İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ sülh sazişində imzası olmasını istəyir: Vaşinqton-Rusiya rəqabəti prosesi tormozlaya bilər

Ekspertlərə görə, sülhün qarşısını almaq istəyən qüvvələr Ermənistanın dövlət kimi mövcudluğunu şübhə altına alacaq

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ölkəsi hərtərəfli sülhə nail olmaq üçün ATƏT-in Minsk Qrupu vasitəsilə Azərbaycan və Ermənistana kömək etməyə hazırdır:

“Biz Cənubi Qafqazın təhlükəsiz, demokratik və çiçəklənən gələcəyi üçün səylərimizə sadiqik. Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşü, o cümlədən sərhədlərin delimitasiyası üçün ikitərəfli komissiyanın yaranması və sülh danışıqlarına hazırlıqdakı müsbət dinamikanı alqışlayırıq”. Göründüyü kimi, ABŞ ikitərəfli təmaslarla tərəflərə sülh prosesində dəstək olmağa hazırlığını bəyan edir. Yəni Ermənistanla ayrı, bizimlə ayrı müzakirə aparmaq istəyir.

Belə bir vəziyyətin gerçəkləşməsini Rusiya qəbul edərmi? Yəni ABŞ-ın bu məsələdə təşəbbüsü ələ almasına hansı münasibəti bəsləyə bilər?

Nəzərə alsaq ki, ABŞ siyasi dairələrinə erməni lobbisinin təsiri güclüdür, o halda Vaşinqtonun vasitəçiliyi optimizm doğurmaya bilər. ABŞ sülh sazişində imzası olmasını istəyir, amma Vaşinqton-Rusiya rəqabəti də bu prosesi tormozlaya bilər.

Asim Mollazadə: “Diplomatik turizmlə məşğul olan Minsk Qrupu Ermənistanı  ruhlandırır”

Asim Mollazadə

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə məsələyə müsbət yöndən yanaşır: “Avropa Birliyinin prosesdə yeni inkişafa nail olmağı əslində çox müsbət bir haldır. Eyni zamanda Avropa Birliyi məhz bilavasitə Azərbaycan-Ermənistan danışıqları prosesi vasitəsilə münaqişənin həllinə təkan verib. Minsk Qrupu artıq mövcud deyil. Burada əsas səbəb təbii ki, Minsk Qrupuna daxil olan ölkələr arasında münasibətlərin gərgin olmasıdır. Hər hansı bir ölkənin müsbət yöndə sülhə və danışıqlara töhfəsi varsa, nəsə edə bilərsə, buyurub etsin. İstənilən halda son qərarı Azərbaycan və Ermənistan rəhbərləri verəcək, sənədə onlar qol çəkəcək. Bu proseslərin qarşısını almaq istəyən qüvvələr sonda Ermənistanın bir dövlət kimi mövcudluğunu şübhə altına alacaq. Ermənistan bugünkü vəziyyətdə davam edə bilməz. Ərazi iddialarına son qoymasa, əslində Ermənistanın özü-özünü məhv edəcək. Erməni lobbisinin artıq bu proseslərdə müşahidəçi qismində qalmaqdan başqa yolları qalmayıb. Əgər indiyə qədər olan yollarına davam etsələr, bunu fəaliyyət göstərdikləri ölkələr qəbul etməyəcəklər”. 

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

 Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Amerikanın bu addımlarını normal sayır: “Rusiya diqqətini Ukraynaya cəlb edəndən və orada istədiyi nəticələri qısa müddətdə əldə etməyəndən sonra Amerika Kremlə qarşı siyasi, iqtisadi, hətta müəyyən dərəcədə hərbi müstəvidə bütün cəbhələrdə hücuma keçib. ABŞ Rusiyanın indiki vəziyyətindən maksimum dərəcədə yararlanmağa çalışacaq. Bu da normaldır. Rəqiblər bir-birilərinə qarşı hər zaman belə üsullardan istifadə ediblər. İmperialist qüvvələr daim rəqiblərinin zəif tərəflərini axtarır və imkan düşdüyü ilk anda zərbə endirirlər. Bütün bunlar Azərbaycan baxımından müsbət və ya mənfidirmi sualına gəlincə, nə qədər ki, Rusiya, Amerika və Fransa söz sahibi olacaq, bu, ölkəmizin mənfisinə işləyəcək. Son Qarabağ savaşında bunu gördük, Rusiya, Amerika və Fransanın demək olar ki, mövqeləri üst-üstə düşürdü. Sadəcə olaraq, bu iki qüvvə arasındakı münasibətlərdən rəsmi Bakı yararlanmağa çalışmalıdır. Hansı tərəf Azərbaycana yönəlik uyğun siyasət yürüdəcəksə, o dövlətlə uyğun siyasət qurmalıyıq. Təbii ki, burada Azərbaycan Türkiyə ilə yanaşı addımlamalıdır. Öz maraqlarımızın tam şəkildə həyata keçməsini istəyiriksə, Türkiyəni yanımıza almalıyıq. Artıq dünyada da belədir. Paşinyan son çıxşında söylədi ki, mənə dünyadan dedilər ki, Türkiyənin müttəfiqi Azərbaycanla sülh müqaviləsi imzala, ondan ərazi bütövlüyü ilə bağlı məsələdən əl çək. Bir sözlə, Azərbaycana bütün dünya tərəfindən Türkiyənin müttəfiqi gözü ilə baxılır. Bu da ölkəmizə danışıqlarda əlavə avantajlar qazandırır”.

Şuşa Bəyannaməsi

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva Rusiyanın reallıqları qəbul etməkdən başqa yolunun qalmadığını düşünür: “Ümumiyyətlə, ABŞ bu dəfə fərqli ritorika yürüdür. Cənubi Qafqazda sülh tərəfdarı olduğunu hər vəchlə göstərməyə çalışır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Üstəlik, ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistanla bağlı hissəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının pozulması faktları öz əksini tapıb. Rusiya ilə münasibətlərin pozulmasına gəldikdə isə bir qrup separatçılara görə, Azərbaycan və Türkiyə ilə münasibətlərin gərginləşməsi Kreml üçün ağılsızlıq olar və proseslər əleyhinə işləyə bilər. Rusiya da reallıqları qəbul etmək məcburiyyətindədir. Moskva Minsk Qrupundakı nümayəndəsini Ermənistan və Azərbaycan arasında əlaqələr üzrə təyin etsə də, proseslər Brüssellə davam edəcək. Moskvanın fəaliyyəti pozuculuq xarakterli olduğu üçün Bakı və İrəvan Moskva ilə məsafəli davranacaq. Məhz parlamentdə Rusiyanın Qarabağla bağlı təklif etdiyi siyasəti Paşinyan qəbul etməyəcəyi anonsunu verdi. Bundan sonra Rusiya və Ermənistan arasında münasibətlər gərginlik müstəvisinə keçir. Moskvanın təzyiqləri fiaskoya uğrayır. Bu məqamı nəzərə alaraq hesab edirəm ki, Ankara-İrəvan təması güclənə və yaxın gələcəkdə əlaqələrin inkişafı Ermənistanın Türkiyənin orbitinə keçməsini sürətləndirə bilər. Təmasların hansı cəbhədə güclənməsindən asılı olmayaraq isə Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək. Regionda yeni geosiyasi reallıqlar Azərbaycanın maraqlarına uyğun icra olunacaq”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR