyyətinə malikdir. Türkiyənin Osmanlıdan qalma təcrübəsi də onun əhəmiyyətini artırır. ABŞ da bu özəlliklərini nəzərə alıb hər 3 regionda baş verən hadisələri Türkiyə vasitəsilə yönləndirməyə çalışır”.
Siyasi şərhçi hesab edir ki, strateji müttəfiqimiz olan Türkiyənin dünya siyasətində bu üstün mövqeyi bizim üçün də faydalıdır:
“Ceyk Sallivanla Akif Çağatay Kılıçın telefon söhbətinin bütün detalları tam açıqlanmayıb. Amma müzakirə etdikləri mövzular və onlarla bağlı tərəflərin mövqeyi haqqında qısa məlumatlar belə, bəzi mülahizələr irəli sürməyə imkan verir. Diqqət yetirsəniz, görərsiniz ki, Türkiyə və ABŞ rəsmiləri hər 3 sahə ilə danışıqlarında əsasən sülh gündəmini müzakirə ediblər. Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin yaxşılaşmasının alqışlanması da, İsrail-Fələstin xəttində atəşkəsin əldə edilməsinin zəruriliyi də, Azərbaycan-Ermənistan arasında sülh sazişinin bağlanması da vahid bir məqsədə xidmət edir – regionda gərginliyin azaldılmasına”.
Heydər Oğuzun fikrincə, ABŞ-ın bu “sülhpərvər” mövqeyi əslində heç də humanizmindən irəli gəlmir:
“Məsələ burasındadır ki, ABŞ bu gün 4 mühüm cəbhədə müharibə aparmaq məcburiyyətindədir. Bu cəbhələrdən biri Ukrayna, biri Yaxın Şərq, digəri Cənubi Qafqaz, bir başqası isə Sakit-Hind okeanı coğrafiyasıdır. ABŞ hərbi cəhətdən nə qədər güclü olsa belə, eyni anda 4 cəbhədə döyüşə bilməz. Üstəlik, onun bu cəbhələrdə region güc mərkəzlərinin əleyhinə mövqe tutması bütün dünyanın ona qarşı birləşməsini şərtləndirir. Dünyanın heç bir super gücü bütün dünyanı qarşısına alaraq uğur əldə edə bilməyib. Heç uzağa getməyək, yaxın tariximiz sayılan İkinci Dünya müharibəsində Hitler Almaniyası ona görə məğlub oldu ki, eyni anda həm Rusiyanı, həm Fransanı, həm də Böyük Britaniyanı qarşısına aldı. Nəticədə ağır məğlubiyyətə uğrayıb öz müstəqilliyi və ərazi bütövlüyün itirdi. Almaniya indiyə qədər faşizmdən əvvəlki ərazilərini bərpa edə bilməyib. Bu gün eyni anda həm Rusiyaya, həm Çinə, həm də İslam dünyasına qarşı mübarizə aparan ABŞ da ənənəvi siyasətində ciddi düzəlişlər etməsə, Hitler Almaniyasının taleyini yaşaya bilər. Üstəlik, bu cəbhələrin bəzilərində apardığı mübarizədə o qədər də populyar olmayan mövqe sərgiləyir. Bunlardan biri Yaxın Şərq cəbhəsidir. Bilirsiniz ki, İkinci Dünya müharibəsindən bəri İsrailin mövqeyini müdafiə edən ABŞ istər-istəməz ərəblər arasında populyarlığını itirib. Dövlət rəhbərləri məcburən onun mövqeyini qəbul etsələr də, ərəb xalqı yaşananlarla razılaşmır, bir çox hallarda assimetrik mübarizə üsulları ilə müqavimət göstərirlər. Bu isə digər güc mərkəzlərinin diqqətini cəlb edir və ABŞ-a rəqib olan həmin qüvvələr Yaxın Şərqdəki xalqın etirazlarından faydalanmağa çalışırlar. Ən əsası, son zamanlar Çin də daha cazibədar təkliflərlə ərəb liderlərini öz tərəfinə çəkmək niyyətindədir. Ötən il İranla bəzi ərəb ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının arasını düzəldən Çin bir neçə gün əvvəl yenidən ərəb liderlərini Pekinə toplamışdı. Onlarla “Bir Yol, Bir Kəmər” layihəsi çərçivəsində önəmli sazişlər imzalamış və iqtisadi əməkdaşlığın təməllərini qoymuşdu. Üzərindən az keçməmiş, dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfərə dəvət olunmuşdu. Fidan Çin səfərinə başlayar-başlamaz Ceyk Sallivan türkiyəli həmkarına zəng edib onunla regional məsələləri müzakirə edib”.
Həmsöhbətimiz bildirib ki, ABŞ Yaxın Şərqdə Çinin mövqeyinin güclənməsindən narahat olduğu üçün İsrail-Fələstin məsələsinin təcili çözülməsini istəyir:
“Bunun üçün də 3 mərhələli plan hazırlayıb tərəflərə təqdim edib. İlk mərhələdə İsrail atəşkəs elan edib Qəzzadan 6 ay ərzində çəkiləcək, həm Fələstin, həm də İsrail əllərindəki qadın əsirləri və dustaqları buraxacaq. İkinci mərhələdə sülh danışıqlarına başlanacaq və kişi əsirlər azad olunacaq. Üçüncü mərhələdə isə qalıcı sülh sazişi bağlanacaq. Bununla da ABŞ və İsraili Yaxın Şərqdə küncə sıxışdıran və onların əleyhinə ictimai rəy formalaşdıran mühit ortadan qaldırılacaq. Nəticədə ABŞ bölgədə Çin və Rusiyaya qarşı yumşaq gücünü yarada biləcək”.
ABŞ və Qərb ölkələrinin regional siyasətlərində Rusiyaya və Çinə təsir aləti vermək istəmədikləri bölgələrdən birinin də Cənubi Qafqaz olduğunu vurğulayan Heydər Oğuzun fikrincə, Azərbaycanla Ermənistan arasında əldə ediləcək sülh bu istiqamətdə atılacaq ən mühüm addımlardandır:
“Azərbaycanla Ermənistan arasında qalıcı sülh bağlanarsa, növbə Gürcüstana gələcək. Gürcüstanda başlayan və getdikcə səngiyən “Xarici agentlər haqqında qanuna” etiraz dalğası yəqin ki, payızda yenidən güclənəcək. Nəticədə maxalifət qüvvələrin hakimiyyətə gətirilməsi ilə bu problem də öz həllini tapacaq. Beləcə, ABŞ-ın Rusiya, Çin və İranla hesablaşması üçün daha rahat zəmin yaranacaq. Fikrimcə, Ceyk Sallivan və Akif Çağatay Kılıç da telefon danışıqlarında məhz bu perspektivləri müzakirə ediblər. Danışıqlarda “terrorizmlə mübarizə, müdafiə sahəsində əməkdaşlıq və sanksiyalara riayət etmək kimi ikitərəfli məsələlərinin müzakirə” olunmasının əsas səbəbi də artıq dəyişdirilməsinə qərar verilən bu siyasətlə bağlıdır. Türkiyə Cənubi Qafqazı xarici təzyiqlərdən qorumaq üçün təbii ki, öz hərbi qabiliyyətini artırmalıdır. Görünür, ABŞ da ona bu dəstəyi vermək barədə düşünür”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ